Şəxsin ehtiyatsızlıqdan öldürülməsi faktı ilə bağlı cinayət işi başlanılıb

Yanvarın 12-də Şəki rayonu ərazisində Sətdar Nəbiyevin ölməsi barədə rayon prokurorluğuna məlumat daxil olub.
Bu barədə AZƏRTAC-a Şəki Rayon Prokurorluğundan məlumat verilib.
Araşdırma zamanı 2000-ci il təvəllüdlü Hüseyn İsmayılovun yanvarın 10-da Sətdar Nəbiyevi sifət nahiyəsindən əli ilə vurması nəticəsində sonuncunun yerə yıxılması və almış olduğu xəsarətlərdən 2 gün sonra xəstəxanada ölməsinə əsaslı şübhələr müəyyən edilib.
Faktla bağlı Şəki Rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 124.1-ci (ehtiyatsızlıqdan adam öldürmə) maddəsi ilə cinayət işi başlanılıb, Hüseyn İsmayılov iş üzrə şübhəli şəxs qismində tutulub.
Hadisə ilə bağlı AZƏRTAC-ın sorğusuna Şəki Rayon Mərkəzi Xəstəxanasından da cavab verilib. Bildirilib ki, xəstəxananın Təcili tibbi yardım şöbəsinə 1960-cı il təvəllüdlü (kişi) şəxs hospitalizasiya olunub. Dəqiqləşdirilməmiş kəllədaxili travma diaqnozu təyin edilən şəxs Reanimasiya şöbəsinə yerləşdirilib və zəruri tibbi xidmətlər göstərilib. Vəziyyəti ağır olan pasiyentin aparılan reanimasiya tədbirlərinə baxmayaraq, bu gün saat 12:10 radələrində bioloji ölüm faktı qeydə alınıb.
Qeyd edək ki, faktla bağlı araşdırmalar davam etdirilir.
Polise.az



