Sənədsiz evlərə “kupçalar”ın veriləcəyi vaxt bəlli oldu
Azərbaycanda sənədsiz yaşayış evlərinin inventarlaşdırılması həyata keçirilir. Bu, Nazirlər Kabinetinin 2020-ci ildə fəaliyyəti haqqında hesabatında əksini tapıb.
Mövzunu konkret.az-a şərh edən iqtisadçı ekspert Natiq Cəfərli deyir ki, Azərbaycanda sənədsiz evlərlə bağlı problem uzun illərdir öz həllini tapmır: “Müxtəlif rəqəmlər mövcuddur. Deyilənə görə Azərbaycanda təqribən 500 min sənədsiz ev mövcuddur. Bu sənədsiz evlərin rəsmiləşdirilməsi kifayət qədər ciddi bir problemdir. Bu da on minlərlə insanın mülkiyyət hüququnun tanınması məsələsində məhdudiyyətlər yaradır. Əslində beynəlxalq qanunlarda belə bir məsələ var ki, əgər vətəndaş yaşadığı mənzildə kommunal xidmətlərin ödəyicisidirsə və bu dövlət tərəfindən tanınırsa, o zaman mülkiyyət hüququ da yaranır. Mənzillərin və özəl evlərin böyük əksəriyyətinin sənədsiz olmasına baxmayaraq, onlarda kommunal xidmətlərdən istifadəyə görə haqq ödənilir. Bu artıq onların mülkiyyət hüququnun yaranması deməkdir. Ona görə də, məsələnin həlli çox vacibdir”.