“Şəxsi görüş təklifi ilə Zelenski Putindən təşəbbüsü ələ alıb” – “The Guardian”

“Rusiya ya mayın 12-dən etibarən qeyd-şərtsiz atəşkəsə razılaşır, ya da Avropa və ABŞ-ın yeni sanksiyaları ilə üzləşəcək…”
Putin Avropanın atəşkəs tələblərini rədd edib, lakin eyni zamanda Tramp administrasiyası üçün konstruktiv mövqe görüntüsü yaratmağa çalışıb.
Moderator.az xəbər verir ki, bu barədə “The Guardian” nəşri yazıb.
Nəşr qeyd edir ki, Ukrayna prezidenti Vladimir Zelenski diplomatik bir gediş edərək Rusiya prezidenti Vladimir Putinə bu cümə axşamı İstanbulda sülh danışıqları üçün şəxsən görüşməyi təklif edib. Nəşr yazır ki, Zelenski bununla təşəbbüsü Putindən alıb və indi ona təzyiq göstərir.
Nəşrin xatırlatmasına görə, 30 günlük atəşkəs tələbi şənbə günü Britaniya, Fransa, Almaniya və Polşa liderlərinin Kiyevə səfəri zamanı irəli sürülüb. Britaniya baş naziri Kir Starmer bəyan edib ki, əgər Putin bu təklifi rədd etsə, Rusiyaya qarşı sanksiyalar sərtləşdiriləcək və Ukraynaya hərbi yardım artırılacaq ki, Moskva danışıqlar masasına qayıtmağa məcbur edilsin.
Buna cavab olaraq Putin Ukraynanı əvvəlki atəşkəs razılaşmalarını pozmaqda ittiham edib, lakin “buna baxmayaraq” iki tərəfin danışıqlar üçün görüşə biləcəyini, görüşün bu cümə axşamı İstanbulda baş tuta biləcəyini söyləyib.
“The Guardian” qeyd edir ki, Putinin təklifi açıq-aşkar Avropanın tələblərini rədd etmək, eyni zamanda Moskvanın mövqeyini Tramp administrasiyasının gözündə konstruktiv kimi göstərmək üçün diqqətlə hesablanıb.
Qeyd olunur ki, bu administrasiya hələ yaxın keçmişdə Moskvaya Kiyevdən daha yumşaq yanaşıb. Putin xüsusilə ABŞ-ın yeni administrasiyasına münaqişənin nizamlanması istiqamətindəki səylərinə görə təşəkkür edib.
“Trampın reaksiyası göstərir ki, bu taktika bəlkə də uğur qazanıb və Qərbin birliyinə ciddi zərbə vurub. Lakin onun “Truth Social” şəbəkəsində paylaşdığı post həm də son günlər Moskvaya qarşı sərt tələblərdən dolayı özəl söhbətlərdə ifadə etdiyi narazılığa işarə edir”.
Eyni zamanda, Putinə İstanbulda birbaşa görüş təklif edərək Zelenski təşəbbüsü ələ alıb və indi nadir hallarda spontan səfərlər edən Rusiya diktatoruna təzyiq göstərir.
Atəşkəs danışıqları
Xəbər verildiyi kimi, mayın 10-da Zelenski Avropa liderləri ilə birgə Putinə ultimatum verib: ya Rusiya bazar ertəsindən etibarən hərtərəfli və qeyd-şərtsiz atəşkəslə razılaşır, ya da Avropa və ABŞ-ın yeni sanksiyaları ilə üzləşəcək.
Bundan sonra Rusiya diktatoru bəyanat verərək atəşkəsə razı olub-olmadığına birbaşa cavab verməkdən yayınsa da, Ukrayna ilə Türkiyədə birbaşa sülh danışıqlarına başlamağı təklif edib.
Donald Tramp isə bu məsələyə sosial şəbəkələrdə münasibət bildirərək, Ukraynanın dərhal Rusiyayla Türkiyədə danışıqlara razılaşmalı olduğunu yazıb. Zelenski isə cavabında bildirib ki, cümə axşamı Türkiyəyə gələcək və ümid edir ki, Putin də danışıqlara qatılacaq.