Şəhid ailələri, veteranlar və məcburi köçkünlərə pulsuz hüquqi yardım verilə bilər

Şəhid ailələrinin üzvləri, veteranlar, qaçqın və məcburi köçkünlər üçün pulsuz hüquqi yardım imkanlarının qanunvericilikdə ayrıca təsbit edilməsi təklif olunur.
Polise.az xəbər verir ki, bu məsələ Milli Məclisin Ailə, qadın və uşaq məsələləri komitəsinin bu günki iclasında müzakirəyə çıxarılıb. Sənəddə “Şəhid adının əbədiləşdirilməsi və şəhid ailələrinə edilən güzəştlər haqqında”, “Veteranlar haqqında” və “Qaçqınların və məcburi köçkünlərin (ölkə daxilində köçürülmüş şəxslərin) statusu haqqında” qanunlara da dəyişiklik edilməsi təklif olunur.
Layihənin məqsədi hüquqi yardım almaq imkanları məhdud olan sosial qrupların dövlət tərəfindən göstərilən hüquqi xidmətlərə çıxışını asanlaşdırmaqdır.
Qanun layihəsi çərçivəsində pulsuz hüquqi yardımın ilkin və peşəkar hüquqi yardım formasında göstərilməsi nəzərdə tutulur. İlkin yardım hüquqi məsələlərlə bağlı məlumatlandırmanı, ərizə, şikayət və digər sənədlərin hazırlanmasına köməyi əhatə edir. Peşəkar hüquqi yardım isə məhkəmələrdə və digər dövlət orqanlarında müdafiə və təmsilçiliyi nəzərdə tutur.
Layihə Milli Məclisdə birinci oxunuşda müzakirəyə çıxarılıb.



