Sağlığında dəyərə çevrilən insan: Sabur Rüstəmxanlı 75
Dəyərləşən insanlar. Belələri azdır, hətta barmaqla sayılacaq qədərdir. Sağlığında dəyərə çevrilmək isə tam başqa bir öncüllükdür, məxsusilikdir. Nəzərə alaq ki, həyat çox amansızdır. Bəzən dəyərlərin tarixdə özünə vətəndaşlıq hüququ qazanması illər, hətta əsrlər bahasına başa gəlir. Ancaq söylədiklərimin ona böyük ölçüdə aidiyyatı yoxdur. O, artıq dəyərdir. Söhbət Sabir Rüstəmxanlıdan gedir. Bu gün onun 75 yaşı tamamdır.
Bəli, Sabir müəllim sözün əsl mənasında dəyərdir. Deyirlər, insan insanı yolda tanıyır. Hərçənd yol yoldaşlığınadək də Sabir Rüstəmxanlı obrazı mənim üçün ayrıca bir dünyaydı. Uzaq Monqolustana səfərdə isə o dünyadakı bütövlüyü, qayğıkeşliyi, səmimiliyi və sadəliyi bir daha gördüm. Təsəvvür edin, Sabir müəllim orda mənə tərcüməçilik edirdi. Maraqlı və yaddaqalandır o günlər. İndi də görüşüb söhbətləşəndə zarafatla xatırlayır, keçmişə qayıdırıq.
Sabir Rüstəmxanlı mətbuatın Azərbaycanın ictimai fikrinə qazandırdığı simadır. Onu biz jurnalistlərə bir köynək yaxınlaşdıran məhz bu cəhətdir. Axı o, elə ən böyük jurnalistdir. Təsadüfi deyil ki, əmək fəaliyyətinə “Ədəbiyyat və incəsənət” qəzetindən başlayıb. Bu yerdə “Azərbaycan” qəzetinin təsis edilməsi və nəşrin baş redaktoru kimi taleyüklü bir dövrdə – milli istiqlal davamızın təşəkkül və inkişaf tapdığı mərhələdə fəaliyyət göstərməsini xüsusi vurğulamaq vacibdir. O qəzetin ki, tarixi “Azərbaycan” qəzetinin varisi olaraq meydana atılmışdı. O qəzet ki, dirçəlməsi, milyonlara xitab etməsi ilə milli şüurun və milli özünüdərkin simvoluna çevrilmişdi. Sabir Rüstəmxanlı tarixdə bu misilsiz xidmətinə görə əbədi qalacaqdır.
Poeziyamız, nəsrimiz üçün bənzərsiz və təkrarsız imza olan Sabir Rüstəmxanlının mənəvi dünyası ruhumuzun, iliyimizin məhsuludur. O, bizi bizə tanıdan böyük imzadır, yaradıcılığı ömrümüzün kitabıdır. O kitabdakı ömür anlayışı isə olduqca dərin məzmunludur. O kitabdan xalq olaraq öyrəndiklərimiz, əxz etdiklərimiz çoxdur. Arzu edirəm ki, Sabir Rüstəmxanlı özünün mənəvi zənginlik dünyasını bizimlə bölüşməkdə davam etsin.
Uca Tanrı Sabir müəllimə cansağlığı versin. Versin ki, bizlər bundan sonra da onun ideyalarından, təfəkküründən, ziyalı simasından və məntiqindən süzülüb gələn yeni düşüncə və fikirləri, əsərləri, poetik duyğu və yaşantıları görə bilək. Onun düşüncələrində özümüzü, kimliyimizi, varlığımızı, saflığımızı, ən nəhayət böyüklüyümüzü yaşadaq. Böyüklüyümüzlə ucalaq, zirvələrdə qalaq. Biz xalq olaraq zirvələrdə olduqca Sabir Rüstəmxanlının yaradıcılıq ruhu təntənə edəcəkdir. Allah bu ruhu bizə çox görməsin. 75 illik yubileyin sevinc payı Sabir müəllimi var eləsin, həyatının yeni-yeni əlamətdar təqvimlərinə daşısın!
Təbrik edirəm!
Əflatun Amaşov, Mətbuat Şurasının sədri
PS. “Polisə Dəstək” İB-nin və “polise.az” xəbər saytının kollektivi bu yubiley münasibətilə Xalq Şairi, milli azadlıq hərəkatının nüfuzlu və tanınmış simalarından olan Sabir Rüstəmxanlıya can sağlığı və “İstiqlal” şöhrətli yaradıcılıq nailiyyətləri arzulayır.
Tanrı qorusun!



