Səfir: “Pakistanın Azərbaycana, Hindistanın isə Ermənistana dəstəyinin səbəbləri aydındır”

Pakistanın Azərbaycan Respublikasındakı səfiri Bilal Haye oxu.az-a müsahibə verib.

Səfirlə müsahibəni təqdim edirik:

– Cənab səfir, bizimlə müsahibə vaxt ayırdığınız üçün təşəkkür edirik. İlk sualı belə qoyaq: Azərbaycan-Pakistan əlaqələri Vətən müharibəsindən sonra daha da yüksək səviyyəyə qalxdığı tendensiyaları göz önündədir. Siz iki ölkə arasındakı münasibətlərin cari xarakterini necə dəyərləndirirsiniz?

– Pakistan həmişə Azərbaycana dost, qardaş ölkə kimi baxıb və dəstək göstərib. Azərbaycan 44 günlük Vətən müharibəsi ilə Ermənistan üzərində qələbə qazandı, bu qələbə münasibətilə bir daha sizi, xalqınızı, dövlətinizi təbrik edirəm. Bu, təkcə Azərbaycanın deyil, həm də Azərbaycanın dostlarının, müsəlman dünyasının, o cümlədən Pakistanın qələbəsi idi. Azərbaycan İkinci Qarabağ müharibəsində əldə etdiyi nəticə ilə müsəlman ölkələrinin işğalda olan ərazilərinin düşmən tapdağından azad edilməsi nümunəsini ortaya qoydu.

Azərbaycan və Pakistanın münasibətləri dərin tarixi köklərə əsaslanır. Biz Azərbaycanın müstəqilliyini ilk tanıyan və burada ilk səfirlik açan ölkələrdənik. Siz İçərişəhərdə tarixi Multanı karvansarayını görə bilərsiniz, bu, Pakistanın qədimi Multan şəhərinin adı ilə bağlıdır. Ötən ilin noyabr ayında Azərbaycan və Pakistan prezidentləri Türkmənistanın paytaxtı Aşqabadda görüşdülər, Azərbaycanın xarici işlər naziri 2021-ci ildə iki dəfə Pakistana səfər edib. Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramovun bu ilin martında Pakistana yeni səfəri də gözlənilir. Pakistan Azərbaycanla yüksək əlaqələrdən, çox məmnundur. Biz bu il Azərbaycan-Pakistan diplomatik əlaqələrinin qurulmasının 30 illiyini qeydə edəcəyik, bu, çox vacib hadisədir.

– İkinci Qarabağ müharibəsinin nəticələri Cənubi Qafqazda yeni geosiyasi reallıq yaratdı. Bu reallıq çərçivəsində ilk dəfə olaraq Azərbaycan-Türkiyə-Pakistan xüsusi təyinatlı qüvvələrinin birgə hərbi təlimi keçirildi. Bu hərbi təlimlər Azərbaycan-Türkiyə-Pakistan hərbi ittifaqının yaranmasına gətirib çıxara bilərmi?

– Azərbaycanla Pakistanın hərbi sahədə yaxşı əməkdaşlığı mövcuddur. Ötən il Pakistanın yüksək rütbəli və yüksək vəzifəli hərbçiləri Azərbaycana səfər ediblər – Baş Qərargah rəisi və Hava Qüvvələri komandanı Azərbaycana gəlmişdilər. Azərbaycanın bir çox hərbi qulluqçusu Pakistanda hərbi təlimlərdə iştirak ediblər. 2021-ci ildə siz dediyiniz kimi, bu hərbi əməkdaşlıq üç ölkənin – Pakistan, Azərbaycan və Türkiyənin – xüsusi təyinatlı qüvvələrinin birgə təlimini gerçəkləşdirdi. Mən istəməzdim ki, bu təlimləri hər hansı ölkəyə qarşı hərbi alyans kimi xarakterizə edim. Hər üç ölkənin güclü əlaqələri var. Sadəcə olaraq üç ölkənin birgə təlimi üçtərəfli əməkdaşlıq formatının bir mexanizmidir ki, bu da əlaqələri daha sıx edir. Pakistan-Azərbaycan-Türkiyə əməkdaşlığı regional sülh və təhlükəsizliyə töhfə verir.

– Qeyd edirsiniz ki, bu təlimlər hər hansı ölkəyə qarşı yönəlməyib. Amma hansısa ölkələr bu hərbi əməkdaşlıqdan narahatdırlar.

– Biz başa düşməliyik ki, üçtərəfli təlimlər üçtərəfli əməkdaşlıq mexanizmini gücləndirmək məqsədi daşıyır və bir daha bildirirəm ki, heç bir ölkəyə qarşı deyil. Bu təcrübədən çıxış edərək deyə bilərik ki, birgə hərbi təlimlər regional təhlükəsizlik üçün imkanlar təqdim edir. Hansısa ölkə Azərbaycan-Türkiyə-Pakistan ortaq təlimlərindən narahat olmamalıdır.

