Sən həmişə mənimləsən… – Şəhid baş leytenanta ELEGİYA

Sən həmişə mənimləsən…Bu, nə nakam sevgi etirafıdır, nə də yazıçı İlyas Əfəndiyevin məşhur pyesinin adı. Bu bir şəhid atasının-filologiya elmləri doktoru, prof. Kamran Kazımovun 44 günlük Vətən müharibəsində, Şuşa uğrunda gedən döyüşlərdə qəhrəmanlıqla həlak olan yeganə oğlu Vüsalla bağlı etdiyi gündəlik paylaşımların dəyişməyən başlığıdır.Yazını oxumamışdan, foto-şəkillərə  baxmamış belə  qəlbin göynəyir, için sızıldayır başlığın ötürdüyü yanğılı həsrətdən, dəhşətli ağrıdan. Və bu ağrı o qədər keçicidir ki, nəinki həssas, hətta daş ürəkləri belə acıda bilir…

…Yaşasaydı 34 yaşı tamam olcaqdı. Olmadı, fələk qoymadı. Alnına şəhid ölümü yazılıbmış. Ölüm tarixi ilə doğum tarixi bir-birinə çox yaxındır şəhid Vüsal Kazımovun. 29 noyabr anım, 17 dekabr doğum günüdür. 34 yaşını  şəhidlik zirvəsində, Şuşa dağlarında balalarından nigaran  pərişan ruhu ilə  qeyd edir şəhid baş leytenantımız.

2024-cü ilin dekabr ayında , ölümündən 4 il sonra şəhid atası ilə Lənkəran Dövlət Universitetinin şəhid məzunu ilə bağlı söhbətimiz elə payız havasının özü kimi həzin, kövrək notdadır. Bilirəm ki, Vüsalın doğum günü yaxınlaşdıqca onunla bağlı kövrək xatirələr də bir daha ata ürəyini sızladır, ağrıdır. Belə yerdə təsəlli üçün söz də tapmaq çətindir. Nə deyəsən, bu yaraya necə məlhəm olasan? Ən ağrılısı da  budur ki,  aradan 4 illik zaman fasiləsi keçsə də Kamran müəllim hələ də inana bilmir, öyrəşə bilmir oğlunun  yoxluğuna.  Qəfil möcüzəyə ümid edir,  ümid edir ki, bir axşam toranında qapı qəfildən döyüləcək, Vüsal həmişəki şux ovqatı, səs küyü ilə içəri keçəcək,  gəlib süfrədəki yerini tutacaq, bütün ailənin  gözünü yollardan  birdəfəlik yığacaq. “Mən heç, cavan həyat yoldaşını, iki balasını, gözlərinin yaşı qurumayan anasını tək qoymaz, qoya bilməz, Vüsal belə oğul deyil” deyir….

…Heç bilirsiniz şəhid atası ilə həmsöhbət olmaq, şəhid övladı ilə bağlı nəsə soruşmaq necə çətindir? Bu çətinliyi bildiyimdən həmişə kənar mövzulardan başlayıram. Nəvələrinin məktəb, bağça qayğıları, istəkləri ilə bağlı soruşuram. Bilirəm ki, bütün cavablar  sonda gəlib Vüsala çıxacaq. “Nurayın məktəbə getdiyini görmədi, Aynur yeni doğulmuşdu, onu heç doyunca qucağına ala bilmədi. Bilmədim, iyi burnunda qaldı, ya yox.  İş, təhsil, gündəlik qayğılar başımı elə qatdı ki, heç özüm də Vüsalımdan doya bilmədim. O mənim təkcə övladım deyildi, dostum idi, həmdəmim idi, sirdaşım idi, arxa-dayağım idi. İndi o yoxdur, elə bilirəm kürəyimdə dağ ağırlığı var, ürəyimdən daş asılıb. İllər keçdikçə bu ağrı azalmır, bu yaram köz tutmur”. Belə deyir şəhid atası. Mənsə heç nə demirəm, deyə bilmirəm, xəyalımdan şair Məmməd İsmayılın misraları keçir:
Açılan çiçəklər barında ölər,

