Sərkisyan “qayıtdı” və həyasızcasına saxtakarlıq etdi
Ermənistanın 3-cü prezidenti Sej Sərkisyan uzun müddətdən sonra geniş müsahibə verib.
Erməni mediasının böyük həvəslə tirajladığı müsahibədə Sərkisyanın özündən qəhrəman yaratmaq üçün hər şeyə baş vurduğu, hətta həyasızcasına faktları təhrif etdiyini ilk baxışdaca görmək mümkündür.
Ondan başlayaq ki, Sərkisyan Aprel savaşı ilə bağlı danışarkən, utanıb-qızarmadan bu savaşın “Azərbaycanın xahişi ilə Rusiyanın müdaxiləsi ilə dayandırıldığını” bildirir.
Sərkisyan yəqin güman edir ki, İkinci Qarabağ savaşında ağır hərbi və psixoloji zərbə alaraq, darmadağın olan erməni ictimaiyyətinin yaddaşı da məhv olub və ona görə də üstündən heç 5 ilə qədər vaxt keçməyən Aprel savaşını unudub. Halbuki erməni mediası Aprel savaşı haqda hətta 10 noyabr 2020-ci il kapitulyasiyasından sonra onlarla yazı və fakt dərc edib. Politoloqlar, o cümlədən ikinci prezident Robert Köçəryan da Paşinyanı ittiham edirdi ki, o, müharibənin ilk günlərindən savaşı dayandırmaq üçün Rusiyaya müraciət edə, Sərkisyanın Aprel savaşında atdığı addımı təkrarlaya bilərdi.
Aprel savaşında ermənilərin onillərdir qurduğu “Ohanyan səddi”nin 45 dəqiqə ərzində darmadağın edildiyi və Azərbaycanın ilk parlaq qələbəsini qazanaraq, Lələtəpəni işğaldan qurtardığı hamının xatirindədir. Sərkisyan özü belə həmin ərəfədə “düşmənin qələbəsi o qədər də əhəmiyyətli deyil” deyə, bu qələbəni kiçiltməyə çalışsa da, faktiki olaraq məğlubiyyətini etiraf etmişdi.
Aprel savaşında Ermənistan ordusunun ilk həmlədəcə zəlil olması isə uzunmüddətli istintaqın başlamasına yol açmışdı – hansı ki, o istintaq Paşinyanın vaxtında davam etdirilirdi.
Dördgünlük savaşın dayandırılmasının səbəbi, əlbəttə ki, Rusiyanın müdaxiləsi və ən əsası, ZƏMANƏTİ idi. Rusiya savaşın dayandırılması qarşılığında Ermənistan Prezidenti Serkisyanın 5+2 rayonun mərhələli şəkildə boşaldılacağı barədə öhdəlik götürdüyünü Azərbaycan tərəfinə bildirmək və prosesə zəmanət verməklə, faktiki olaraq məsuliyyətin altına girdi.
Bunun ardınca isə danışıqlar start götürdü və Rusiyanın Ermənistana təzyiqi də bu zaman başladı. Hətta iş o yerə çatdı ki, ermənipərəst Sergey Lavrov İrəvandakı iki ardıcıl bəyanatında da 5 rayonun Azərbaycana təhvil verilməli olduğunu dilə gətirdi. Şərti olaraq “Lavrov planı” adlandırılan prosesin meydana çıxmasının səbəbi də bu idi.
Sərkisyan hakimiyyətin ötürülməsi və istefası barədə də yalan danışır. Bildirir ki, guya istefaya gedəcəyi halda Karen Karapetyandan (2018-ci ildə Baş nazirin birinci müavini) hakimiyyəti əlinə almağa hazır olub-olmadığını soruşub, “hə” cavabı alandan sonra isə onu həmin vaxt təcridxanada olan Paşinyanın yanına göndərib və istefa verəcəyi, hakimiyyətin ötürüləcəyi haqda Nikolu məlumatlandırmasını istəyib. Guya K.Karapetyan Paşinyanla görüşdə Sərkisyanın istefaya hazır olduğunu müzakirə edib, ancaq hakimiyyəti özünün (Karapetyanın) əlinə alacağı haqda danışmayıb.
