Şəmsəddin Əliyev:“Qolbaq taxan şəxslər onlara tətbiq edilən yüngül cəzalardan nəticə çıxartmırlar”-
Zaman-zaman mətbuatda barələrində azadlığın məhdudlaşdırılması cəza növü seçilmiş (qolbaq taxan) şəxslər tərəfindən müxtəlif cinayətlər törədildiyi haqqında məlumatlar oxuyuruq. Nəyə görə bu şəxslər onlara verilən şanslardan – azadlıqda olmaq imkanından lazımi qaydada istifadə etmirlər? Ümumiyyətlə, qolbaq taxmış şəxslərin yenidən cinayət törətməmələri üçün hansı addımlar atıla bilər?
“Polisə Dəstək” İctimai Birliyinin sədri, təqaüddə olan polis polkovniki Şəmsəddin Əliyev Herbiand.az-a bildirib ki, son zamanlar cəmiyyətdə qolbaqla gəzən vətəndaşlar var və bunlar o qədər də ağır cinayət törədən insanlar deyil:
“Ədliyyə Nazirliyinin Probasiya xidməti bunların davranışlarına, cəmiyyətdəki hərəkətlərinə nəzarəti həyata keçirir. Amma bu insanların sırasında hüquqpozmalara rəvac verənlər olur. Görünür, həmin şəxslər onlara tətbiq edilən yüngül cəzalardan nəticə çıxartmırlar. Amma çox təəssüf ki, bunların sırasında müəyyən mənada ictimai təhlükəli əməllərin törədilməsinə meyl edənlər var. Deməli, onların maarifləndirilməsi və normal həyata qayıdışla bağlı kifayət qədər daha çox iş görmək, profilaktik xarakterli tədbirlər həyata keçirmək lazımdır. İnsan sosial varlıqdır və hüquqpozmalar baş verirsə bu, sosial hadisədir. Yəni, cinayətlərin hər biri sosial hadisədir. Cinayətləri, hüquq pozmaları doğuran səbəb və şərait sosial məsələlərdir. Təbii ki, onların törətdiyi ictimai təhlükəli əməlin dərəcəsinə görə tətbiq edilən hər hansı bir cəza təhdidi yalnız sosial ədalətin bərpası məqsədilə tətbiq edilir. Bu baxımdan düşünürəm ki, onların cəmiyyətə kifayət qədər islah olunması üçün, doğmaları tərəfindən, işlədiyi yerlərdə, oxuduğu təhsil müəssisələrində kollektiv belə şəxsləri islah etmək qabiliyyətində deyil. Bir az da klassik hüquqşünasların, sosioloqların, kriminoloqların və psixiatrların deyiminə istinad etsəm, ictimai həmrəylik cəmiyyətdə olmayanda və yaxud az olanda həmin cəmiyyətlərdə bir az qanunların tələblərinə riayət etmək və hətta polisin qanuni tələblərinə tabe olmamaq, hüquq pozmalara meyl artır”.
“Polisə Dəstək” İctimai Birliyinin sədrinin sözlərinə görə, bütövlükdə cəmiyyətdə hər kəs hər kəsdən asılı olur. Bu, zamanın və cəmiyyətin görünməyən spesifik cəhətlərindən biridir:
“Deyək ki, bir fərd digər fərdə möhtacdır, ona ehtiyacı var. Ona görə cəmiyyət kompleks şəkildə bu hadisələrin qarşısının alınmasında müvafiq orqanlara dəstək olmalıdır. Həm də düşünürəm ki, hər hansı bir hüquqpozmalara meyl edən fərdlər – söhbət qəsdən törədilən cinayətlərdən gedir – bilməlidirlər ki, onların əməlinin ağırlığına və yüngüllüyünə görə cəza təhdidi var. Heç kim məsuliyyətdən yayına bilməyəcək. Qanundan xəbəri var, yoxdu, bilir-bilmir, savadı var və ya yoxdu, bunların heç biri onun məsuliyyətinin yüngülləşməsinə təsir etməyəcək. Yəni, ictimai təhlükəli əməli törədən adam bilməlidir ki, mütləq mənada bunun cəzası da var. Əgər bunların məsuliyyətə cəlb olunması faktı bir az yüngülləşərsə və yaxud unudularsa, biz bir növ belə insanlara cəzasızlıq mühiti yaratmış oluruq. Amma düşünürəm ki, bütün hallarda hər bir Azərbaycan vətəndaşı qanun qarşısında bərabərdir. Hüququn və qanunun aliliyi burada önə çəkilir. Həm də ictimai qaydanı və təhlükəsizliyi təmin etmək, vətəndaşların şəxsi əmlak toxunulmazlığını, onların şəxsiyyətinin toxunulmazlığını, habelə digər ictimai münasibətlərə zidd halların qarşısını almaq üçün biz maarifləndirmə xarakterli tədbirlərin geniş mənada, onun eskalasiyasını böyütməklə ardıcıl iş görməliyik. Burada vətəndaş cəmiyyətinin kütləvi informasiya vasitələrində çox böyük rolu var. Qeyri-hökumət təşkilatları bu sahədə çox böyük iş aparır. Mən düşünürəm ki, mətbuat da hər bir şeyə kifayət qədər obyektiv yanaşmalıdır. İctimai həmrəylik nümayiş etdirsək müəyyən mənda belə halların qarşısını ala bilərik”.