Səhiyyə Nazirliyində yarım milyondan artıq pul mənimsəmiş vəzifəli şəxs ifadə verdi – MƏHKƏMƏ

Külli miqdarda mənimsəmədə və başqa cinayətlərdə təqsirləndirilən Səhiyyə Nazirliyinin İnformatika və Statistika İdarəsinin sabiq rəisi Mehdi Əmrahovun cinayət işi üzrə məhkəmə prosesi keçirilib.

Polise.az xəbər verir ki, Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Nemət Məmmədovun sədrlik etdiyi prosesdə təqsirləndirilən şəxs ifadə verib.

Mehdi Əmrahov bildirib ki, irəli sürülən ittihamlar üzrə özünü yanlız 314-cü maddə üzrə təqsirli hesab edir:

“2023-cü ilin mart ayında bina təmirə bağlandı. Əməkdaşlarımız da onlayın iş rejiminə keçdi. Binada təmir getdiyi üçün əməkdaşların işə gəlməsi xoşagəlməz hadisə ilə nəticələnə bilərdi. Onlayn iş rejiminə keçidlə bağlı rəhbərliyin razılığı var idi”.

Prosesdə daha sonra təqsirləndirilən şəxs prokurorun suallarını cavablandırıb.

Təqsirləndirilən şəxs bildirib ki, təmir müddətində 54 işçi onlayın işləyib: “Səhhiyə nazirinin binanın bağlanması ilə bağlı əmri yox idi. Mən bu məsələni rəhbərlik qarşısında qaldırdım. Dedim ki, əgər kimsə xəsarət alsa, problem olacaq. Kurator cavab verdi ki, gərək nazirin icazəsi olsun. Nazirə məruzə edildi. İşin gedişatına mane olmamaq şərtilə onlayn rejimə icazə verildi.

İttihamda yazıblar ki, kimdənsə pul alıb kiməsə pul vermişəm. Axı mən belə şeylər etməmişəm. Mən özümü niyə qismən təqsirli bilirəm? Çünki işə kifayət qədər nəzarət edə bilməmişəm”.

Dövlət ittihamçısı onunla əlaqəsi olmayıbsa, istintaq zamanı 160 min manat ziyanı niyə ödədiyini soruşub. Mehdi Əmrahov cavab verib ki, ona istintaq zamanı ziyanı ödəmədiyi təqdirdə həbs oluncağı deyilib. Bunun üçün də 30 min manat ödəyib.

Təqsirləndirilən şəxsin sözlərinə görə, 2025-ci ildə nazirlik onun fəaliyyəti ilə bağlı komissiya yaradıb və iki ay ərzində yoxlama aparılıb. Lakin yoxlama nəticəsiz qalıb: “Bizim fəaliyyətimizdə nöqsan aşkarlanmadı. Komissiyanın yaradılması barədə mənə məlumatı nazirlikdən Rüfət Hacıbəyov bildirdi”.

Daha sonra şahid qismində dindirilən Yeganə Eyvazova kadrlar şöbəsində işlədiyini deyib: “2023-cü ildə işçilər onlayn şəkildə işləyirdilər. Mən Əhmədovun əmri ilə işçilərə tam iş günü yazmışam. Mənə deyilənə görə, binada təmir aparıldığı üçün iş onlayn rejimə keçirilib. Mehdi Əmrahov işçilərin kartlarını mənə vermişdi. Pulları çıxarıb gətirib Əmrahova verirdim.

Mən təkbaşına yaşayıram. Öhdəmdə övladım var. İşimi itirməməkdən ötəri onun dediklərini edirdim. Verilən tapşırıqları yerinə yetirirdim”.

Növbəti məhkəmə prosesi sentyabrın 21-nə təyin edilib.

Qeyd edək ki, təqsirləndirilən Səhiyyə Nazirliyinin İnformatika və Statistika İdarəsinin sabiq rəisi Mehdi Əmrahov barəsində Baş prokuror yanında Korrupsiyaya Qarşı Mübarizə İdarəsində cinayət işi açılıb.

İttihama görə, Mehdi Əmrahov 12 nəfər işçinin əmək haqqını mənimsəyib, vəzifə saxtakarlığı edib.

Təqsirləndirilən şəxs nazirliyin 783 min manatdan çox vəsaitini mənimsəməkdə ittiham olunur.

Səhiyyə Nazirliyi təqsirləndirilən şəxsə 670 min manat dəyərində mülki iddia qaldırılıb.

Mehdi Əmrahova qarşı Cinayət Məcəlləsinin 179.4-cü (mənimsəmə və ya israf etmə, xüsusilə külli miqdarda ziyan vurmaqla törədildikdə), 308.2-ci (ağır nəticələrə səbəb olmaqla vəzifə səlahiyyətlərindən sui-istifadə etmə) və 313-cü (vəzifə saxtakarlığı) maddələri ilə ittiham irəli sürülüb.

Mehdi Əmrahov istintaqın gedişində ziyanın bir qismini ödəyib.

İstintaq dövründə yaşı və səhhəti nəzərə alınmaqla onun barəsində polis nəzarəti altına vermə qətimkan tədbiri seçilib.

 

 

Polise.az

Hamısını Göstər

Related Articles

Bir cavab yazın

Back to top button