Şəmsəddin Əliyev Xankəndidə keçirilən QHT Əməkdaşlıq Forumundan təəssüratlarını bölüşdü

“Konstitusiya və Süverenlik ili”nə həsr olunmuş QHT-lərə Dövlət Dəstəyi Agentliyinin təşkilatçılığı və dəvəti ilə 18-20 oktyabr tarixlərində Xankəndidə — Konqres Mərkəzində Əməkdaşlıq Forumu keçirilib. Tədbirdə Konstitusiya Araşdırmaları Fondunun eksperti Şəmsəddin Əliyev də iştirak edib.

O, Moderator.az-a açıqlamasında bildirib ki, forum həm mövzu aktuallığı, həm də təşkilati səviyyəsi baxımından yüksək qiymətləndirilməlidir:

“Zəfərin əzəmət və hikmətini özündə təcəssüm etdirən, hər addımında qəhrəman igidlərimizin hünərini hiss etdiyimiz Xankəndidə belə bir tədbirin keçirilməsi mənəvi baxımdan çox qürurverici idi. Payızın bu gözəl və cazibədar təbiəti fonunda keçirilən forumda səsləndirilən təklif və müzakirələr diqqətəlayiq oldu.”

Forumda QHT-lərə Dövlət Dəstəyi Agentliyinin icraçı direktoru Ayğün Əliyeva, Xankəndi, Ağdərə və Xocalı rayonlarında Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndəsi Elçin Yusifov, Prezident Administrasiyasının QHT-lərlə iş və Kommunikasiya şöbəsinin sektor müdiri Tural Əliyev, Milli Məclisin sədr müavini, akademik Rəfael Hüseynov, Bakı Təşəbbüs Qrupunun rəhbəri Abbas Abbasov, Milli QHT Forumunun İH üzvü Zaur İbrahimli, Konstitusiya Araşdırmaları Fondunun prezidenti Əliməmməd Nuriyev və digər ictimai xadimlər çıxış ediblər.

Şəmsəddin Əliyev vurğulayıb ki, forumda səsləndirilən fikirlər və təqdim edilən təşəbbüslər Konstitusiya və Süverenlik ilinin mahiyyətinə dərin məna qatıb:

“Bu tədbir xalqın suverenliyinin canlı təzahürü idi. QHT Agentliyinin vətəndaş cəmiyyətinin inkişafında oynadığı rol və görülən işlər xüsusi rəğbətlə qarşılandı. Forumun yekununda Prezident İlham Əliyevə ünvanlanan müraciət də alqışlarla qəbul olundu.”

Tədbirin sonunda təşkil edilən bədii proqramda incəsənət ustalarının çıxışları iştirakçılara bayram ovqatı bəxş edib.

“Xankəndidə keçirilən bu möhtəşəm forum həm vətəndaş cəmiyyətinin birliyini, həm də dövlətin gücünü bir daha nümayiş etdirdi. Təşkilatçılara və əməyi keçən hər kəsə təşəkkür edirəm,” – deyə Şəmsəddin Əliyev qeyd edib.

Polise.az

Hamısını Göstər

Related Articles

Bir cavab yazın

Sizin Üçün Seçilmiş
Close
Back to top button