Şad xəbər: Ölkəyə vaksin gətiriləcək
“Əvvəlki vaxtlara nisbətən ölkədə yoluxma sayı kifayət qədər azalıb. Ancaq bu, bizi arxayın salmamalıdır. Daha yumşaq karantin rejiminə yavaş-yavaş keçilir. Birdən-birə keçid yoluxma sayını anidən artıra bilər”.
Bunu Tibbi Ərazi Bölmələrinin İdarəetmə Birliyinin (TƏBİB) İdarə Heyəti yanında tibbi-elmi komitənin sədri Akif Qurbanov Nazirlər Kabineti yanında Operativ Qərargahın brifinqində çıxışı zamanı deyib.
Onun sözlərinə görə, karantin tədbirləri yumşaldıqca qaydalar daha da sərtləşdirilməlidir: “Payız-qış mövsümü gəldiyindən bütün respirator infeksiyalar aktivləşmiş olacaq. Hər kəs bir şeyi nəzərdə saxlamalıdır ki, qoruyucu tədbirləri lazımi şəkildə icra etmək vacibdir. Hazırda dövlət səviyyəsində qrip əleyhinə vaksinlərin alınmasına hazırlıq gedir. Yaxın 2-3 ay ərzində vaksinlərin ölkəyə gətirilməsi təmin ediləcək”.