– Pakistan xalqı azərbaycanlı xeyriyyəçi Hacı Zeynalabdin Tağıyevə dərin məhəbbət bəsləyir. Məlumatlara görə, bunun səbəbi Tağıyevin vəbaya qarşı Pakistana vaksin göndərməsidir. Siz bu haqda ətraflı məlumatlara maliksinizmi?

– Bəli, Hacı Zeynalabdin Tağıyev vaksin göndərmişdi. O zamanlar Hindistanın subkontinental ərazisində vəba xəstəliyi yayılır. İndi həmin ərazi Pakistana məxsusdur. Orada çoxlu müsəlman yaşayırdı. Tağıyev həmin insanları ölümdən qurtarmaq üçün vaksin göndərir. Bu, tarixi hadisə idi və bizim dostluq, qardaşlıq əlaqələrinin əsasını qoyan güclü zəminin yaradılması idi. İndi Pakistanda Tağıyevə dərin məhəbbət, sevgi var. Pakistan bu dəstəyi heç zaman unutmayacaq, biz də öz növbəmizdə Vətən müharibəsindən sonra Azərbaycana humanitar yardım göndərmişik.

– Siz Tağıyevin İçərişəhərdəki abidəsini ziyarət etmisinizmi?

– Bəli. Bu yaxınlarda cənab Prezident İlham Əliyev Tağıyevin abidəsinin açılışında iştirak etdi. Biz də bu münasibətlə Azərbaycan xalqını təbrik etdik. Tağıyevin heykəlinin qoyulması Azərbaycan dövləti və hökumətinin yaxşı qərarlarından biridir. Azərbaycan xalqı Tağıyevi daha yaxşı tanımalıdır, onun fəaliyyətini qiymətləndirməlidir.

– Pakistan Kəşmir münaqişəsindən əziyyət çəkir. Bu konfliktin həlli üçün siyasi üfüqdə bir ümid görünürmü?

– Kəşmir məsələsi beynəlxalq konfliktdir. Niyə biz bunu beynəlxalq münaqişə kimi xarakterizə edirik? Çünki münaqişənin üç tərəfi var – Pakistan, Hindistan və Cammu Kəşmir xalqı. 1948-ci ildən bu yana bu münaqişə BMT-nin gündəliyindədir. BMT Təhlükəsizlik Şurası münaqişənin həllini tapması ilə bağı 11 qətnamə qəbul edib. Bu qətnamələrlə Cammu Kəşmir xalqına öz gələcəyini müəyyən etmək üçün hüquq verilir. BMT qətnamələrinə əsasən, Cammu Kəşmir xalqı referendum yolu ilə öz taleyini müəyyən edə bilər. Pakistan və Hindistan da bu qətnamələrlə razılıq verib, ancaq təəssüflər olsun ki, Hindistan Cammu Kəşmirdə referendumun keçirilməsinin əleyhinə çıxır.

Çünki onlar bilir ki, Kəşmir xalqı referendumla Pakistanı dəstəkləyən nəticə ortaya qoyacaqlar. Cammu Kəşmirin əksəriyyəti müsəlmandır və aydındır ki, onlar Pakistanı dəstəkləyir. Hindistan bu qətiyyəti, o insanların azadlığını yatırtmaq üçün hərbi qüvvələrini səfərbər edir. Biz Kəşmirdə insan hüquqlarının Hindistan tərəfindən sistemli şəkildə pozulmasına şahidlik edirik.

Hindistan 96 mindən çox kəşmirlini qətlə yetirib, Hindistan minlərlə kəşmirliyə qarşı zorakılıq aktları həyata keçirir, minlərlə kəşmirlini diskriminasiyaya məruz qoyur. Hindistan Kəşmir xalqının azadlıq əzmini sındırmaq istəyir. Hindistan Kəşmirdə 900 minlik ordu yerləşdirib. Bu addım isə Kəşmiri hərbiləşdirir və zorakılıqlar üçün bu əraziyə cəlb edilib. Beynəlxalq cəmiyyət də təkid edir ki, Hindistan insan hüquqlarına hörmət etməlidir. Biz Kəşmir məsələsində Azərbaycanda da dəstək görürük, buna görə Azərbaycan dövlətinə təşəkkür edirik.

– Pakistan hərb variantına müraciət edəcəkmi, yoxsa münaqişənin hələ də diplomatik yolla həllinə inam bəsləyir?

