Şahlar Əsgərovdan Ramiz Mehdiyevə ŞOK İTTİHAMLAR – Sirləri açdı!

Yeni Azərbaycan Partiyasının 32-ci ildönümündə  “91-lər”in nümayəndəsi Şahlar Əsgərov PA-nın sabiq rəhbərini ittiham etdi 

16 oktyabr 1992-ci ildə 91 nəfərdən ibarət ziyalı qrupu Naxçıvan Ali Məclisinin sədri Heydər Əliyevə müraciət edərək, onu siyasi mübarizədə lider olaraq gördüklərini və ətrafında birləşdiklərini elan etmişdi. 24 oktyabr 1992-ci ildə Heydər Əliyev bu müraciətə cavab vermiş və təklifi qəbul etmişdi.

21 noyabr 1992-ci ildə isə Yeni Azərbaycan Partiyasının (YAP) təsis konfransı keçirilmiş, 550 nəfərin iştirak etdiyi konfransda Heydər Əliyev partiya sədri seçilmişdi. Heydər Əliyevə müraciət edən ziyalılar qrupu partiyanın tarixinə “91-lər” olaraq düşüb.

Modern.az saytı Yeni Azərbaycan Partiyasının 32-ci ildönümü ərəfəsində “91-lər”in nümayəndəsi, eks-deputat Şahlar Əsgərovla həmsöhbət olub.

Şahlar Əsgərov bildirib ki, Yeni Azərbaycan Partiyası 1992-ci ildə zərurətdən yaranıb:  “O zaman Azərbaycanın qarşısında böyük problemlər vardı. Nəticədə ziyalılardan ibarət bir partiyanın qurulmasına zərurət yarandı. 91 nəfər ziyalı Ümummilli lider Heydər Əliyevə müraciət etdi. Yeni Azərbaycan Partiyasının “qızıl fondu” elan olunmuş “91-lər”in 6 nəfəri akademikdir, aralarında onlarla professor var”.

1992-ci ilin 16 oktyabrında Naxçıvan Ali Məclisinin sədri Heydər Əliyevə müraciət edərək onu Azərbaycanda hakimiyyət uğrunda açıq və fəal mübarizəyə səsləyən 91 nəfər ziyalı məktub hazırlayarkən bəzi şəxslər ora imza atmaq istəməyiblər. Məlumatlara görə, Heydər Əliyevə müraciət edən “91-lər”ə qoşulmaq istəməyənlər arasında akademik Ramiz Mehdiyev də olub.

Xanımını itirən Şahlar Əsgərov: “Bundan sonrakı həyatım necə olacaq, deyə bilmərəm” - MÜSAHİBƏ

Şahlar Əsgərov Prezident Administrasiyasının keçmiş rəhbəri Ramiz Mehdiyevin “91-lər”ə münasibətindən danışıb. Deyib ki, məhz onun sayəsində vaxtilə “91-lər” YAP-dan incik salınıb və tədricən uzaqlaşdırılıb: “Ümummilli lider Heydər Əliyev onlardan “sizin adınız niyə “91-lər” arasında yoxdur?” soruşanda deyirdilər ki, “cənab Prezident, sizi xalq çağırdı, biz də xalqın bir üzvüyük”. Amma bu fikir elmə ziddir. Xalq kütlədir, kütlə isə yaradıcı deyil. Yaradıcı olan fərdlərdir. “91-lər” yaradıcıdır, onlar Heydər Əliyevi çağırdılar. 1987-ci ildən 1991-ci ilə qədər Heydər Əliyev tənqid ediləndə xalq onu müdafiə etmədi. Deməli, ortada olan fərdlərdir. Amma onlar deyirdilər ki, “xalq sizi çağırdı, biz onların üzvləriyik”. Əlbəttə, Ziya Bünyadovun, Xəlil Rza Ulutürkün arxasında xalq dururdu, akademiklərin, professorların arasında xalq var idi. Amma xalq yaradıcı deyil. Xalqın beynində ideyanı əkməlisən, onu əkməsən bitməz. İdeyanı xalq yox, onun fərdləri yaradır və xalq xoşbəxt olur”.

Ramiz Mehdiyevdən YENİ TƏYİNATLAR

Ş.Əsgərovun sözlərinə görə, bu gün “91-lər”lə Yeni Azərbaycan Partiyasının gənc üzvləri arasında görüşün təşkilinə ehtiyac var: “O dövrdə Heydər Əliyev Naxçıvanda yaşayırdı və Bakıya gəlməsinə bir növ qadağa qoyulmuşdu. Böyük dövlətlər bilirdilər ki, Heydər Əliyev Bakıda yaşasa, Azərbaycan tam müstəqil olacaq və nefti ələ keçirə bilməyəcəklər. Ona görə də Heydər Əliyevin Bakıda yaşamasına mane olurdular. Bu səbəbdən YAP Naxçıvanda təsis olundu. Heydər Əliyevə yazılan məktub belə adlanırdı: “Azərbaycan sizin sözünüzü gözləyir”. Bu məktub Ulu öndərin Bakıya dəvəti idi. Onun Bakıya gəlməsi böyük qüvvələrin arzularını ürəyində qoydu. Heydər Əliyevə qoyulmuş o qadağanı “91-lər” götürdü. Ulu öndərə çox yaxın olan adamlardan eşitdiyim sözü deyim, Heydər Əliyev “91-lər”in siyahısına baxanda Kommunist Partiyası dövründə vəzifə verdiyi adamların adını görməmişdi.

“91-lər” Heydər Əliyevi təmənnasız müdafiə ediblər. “91-lər”in fəaliyyətinin təməlində təmənnasızlıq durur. Bunu Prezident İlham Əliyev də bildirib. Onlar Azərbaycanın taleyini düşünüb yola çıxdığına görə gənclərlə görüş əhəmiyyətlidir”.

Şahlar Əsgərov gənc YAP-çılara tövsiyə edib ki, Vətəni nəyinsə xatirinə sevmək lazım deyil: “Vətəni vəzifə xətrinə sevən yaxşı vətəndaş deyil. Vətən minnətsiz sevilməlidir, “91-lər”in arasında oliqarx yoxdur. Onlar Heydər Əliyevi özləri üçün yox, Vətən üçün çağırdılar. Vətəni sevmək lazımdır, bu sevgi həqiqi olmalıdır. Bu sevgi neft xatirinə, vəzifə xatirinə olmamalıdır”. /“Yeni Müsavat”/

 

Polise.az

Hamısını Göstər

Related Articles

Bir cavab yazın

Back to top button