Sabir Rüstəmxanlı: “44 günlük savaş bütün türk dünyasının başını ucaltdı” – VİDEO

Xalq şairi Sabir Rüstəmxanlı Azərbaycanla Türkiyə arasında son vaxtlar yaşanan gərginliklərə münasibət bildirib. O, iki qardaş dövlətin münasibətlərinə kölgə salmaq istəyən qüvvələrin fəaliyyətindən narahatlığını ifadə edərək, belə cəhdlərin bütövlükdə türk dünyasının birliyinə qarşı yönəldiyini vurğulayıb.

Polise.az xəbər verir ki, xalq şairi bu barədə BakuPost TV-də yayımlanan “Sabir Rüstəmxanlı söhbəti” verilişinin 8 Noyabr – Zəfər Gününə həsr olunmuş növbəti buraxılışında danışıb.
Sabir Rüstəmxanlı təəssüflə qeyd edib ki, Qarabağ Zəfərindən sonra Azərbaycanla Türkiyə arasındakı qardaşlıq münasibətlərinə xələl gətirmək istəyən qüvvələr fəallaşıb:
“Türk düşmənləri həm Türkiyədə, həm Azərbaycanda ağlasığmaz həqarətlərlə, bir-birini küsdürmək, bu iki dövləti bir-birindən uzaqlaşdırmaq üçün müxtəlif oyunlardan çıxdılar. Adam heyrət edir ki, dünən bizim qardaşlığımıza, dostluğumuza sevinənlərin bəzilərinin üzü birdən-birə necə dəyişdi?”
Xalq şairi bildirib ki, müxtəlif siyasi dairələrin və din adı altında siyasətlə məşğul olan qüvvələrin cəhdlərinə baxmayaraq, Azərbaycanla Türkiyəni bir-birindən ayırmaq mümkün deyil.
“Türkiyədə, Azərbaycanda nə qədər siyasətbazlar, din adından siyasət aparanlar olsa da, bu ölkələrin arasında soyuqluq yaratmaq istəsələr də, ətlə dırnağın arasına girmək olmaz. Bunlar gəlib-gedəcəklər, sıradan çıxacaqlar. Çünki bir millətin arasına 200 il ayrılıq salıblar. İran türklərinin arasında nə dəyişilib? Millət yenə öz birliyini qoruyur”.
Sabir Rüstəmxanlının fikrincə, türk dünyasının güclənməsi və Türk Dövlətləri Təşkilatının getdikcə daha təsirli quruma çevrilməsi bəzi dövlətləri narahat edir. Buna görə də türk dövlətləri arasında münasibətlərə xələl gətirmək cəhdlərinin davam edə biləcəyini istisna etmir.
“Türk dünyasının güclənməsi dünyada bir çox dövlətləri narahat edir. Ona görə bizim bu böyük qurumun elə belə asanca inkişaf edib gedəcəyini düşünmək sadəlövhlük olar. Bu gün Türkiyə ilə Azərbaycan arasına soyuqluq salmaq istəyənlər sabah bunu Özbəkistanla Azərbaycanın, Qazaxıstanla Azərbaycanın arasında sala bilərlər”.
Xalq şairi belə vəziyyətlərdə həm Azərbaycanda, həm də Türkiyədə dövlətinin və millətinin gələcəyini düşünən insanların məsuliyyətli mövqe tutmasının vacibliyini vurğulayıb.
“İnsanlar heç vaxt razı olmamalıdırlar və imkan verməməlidirlər ki, mətbuatda söz oyunbazları, siyasətdə siyasət dəllalları Azərbaycanla Türkiyənin arasına girsinlər, bizim qardaşlığımıza kölgə salmağa çalışsınlar”.
“Qarabağ Zəfəri bütün türk dünyasının başını ucaltdı”
Sabir Rüstəmxanlı verilişdə 8 Noyabr – Zəfər Gününün tarixi əhəmiyyətindən də geniş danışıb.
O bildirib ki, 44 günlük Vətən müharibəsində qazanılan qələbə Azərbaycan xalqının milli birliyinin, iradəsinin və mübarizə əzminin təntənəsidir.
“Bu, millətin namus savaşıdır. Ona görə də müstəqil Azərbaycan dözdü, səbir elədi, silahlandı və sonra da öz sözünü dedi”.
Xalq şairi xatırladıb ki, Birinci Qarabağ müharibəsindən sonra uzun illər davam edən danışıqlar heç bir nəticə verməyib. ATƏT-in Minsk qrupunun fəaliyyətini tənqid edən Sabir Rüstəmxanlı bildirib ki, beynəlxalq vasitəçilər münaqişənin həllinə nail olmaq əvəzinə, Azərbaycanı nəticəsiz danışıqlarla vaxt itirməyə məcbur ediblər.
O, vaxtilə yazdığı “Savaş bitməyib hələ” poemasını yada salaraq, Azərbaycanın öz torpaqlarını azad edəcəyinə inamını heç vaxt itirmədiyini vurğulayıb.
Sabir Rüstəmxanlı Xocalıya qayıdışdan da danışıb. Şair bildirib ki, vaxtilə Xocalı faciəsindən sonra bu şəhərə həsr etdiyi şeirlərdə qayıdışa inamını ifadə edib. İndi isə Xocalıda uşaqların səsini eşitmək, şəhərdə həyatın yenidən canlandığını görmək onun üçün xüsusi məna daşıyır.
“Şuşada qaldırılan bayraq bütün türk dünyasının başını ucaltdı”
Xalq şairi Qarabağda və Şuşada aparılan genişmiqyaslı bərpa-quruculuq işlərini də yüksək qiymətləndirib.
Onun sözlərinə görə, işğal dövründə dağıdılmış yaşayış məntəqələrinin yenidən qurulması, insanların doğma yurdlarına qayıtması Azərbaycanın hərbi qələbəsinin davamıdır.
Sabir Rüstəmxanlı Şuşanın yenidən Azərbaycanın və türk dünyasının mühüm mədəniyyət mərkəzinə çevrildiyini vurğulayıb. Şəhərdə keçirilən Xarıbülbül festivalını, Vaqif Poeziya Günlərini və digər tədbirləri bunun bariz nümunəsi adlandırıb.
O, 2021-ci ildə imzalanmış Şuşa Bəyannaməsinin əhəmiyyətinə də toxunaraq, sənədi Azərbaycanla Türkiyə arasındakı müttəfiqliyin tarixi ifadəsi kimi dəyərləndirib.
“Şuşada qaldırılan bayraq və Qarabağ savaşındakı qələbəmiz bizim bütün türk dünyasının başını ucaltdı”.
Xalq şairi Vətən müharibəsi dövründə Türkiyənin, eləcə də Pakistanın Azərbaycana göstərdiyi mənəvi və diplomatik dəstəyi minnətdarlıqla xatırladıb.
O bildirib ki, Qarabağ Zəfəri təkcə Azərbaycanın deyil, bütün türk dünyasının özünəinamını gücləndirib və türk dövlətlərinin yaxınlaşmasına yeni təkan verib.
Sabir Rüstəmxanlı çıxışının sonunda bir daha Azərbaycan–Türkiyə qardaşlığının qorunmasının vacibliyini vurğulayaraq, Zəfər Günü münasibətilə təbriklərini çatdırıb:
“Zəfər bayramımız mübarək olsun! Yaşasın Azərbaycan və Azərbaycan–Türkiyə qardaşlığı!”
Hamısını Göstər

Related Articles

Bir cavab yazın

Sizin Üçün Seçilmiş
Close
Back to top button