“Sən kimsən? İstefa ver” – Məlahət Abbasovadan Mehriban Ələkbərzadəyə

Uzun illərdir Türkiyədə fəaliyyət göstərən tanınmış azərbaycanlı aktrisa Məlahət Abbasova Akademik Milli Dram Teatrının bədii rəhbəri Mehriban Ələkbərzadəni şəhid ailələrindən üzr istəməyə və istefa verməyə çağırıb.
Ölkə.Az xəbər verir ki, buna səbəb isə Əməkdar artist Məsmə Aslanqızının bədii rəhbər haqqında sosail şəbəkələrdə etdiyi paylaşım olub.
“Azdrama” rəhbərinin şəhid ailələrini təhqir etməsi ilə bağlı iddialardan sonra M.Abbasova baş verənləri teatr adına “qara ləkə “ adlandırıb.
“Canım Məsmə, atan şəhid Aslan Ağaverdiyev başda olmaqla 20 Yanvarda vəhşicə öldürülən 143 şəhidimiz başda olmaqla, vətənimizin torpaqları üçün canlarını fəda edən, doğma bibim oğlu və yaxınlarımın da şəhid olduğu bütün Qarabağ şəhidlərinə Allahdan rəhmət, qazilərimizə şəfa diləyirəm. Vətəndə olmasaq da, hər zaman bizə verilən imkanlardan istifadə edərək başda cenab Prezidentimiz olmaqla, dövlətimizin, diasporamızın dəstəyi ilə Azərbaycanın xaricdə yaşayan lobbiləri, Azərbaycan mədəniyyətinin təbliğatı üçün çalışan sənət adamı olaraq “Azdrama”nın bədii rəhbəri Mehriban Ələkbərzadənin şəhidlərimizin ruhunu belə tərbiyəsizcə təhqir etməsi qəbuledilməzdir. Layiq olmadığı vəzifəsindən istefa edərək milli teatrımızda, bundan əvvəl çalışdığı Yuğ, Gənc Tamaşaçılar Teatrlarında sənət dostlarıma repressiya dönəmini yaşadan, kimlərinsə adından istifadə edərək hədə-qorxu gələn, söyən, qışqıran (illər əvvəl onun kişi söyüşlərinə cavab verən kişi aktyorumuzu təhdid etdirmişdi) birinin milli teatrımızın rəhbərliyində olması teatr adına qara ləkə, utandırıcı vəziyyətdir.
30 ilini, canını teatra qoyan, kiçik bir dəstəyin üçün yanına gələn sənət adamına qışqırmaq, təhqir etmək, telefonunu alıb “səsimi yazmağa gəlmisən?“ deyib yerə çırpmaq bir teatr rəhbərinə yaraşarmı?
Üstəlik, şəhidlərimizə dil uzadırsan. Kimsən sən? 20 Yanvar şəhidlərinə dil uzatmaq sənin həddin deyil! Teatrımız dövlətindir. Sənət insanları sənin kölən deyil. Uşaqlıq travmalarının günahkarı onlar deyil. İnanıb səni o vəzifəyə gətirənləri pis vəziyyətdə qoymağa haqqın yoxdur. Başda Ali Baş Komandanımız olmaqla, 20 Yanvar, Qarabağ şəhid ailələrindən qazilərimizdən, dövlətimizdən, xalqımızdan, otağında təhqir etdiyin Məsmə Aslanqızından üzr istə”.
Qeyd edək ki, tanınmış aktrisa, Əməkdar artist, 20 Yanvar şəhidi Aslan Ağaverdiyevin qızı Məsmə Aslanqızı “Azdrama”nın bədii rəhbəri Mehriban Ələkbərzadə ilə görüşüb. Aktrisa bu barədə sosial şəbəkələrdə yazaraq M.Ələkbərzadənin şəhidləri təhqir etdiyini bildirib.
M.Aslanqızı M.Ələkbərzadənin “Az, 20 Yanvar var? Qurtardı 20 Yanvar söhbəti! 20 Yanvar şəhidləri dəbdə deyil!” kimi sözlər işlətdiyini iddia edib.
“Azdrama” rəhbəri isə M.Aslanqızının dediklərini təkzib edib və aktrisanın ondan ev tələb etdiyini söyləyib.
Xatırladaq ki, M.Abbasova Türkiyədə “Bin bir gece” serialında əsas obrazlardan biri olan azərbaycanlı Mehriban Vahabzadə rolu ilə populyarlıq qazanıb. O, hazırda Türkiyədə “Esaret” adlı seriala çəkilir.