Şahin Bağırov: Azərbaycanda 1,6 tondan çox narkotik qanunsuz dövriyyədən çıxarılıb

“Bu ilin 11 ayında Azərbaycanda 1 ton 600 kiloqramdan çox narkotik vasitələrin, psixotrop maddələrin və onların psixoaktiv preparatlarının qanunsuz dövriyyədən çıxarılması təmin olunub”.

Polise.az xəbər verir ki, bunu Dövlət Gömrük Komitəsinin sədri Şahin Bağırov bu gün Bakıda keçirilən “Gömrük-Biznes Forumu 2025: Dialoq və Etimad” tədbirində deyib.

O bildirib ki, Dövlət Gömrük Komitəsinin 2022-2024-cü illər ərzində həyata keçirdiyi fəaliyyət nəticəsində 1 ton 900 kiloqramdan çox, cari ilin 11 ayında isə 1 ton 600 kiloqramdan çox narkotik vasitələrin, psixotrop maddələrin və onların psixoaktiv preparatlarının qanunsuz dövriyyədən çıxarılmasını təmin olunub: “Eyni zamanda cari ildə 451 kiloqram heroin aşkar edilib. Dövlət sərhədinin buraxılış məntəqələrinin keçirmə qabiliyyətinin artırılması məqsədilə texnoloji imkanlar genişlənib, bir sıra buraxılış məntəqələri müasir üslubla inşa edilib”.

“Bununla yanaşı, beynəlxalq ticarət axınlarının genişlənməsi və sərhəd keçmə proseslərinin daha səmərəli idarə olunması məqsədilə yeni buraxılış məntəqələrinin inşası da planlı şəkildə davam etdirilir. Bu təşəbbüslər ölkəmizin tranzit potensialının artırılmasına, regional logistika zəncirində mövqeyimizin daha da möhkəmlənməsinə xidmət edir”, – deyə sədr qeyd edib.

Şahin Bağırov əlavə edib ki, dövlət mülkiyyətinə vurulmuş ziyanın ödənilməsinin təmin edilməsi istiqamətində həyata keçirilən tədbirlər nəticəsində 2024-cü il üzrə 2.3 milyon manat məbləğində, bu ilin 11 ayında 3.9 milyon manatdan çox vəsaitin dövlət büdcəsinə köçürülməsi təmin edilib.

 

 

 

Polise.az

Hamısını Göstər

Related Articles

Bir cavab yazın

Back to top button