Şəhid anası polisə dəstək verdi : “Yaxşısı da var, pisi də var”
Polislərə həsr edilən “Yaşa Azərbaycan” adlı mahnı sosial şəbəkələrdə və mediada geniş yayılıb. Cəmiyyətdə ziyalılar, xalq artistləri, fəal gənclər ifaçılara dəstək olublar. Həmçinin videonu sosial şəbəkələrdə tənqid edənlər də olub.
Gənc ifaçılara dəstək olan şəxslərdən biri də iki övladı vətən uğrunda şəhid olan Zeynəb Bayramovadır.
Şəhid anası məlum video haqda danışıb:
“Videonu şəhid oğlumun övladı, nəvəm Zeynəb mənə göstərdi. Baxanda çox kövrəldim. Gənclərin belə addım atması, şəhid polisləri yad etməsi çox kövrəltdi məni. Gözəl ifa edirdilər. Çox ölkədə bu təşəbbüsdən istifadə edirlər. Bu videonu çox bəyəndim”-deyə, şəhid anası bildirib.
Zeynəb Bayramova gəncləri tənqid edənlərə də səslənib:
“Ancaq onların bu ifasını təhqir edənləri də gördüm. Ayıb olsun onlara. Şəhidlər üçün oxuyanlara toxunmayın. Oxumaqda nə qəbahət var. “Yaşa Azərbaycan” mahnısı milli mahnıdır. Onu tək polislər üçün deyil, ətraf sakinlər üçün də ifa ediblər. Hər yerdə pis də var yaxşı da var. Polisin də həmçinin. Onlar asayişin keşiyində dayanırlar, əhalini təhlükələrdən qoruyurlar. Mən iki şəhid anasıyam. Mən qadınlarımıza, qızlarımıza qarşı kobudluq edənləri tənqid edirəm. Aprel döyüşlərində şəhid verdiyim Vaqifim üç körpə qoyub gedib.
Burada bütün polislər ən əzizləri kimi onların üstündə əsirlər. Mənim yaxşı insanlara hörmət qoyan polislərə rəğbətim var. Onlar burada bütün şəhid ailələrinə hörmətlə yanaşırlar”.
Şəhid anası deyib ki, polislərə dəstək olmaq lazımdır: “Onu da bilin ki, polis olmasa ölkədə xaos yaranar. Hər bir insanın problemi olan kimi ilk növbədə polisə müraciət edir. Azərbaycanın və Şəhid Azərbaycan Polislərinin şərəfinə oxunan mahnı ağıllı adamların hər birinin ürəyincədir. Bu mahnını bəhanə edib camaatı qarşı-qarşıya qoymaq olmaz. Əksinə, bu video hamını birləşdirməlidir. Şəhidlərimizin ruhlarının xoş olması üçün, Gəlin bir olaq, yumruq olaq! Yenə də Yaşa Yaşa Azərbaycan deyək”.