Sabir Rüstəmxanlı: Güney Azərbaycan ədəbiyyatının nəşrinə geniş yer veriləcək

Ölkəmizdə Güney Azərbaycan ədəbiyyatının nəşrinə geniş yer veriləcək.

Bu sözləri Teleqraf-a AYB-nin Güney Azərbaycan ədəbiyyatı komissiyasına yeni rəhbər seçilmiş Xalq şairi Sabir Rüstəmxanlı deyib.

O bildirib ki, yeni formalaşan komissiyanın əsas məqsədi Güney Azərbaycan ədəbiyyatının Azərbaycanda daha dolğun və layiqli şəkildə təmsil olunmasına şərait yaratmaqdır:

“Güney Azərbaycan ədəbiyyatı İranda kifayət qədər geniş çap olunmadığı üçün onun Azərbaycanda tanıdılması və daha geniş yayılması xüsusi əhəmiyyət daşıyır. Bu istiqamətdə ardıcıl işlər görüləcək”.

Sabir Rüstəmxanlı komissiyanın əvvəlki sədri Sayman Aruzun vəzifədən uzaqlaşdırılmasına da toxunub: “Sayman Aruz Güney Azərbaycan ədəbiyyatı komissiyasının sədri olmaqla eyni zamanda Güney Azərbaycan ədəbiyyatı üzrə AYB sədrinin müşaviri vəzifəsini də icra edib. Hazırda o, müşavir vəzifəsində qalır.

Güney Azərbaycan ədəbiyyatı komissiyasının sədri vəzifə deyil, ictimai əsaslarla fəaliyyət göstərən bir işdir. Bu komissiya ədəbi dərnək və ya qeyri-hökumət təşkilatı formatında fəaliyyət göstərir və burada görülən işlər təmənnasız ictimai fəaliyyət xarakteri daşıyır”.

Sabir Rüstəmxanlı bu məsələni əlavə şərh etmək istəməyib.

Qeyd edək ki, bir neçə gün öncə Güney Azərbaycan ədəbiyyatı komissiyasının yeni tərkibi formalaşdırılıb. Xalq şairi Sabir Rüstəmxanlı komissiyanın sədri, şair Həmid Herisçi sədrin müavini, Pərvanə Məmmədli isə komissiyanın katibi təyin edilib.

Xatırladaq ki, bir müddət əvvəl bir sıra Güney azərbaycanlı qələm adamlarının Sayman Aruzla bağlı narazılıqları və Xalq yazıçısı Anara ünvanlanan, bu narazılıqları özündə ehtiva edən müraciətləri mediada yayılmışdı.

Polise.az

Hamısını Göstər

Related Articles

Bir cavab yazın

Back to top button