– Kəşmiri hərbi yolla azad etmək mümkündürmü? Bu suallar bizə çox ünvanlanır. Nəzərə almaq lazımdır ki, Hindistanla Pakistan arasındakı münaqişənin hərbi yolla nizamlanması praktiki həll sayılmır. Çünki Pakistan və Hindistan böyük dövlətlərdir və əhalisi çoxdur. Hər iki ölkənin nüvə silahları var, hər hansı hərb variantı isə nüvə silahlarının tətbiqi ehtimalını gücləndirir. Nüvə silahlarına müraciət edilməsinin nəticələri isə faciəvi olar. Səmimi deyim ki, biz hərb variantını nəzərdən keçirmirik. Hindistan beynəlxalq öhdəliklərinə əməl etməlidir.

– Kəşmirdə yaşayan hindistanlıların mövqeyi necədir?

– Onlar da öz azadlıqları uğrunda mübarizə aparırlar. Amma onlar da Hindistanın təzyiqlərinin, zor tətbiqinin qurbanıdırlar. Onlar sadəcə BMT qətnamələrinin icrasını tələb edirlər. Hindistanın paytaxtı Dehlidə Hindistanın müstəqillik günü qeyd olunarkən, Kəşmirdəki hindistanlılar bunu “qara gün” kimi dəyərləndirir. Hindistan Kəşmirdəki əhalinin internetə çıxışını bağlayır, onların məlumat almasının qarşısını alır, beynəlxalq müşahidəçilərin əraziyə girişinə imkan vermir.

– Əfqanıstanda Taliban hakimiyyəti ələ keçirib. Pakistanın öz qonşuluğunda baş verən hadisələrə dair təhlükəsizlik yanaşması necədir?

– Əfqanıstan Pakistanın qonşusudur. Əfqanıstanda baş verən hər hansı dramatik dəyişikliklər həmişə Pakistana təsir edib. Əfqanıstan SSRİ ilə müharibə edəndə 100 mindən çox əfqan Pakistana sığınıb. Daha sonra isə ABŞ bu ölkəyə müdaxilə etdi. Bu günün özündə Pakistanda 4 milyon əfqan qaçqın var. Pakistanın mövqeyi belədir ki, Əfqanıstanda sülh və təhlükəsizlik bərqərar olması çox vacibdir. Biz öz dostlarımıza – ABŞ-a və digərlərinə – deyirik ki, əfqan xalqı həmişə xarici müdaxiləyə qarşı mübarizə aparıb. Biz indi Əfqanıstanda böyük humanitar böhranın yaşandığına şahidlik edirik. Aclıq, təhsilsizlik, işsizliklə bağlı rəqəmlər çox böyükdür. Biz tərəfdaşlarımızı təşviq edirik ki, Talibanla danışıqlarda humanitar böhranın aradan qaldırılması məsələsini qaldırsınlar.

– Pakistan Ermənistanı dövlət kimi tanımır. Fərz edək ki, Azərbaycanla Ermənistan arasında münasibətlər normallaşdı – bundan sonra Pakistan hansı mövqe sərgiləyəcək?

– Bu, çox vacib sualdır. Pakistan yeganə ölkədir ki, Ermənistanı dövlət kimi tanımır. Biz niyə bu mövqeni seçmişdik? Çünki bilirdik ki, Ermənistan Azərbaycan ərazilərini işğal edib. Biz artıq Türkiyə ilə Ermənistan arasındakı əlaqələrin normallaşması istiqamətində müsbət tendensiyaları müşahidə edirik. Biz bunu yaxından izləyirik. Ümid edirik ki, bir gün Azərbaycanla Ermənistanın da yaxşı əlaqələri olacaq. Əgər münasibətlər normallaşacaqsa, Pakistan da buna uyğun mövqe nümayiş etdirəcək.

– Hindistan da Ermənistana dəstək verən ölkələrdəndir. Bu, Pakistanın Azərbaycana dəstəyinə verilən qısqanc reaksiyadır?

– Hindistan müxtəlif sahələrdə Ermənistana dəstək verib. Səmimi demək lazımdır ki, Hindistanın Ermənistana dəstək verməsinin bir səbəbi Pakistan-Azərbaycan isti münasibətlərinə görədir. Pakistanın Azərbaycana, Hindistanın isə Ermənistana dəstəyinin səbəbləri aydındır. Biz həmişə Azərbaycanın yanında olacağıq.

– Pakistan-Azərbaycan iqtisadi əlaqələrinin gücləndirilməsi üçün yeni danışıqlar gözlənilirmi?

– Pakistanlı investorların Azərbaycandakı sərmayəsinin həcmi kiçikdir. Yaxın zamanlarda Azərbaycanın nümayəndə heyətinin Pakistana səfəri gözlənilir. Eyni zamanda pakistanlı nümayəndələr Azərbaycana gələcəklər. Artır proses başlayıb, ya fevral ayında, ya da martda bu, reallaşacaq.

Aqşin Kərimov

Hamısını Göstər

Related Articles

Back to top button