Sabir Rüstəmxanlının 15 cilddə seçilmiş əsərləri təqdim olundu

Xalq şairi Sabir Rüstəmxanlının seçilmiş əsərlərinin 15 cilddə təqdimatı keçirilib.
Teleqraf xəbər verir ki, AMEA prezidenti İsa Həbibbəyli Sabir Rüstəmxanlını Azərbaycan ədəbiyyatının 21-ci əsrdə inkişaf etdirdiyi görkəmli simalarından biri adlandırıb.
“Onun ictimai fəaliyyəti Azərbaycanın dövlət müstəqilliyinin möhkəmlənməsinə xidmət edir. O, gökəmli ədəbiyyat və ictimai xadimdir. Yaradıcılığı Azərbaycan ədəbiyyatının qiymətli səhifələrini təmsil edir”, – İ.Həbibbəyli deyib.
Azərbaycan Yazıçılar Birliyinin (AYB) sədri Anar Rzayevin sözlərinə görə, hər yazıçıya sağlığında 15 cildlik kitab nəşr etdirmək qismət olmur: “Bunun üçün böyük iradə, cəsarət gərəkdir. Kitab Azərbaycan ədəbiyyatı üçün qiymətli hədiyyə olacaq”.
A.Rzayev onu da qeyd edib ki, Sabir Rüstəmxanlı AYB-ni haqsız hücumlardan həmişə müdafiə edib: “Sabir Rüstəmxanlı illərin sınağından çıxan dostumdur”.
Xalq yazıçısı Çingiz Abdullayev çıxışında bildirib ki, yaxşı yazıçı xalqın ədəbiyyatda vəkili olur: “Sabir Rüstəmxanlı da xalqın ədəbiyyatımızda vəkilidir”.
Sabir Rüstəmxanlı çıxış edərək özünün ictimai-siyasi fəaliyyətindən danışıb. O, vurğulayıb ki, bu tədbirə kitab təqdimatı kimi deyil, hesabat kimi baxır.
“Mənim kitablarımın heç birində milli dəyərlərimizə, vətən, xalq yoluna ziyan verən bir cümlə yoxdur. Ömrümün böyük hissəsini Azərbaycan dilinin qorunması üçün mübarizəyə sərf etmişəm və bu, indi də davam edir”,- S.Rüstəmxanlı vurğulayıb.
Qeyd edək ki, kitab təqdimatında bir çox ictimai-siyasi şəxslər iştirak ediblər.




