Sabirabadda narkotik vasitələrin dövriyyəsinə, qanunsuz odlu silah saxlayanlara qarşı əməliyyatlar keçirilib
Sabirabad Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən narkotik vasitələrin dövriyyəsi ilə məşğul olan, eləcə də qanunsuz olaraq odlu silah saxlayan şəxslərə qarşı əməliyyat tədbirləri davam etdirilir.
DİN-in Mətbuat Xidmətinin Şirvan regional qrupundan Polise.az-a verilən məlumata görə, əməliyyat tədbirləri zamanı rayon sakini Nuri Əhədov saxlanılıb.
Onun üzərinə keçirilən baxış zamanı çəkisi 50 qrama yaxın olan marixuana, yaşadığı evdən isə 1 ədəd avtomat, 1 ədəd daraq və 11 ədəd patron aşkarlanaraq götürülüb.
Şöbə əməkdaşları tərəfindən ilin əvvəlindən bugünə qədər olan müddət ərzində eyni istiqamətdə keçirilən əməliyyat tədbiri zamanı isə ümumilikdə 15 nəfər saxlanılıb. Onlardan ümumi çəkisi 5 kiloqrama yaxın olan müxtəlif növ narkotik vasitələr – heroin, metamfetamin və marixuana aşkarlanıb. Həmçinin, müvafiq dövr ərzində rayon ərazisində 6 oğurluq faktını törətməkdə şübhəli bilinən 3 nəfər də müəyyən edilərək istintaqa cəlb olunub.
Bundan əlavə, qanunsuz saxlanılan odlu silahların aşkarlanması və könüllü olaraq təhvil verilməsi istiqamətində aparılan profilaktiki tədbirlər nəticəsində 1-i yivli olmaqla 55 ədəd odlu silah da polis əməkdaşları tərəfindən təhvil götürülüb.
Faktlarla bağlı Sabirabad Rayon Polis Şöbəsində araşdırmalar davam etdirilir.
Polise.az