Səməd Seyidov: Sinirlioğlunun İrəvan səfəri və Paşinyanın qırmızı kepkada sərhədə gəlişi təsadüf deyildi – MÜSAHİBƏ

Milli Məclisin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin sədri, deputat Səməd Seyidov Teleqraf-ın suallarını cavablandırıb.
Onunla müsahibəni təqdim edirik:
– Səməd müəllim, ATƏT-in baş katibi, türkiyəli diplomat Firudin Sinirlioğlu İrəvanda Baş nazir Nikol Paşinyan və xarici işlər naziri Ararat Mirzoyanla görüşüb. Bakının Minsk qrupundan imtinanı tələb etdiyi ərəfədə bu səfərdən gözləntilər nədən ibarətdir?
– Bu gün bir çox beynəlxalq təşkilatlar çətin vəziyyətdədir, onların daxilində kriz yaşanır. Avropa Şurasında, Avropa Parlamentində yaşanan proseslər heç də ATƏT üçün istisna deyil. Bu gün ATƏT daxilində də problemlər həddindən artıq çoxdur. Amma o birbaşa Avropa təşkilatı olmadığı halda ATƏT Cənubi Qafqazda mövcuddur. Bu təşkilat regiondakı ölkələr tərəfindən qəbul edilir. Sadəcə, onun içərisində olan qurumlar artıq missiyasını yerinə yetirmədiyinə görə, gündəmdən çıxarılmalıdır. Söhbət ATƏT-in Minsk qrupundan gedir. Bu qrup özünü doğrultmadı, illər boyu onun necə və nə cür işlədiyini isə Azərbaycan cəmiyyətində hər kəs bilir. Ona görə də ATƏT təmsilçiləri və birbaşa rəhbər şəxslərin regiona səfərləri heç də birmənalı qarşılanmır. Onlar anlamalıdırlar ki, bu bölgədə arzuolunmazlar siyahısına düşməmək üçün region ölkələri ilə normal əməkdaşlıq və burada yaranmış reallıqla barışmaq lazımdır. Bu xüsusda Minsk qrupunun ləğvi əsas məsələlərdən biri kimi qəbul olunmalıdır. Baş katibin İrəvana səfərində də bu mövzu ətrafında söhbətlərin aparılması ehtimal edilir. Ümumilikdə isə bu səfəri heç də Minsk qrupunun saxlanılmasına edilən cəhdlər kimi qiymətləndirmək doğru olmaz. Əksinə təşkilat rəhbərinin regiona səfəri məhz onun bu bölgədə bir qurum kimi mövqeyini qoruyub saxlamanılmasına hesablanıb.
– Azərbaycanla ATƏT arasındakı münasibətlərin perspektivini nədə görürsünüz?
– Bütün beynəlxalq təşkilatlarla, o cümlədən də ATƏT ilə münasibətlərdə ikitərəfli yanaşmalar tələb olunur. Azərbaycanın yaratmış olduğu reallığı, onun həyata keçirdiyi siyasət qəbul ediləcəksə, bu normal şəkildə mənimsəniləcəksə, onlarla əməkdaşlığın olması mümkündür. Bunun əksinə olaraq yeni reallığa qarşı olan yanaşmalar fonunda hansısa əməkdaşlıqdan söhbət gedə bilməz.
– Nikol Paşinyan Ermənistanın yeni konstitusiyanın mətnində artıq müstəqillik bəyannaməsinə istinad olmamalıdır deyib. Bu nə deməkdir?
– Bu, Azərbaycan reallıqlarının addım-addım qəbul edilməsidir. Regionda artıq yeni reallığı qəbul etməyə məhkumdurlar. Söhbət heç də Ermənistanın yanaşmalarından getmir. Bu bölgədə formalaşmış situasiyanın təsirindən baş verir. Fakt odur ki, dəyişiklik olmasa, Ermənistan Azərbaycanla münasibətlərini normal şəkildə qura bilməyəcək. Bundan nə qədər imtina etməyə çalışsa da, yekunda Azərbaycanın təklif etdiyi şərtləri qəbul edəcəklər. Minsk qrupunun ləğvi Ermənistan konstitusiyasının dəyişdirilməsi, Azərbaycanın yaratdığı reallığın nəticəsidir. Separatizm, terrorizm, başqa ölkələrə qarşı ərazi iddialarına son qoymaq siyasəti digər prosesləri üstələyir.
– Ermənistan bu prosesi sona kimi apara biləcəkmi?
– Əsas məqam da məhz budur. İrəvan sona kimi gedə bilsə və onu getməyə qoysalar, bu mümkün olacaq. Ermənistan daxilində olan revanşistlər prosesləri pozmaqla məşğuldurlar. Kənardan isə Fransa kimi ölkələr yeni müharibə ocağı yaratmaq niyyətindədir.
– Ermənistanın baş nazirininin qırmızı kepkada Azərbaycan-Ermənistan sərhədinin delimitasiya edilmiş hissəsinə gəlişi nədən xəbər verir? O iki ölkə sərhəddində divar önündə dayanıb, real Ermənistan deməklə hansı mesajı verməyə çalışıb?
– Ermənistanın gələcəyi, mövcudluğu Azərbaycanın apardığı siyasətin qəbul olunması ilə bağlıdır. Ona görə də Paşinyanın sərhədə gəlişi də rəmzi xarakter daşıyır. O delimitasiya edilmiş sərhəddən üzünü Ermənistana çevirib, “bu reallığı qəbul edin” sözlərini deyir. Əvvəllər isə belə deyildi. Üzlərini Azərbaycana çevirib “yeni müharibə, yeni ərazilər” haqqında absurd iddialar səsləndirirdilər. İndi isə şərait dəyişib və heç bir halda Azərbaycan torpaqlarından söhbət gedə bilməz. Bu mənada Ermənistanın baş naziri Azərbaycanın yaratdığı reallıqları müdafiə etmək məcburiyyətindədir. Bu reallıqlar Azərbaycanla yanaşı, Ermənistan üçün əsas məsələlərdən biridir.