Doğrudur, 2018-ci il proseslərini xatırlayanlar bilir ki, Sərkisyan hakimiyyəti Karapetyana ötürməyə cəhd etdi, ancaq Karapetyan Rusiyanın dəstəyini ala bilmədi və yaxud Kremlin Qarabağ təzyiqini neytrallaşdırmağı bacarmadı. Karapetyandan da Sərkisyanın öhdəliyinə əməl edilməsi tələb edilirdi.
Buna görə də 2008-ci ildə ermənilərin qətliamı ilə hakimiyyətə yiyələnən Sərkisyan eyni təzyiqin yüzdə birini də 2018-də göstərmədi və “könüllü olaraq” vəzifədən uzaqlaşdı. Çünki vəzifəni ötürdüyü Nikol Paşinyan Kremlin adamı deyildi və o, Qərbin dəstəyi ilə Qarabağ danışıqlarını pozacağına, 2016-cı ilin aprelində Sərkisyanın götürdüyü öhdəlikdən yayınacağına və Azərbaycan torpaqlarının əhəmiyyətli hissəsini işğalda saxlamağa davam edəcəyinə inanırdı.
Danışıqlar ona görə dalana dirənmişdi ki, Sərkisyan öhdəliyini icra etmək istəmirdi. Bu öhdəlikdən yayınmağa çalışan Ermənistanın yeni baş naziri Nikol Paşinyan isə müharibə ritorikasından başqa əlac görmədi: “Yeni müharibə və yeni ərazilər”, “Qarabağ Ermənistandır” şüarları bu cür yarandı.
Nəticə ortadadır – Azərbaycan öz ərazisinin böyük hissəsini hərb yolu ilə işğaldan azad etdi, Sərkisyan-Köçəryan cütlüyünün ordusunu darmadağın etdi, Paşinyanı diz çökdürdü və kapitulyasiyaya məcbur etdi. İndi isə sərhədlər müəyyənləşir, Azərbaycanın rus sülhməramlılarının hələlik məsuliyyəıt zonasında qalan hissəsinə nəzarəti bərpa etmək üçün danışıqlar mərhələsi gedir.
O ki qaldı S.Sərkisyanın Lukaşenko ilə “gizli danışığı”nın yayılmasına, nədənsə bu danışığı da Sərkisyanın ofisi İkinci Qarabağ savaşından dərhal sonra mediaya ötürdü – ancaq fərqli təqdimatda.
Sərkisyan böyük müsahibəsində bu məsələyə də “aydınlıq” gətirir və guya bu müzakirənin 2016-cı ildə, Aprel savaşından sonra, “payızda” olduğunu və heç bir öhdəlik götürmədiyini sübut etməyə çalışır.
Halbuki Azərbaycanın Ermənistan ordusunun işğalda saxladığı ərazilərdən çıxması xərcini öz üzərinə götürməsi barədə Lukaşenkonun səsləndirdiyi təklif – 5 milyard dolların verilməsi – 2014-cü ilə aiddir. Həmin ərəfədə vasitəçilər Ermənistanın bu köçürmə prosesinin yükünü Azərbaycanın çəkə biləcəyini, hətta həmin dövrdə Ermənistanın bütün xarici borclarını bağlamağa hazır olduğunu elan etmişdilər.
Azərbaycanın Ermənistana torpaqları işğaldan azad etməsi üçün 5 milyard təklif etməsi barədə məlumat da ilk dəfə 2014-cü ilin avqust ayında ortaya çıxıb, həm də Rusiya mediasında. Məlumatda qeyd edilir ki, danışıqlar Cenevrədə gedir, Azərbaycan 5 milyard təklif edir, Sərkisyanın adamları isə 10 milyard istəyir.
Yəni bu danışıqlar və montaj olunan audio-yazının mahiyyətində Sərkisyanın alverçi mahiyyəti, acgözlüyü dayanır, torpaqları pul qarşılığında vermək istəməməsi yox…