Sabunçuda işgəncəyə məruz qalan uşaq səhiyyə müəssisəsinə yerləşdirilib – RƏSMİ

Sentyabrın 1-də saat 11:00 radələrində çoxsaylı xəsarətlər səbəbilə 2011-ci il təvəllüdlü şəxs (kişi cinsli) Respublika Pediatriya Mərkəzinin nəzdində olan Ə.F.Qarayev adına Uşaq Klinik Xəstəxanasına hospitalizasiya olunub.
Bu barədə Teleqraf-ın sorğusuna cavab olaraq TƏBİB-dən məlumat verilib.
Bildirilib ki, pasiyentin bədəninin müxtəlif nahiyələrində çoxsaylı xəsarət izləri (çapıq və şırımlar), saçlı dəridən alın-təpə nahiyəsinə qədər saçsız hissə və çapıq toxuması, sol kürək nahiyəsində ödəm, sol əl pəncəsində ödəm müşahidə olunub.
Hazırda tibb müəssisəsinin müvafiq şöbəsində müalicəsi davam etdirilir, vəziyyəti stabildir.
***
18:14
Qəyyumu tərəfindən zorakılığa məruz qaldığı iddia edilən uşaqla bağlı məlumat daxil olduğu ilk andan Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Sosial Xidmətlər Agentliyinin əməkdaşları prosesə cəlb edilib.
Bu barədə Teleqraf-ın sorğusuna cavab olaraq Sosial Xidmətlər Agentliyindən məlumat verilib.
“Uşaq aidiyyəti qurumlarla koordinasiyalı şəkildə səhiyyə müəssisəsinə yerləşdirilib. Müayinə və qiymətləndirilmə prosedurları bitdikdən sonra o, Agentliyin müvafiq müəssisəsinə yerləşdiriləcək”, – məlumatda bildirilib.
Qeyd edək ki, Sabunçuda yetkinlik yaşına çatmayan uşağın xalası tərəfindən zorakılığa məruz qaldığı haqqında xəbərlər yayılıb. Faktla bağlı Sabunçu Rayon Polis İdarəsinin 13-cü Polis bölməsində təhqiqat araşdırması aparılır:
Polise.az