Hörümçək hördüyü torunda ölər,

Alışan kösövlər qorunda ölər,

Ölsə, bal arısı balında ölər

Pərvanə işığın yolunda ölər, –

Oğul şəhid olar vətən yolunda…

Xatırladım ki, Azərbaycan Respublikasının ərazi bütövlüyünün bərpa edilməsi uğrunda gedən döyüşlərdə iştirak edərək igidlik və mərdlik göstərmiş, hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirərək şəhid olmuş Vüsal Kamran oğlu Kazımov Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Sərəncamlarına əsasən ölümündən sonra 3-cü dərəcəli “Vətənə xidmətə görə” ordeni, “Vətən uğrunda”, “Xocavəndin azad olunmasına görə”, “Füzulinin azad olunmasına görə”, “İgidliyə görə” medalları ilə təltif edilib. Doğulduğu kənddə atasının təşəbbüsü və maddi yardımı ilə Şəhidlər xatirə parkı yaradılıb, çoxlu çiçəklər, ağaclar əkilib, oturacaqlar qoyulub. Şəhid valideynlərinin təsəlli yeridir bu park.

Vüsal Kazımov Vətən müharibəsinə yollananda yeni doğulan Aynur indi 4, böyük qızı Nuray  9 yaşındadır… Qeyd edim ki, Vüsalın həyat yoldaşı Aysel Kazımova Lənkəran Dövlət Universitetinin “Xarici dillər” kafedrasının müəllimidir. Aysel xanım Vüsalın şəhadətindən sonra magistraturaya daxil oldu, fərqlənmə diplomu ilə bitirdi. Bu il isə LDU-nun doktoranturasına daxil olub. “Məqsədim ruhən də olsa Vüsalı uğurlarımla sevindirməkdir, dözümümlə ovundurmaqdır” deyir. Özü isə ovuna bilmir. Sosial şəbəkələrin birindəki bir paylaşımını heç cür unuda bilmirəm: “Getmisən, qayıtmaq yadından çıxıb” yazmışdı…İş yoldaşı olduğumuzdan hərdən söhbətləşirik Aysel xanımla. O gün zarafatla “Nə qədər taksilərə pul verəcəksən, maşının var, pravan var, niyə sürmürsən” dedim. Gözləri doldu. “Bir-iki dəfə sürdüm. Kamran müəllim (qaynatası) yanımda oturmuşdu, nəzarət edirdi. O qədər həyəcanlanırdı ki, mən özümü itirirdim. Bilirdim, iki qızıma görə qorxu hissi keçirir. Qorxur ki, birdən mənə nəsə olsa, uşaqların halı necə olar?”  Üzünü çevirdi ki, gözlərinin dolduğunu görməyim. Ümumiyyətlə, universitetimizdə, rayonda keçirilən bütün tədbirlərdə Aysel xanım özünü çox təmkinli aparır,  göz yaşlarını içinə axıdır ki, ağladığnı kimsə sezməsin.

Lənkəran Dövlət Universitetinin şəhid məzunu, baş leytenant Vüsal Kazımovun doğum gününə təbrik yox, elegiya yazmalı oldum. “Ölüm var ki, həyat qədər dəyərli”, “Torpaq uğrunda ölən varsa, Vətəndir!” amalı ilə:
Övlada ananın bətni vətəndi,

Duyduğu laylanın mətni vətəndi…

Əgər o vətənin düşməni varsa,

Bir mənin yerinə beş məni varsa

Oğul şəhid olar vətən yolunda…
Şəhidlik uca zirvədir, ölümlərin ən şərəflisidir…Amma   həm də doğmalarını ömürlərinin sonunacan  daima için –için sızladan əbədi ayrılıqdır…      /Esmira İsmayılova, Filologiya üzrə fəlsəfə doktoru/

 

Polise.az

Hamısını Göstər

Related Articles

Bir cavab yazın

Sizin Üçün Seçilmiş
Close
Back to top button