Şair Ramaldanov: “Ordudan tərxis olunanlar ermənini əsir götürənlər deyil, başqalarıdır”

Avqustun 23-də cəbhənin Goranboy istiqamətində Ermənistan ordusunun kəşfiyyat-diversiya qrupunun rəhbəri, baş leytenant Qurgen Alaverdiyanın əsir götürüldiyi ərazidə xidmət edən bəzi hərbçilər ordu sıralarından xaric olunublar. Sosial şəbəkələrdə həmin hərbçilərin baş qərargah rəisi, general-polkovnik Nəcməddin Sadıkovun əmri ilə ordudan qovulması barədə iddialar yayılıb. Belə iddialar da səslənir ki, hərbçilər nizamnaməni pozmaq və orduda qadağan olunmuş smartfonlardan istifadə bəhanələri ilə cəzalandırılıblar.

Məsələ ilə bağlı Müdafiə Nazirliyindən bəyan ediblər ki, həmin hərbçilərin guya erməni kəşfiyyatçısını tutduqlarına görə cəzalandırıldıqları haqda deyilənlər yalandır, uydurmadır: “Bu deyilənlər uydurmadır, ordu rəhbərliyinə qarşı böhtandır. Baş verənlərlə bağlı bunları bəyan edirik ki, bəzi hərbi qulluqçular Azərbaycan ordusunda smartfon tipli telefonlardan istifadənin qadağan olunması barədə müvafiq əmrin tələblərini kobud şəkildə pozublar. Belə ki, həmin hərbi qulluqçular ələ keçirilən erməni kəşfiyyatçısının foto və videogörüntülərini çəkərək yaxın qohumlarına göndəriblər, nəticədə görüntülərin sosial şəbəkələrdə yayılmasına şərait yaradıblar. Faktla bağlı aparılan ilkin araşdırmaların nəticəsi olaraq təqsirkar hərbi qulluqçular xidmətdən ehtiyata buraxılıb və toplanan materiallar hüquqi qiymət verilməsi üçün Hərbi Prokurorluğa göndərilib”, – nazirliyin bəyanatında bildirilir.

Hərbi ekspert Üzeyir Cəfərov bununla bağlı facebook profilində status paylaşıb: “Əziz dostlar! Hörmətli həmkarlar! Yenə bəzi qeyri-dəqiq məlumatlar ucbatından sosial şəbəkələr üzərindən Müdafiə Nazirliyinin (MN) rəhbərliyinə qarşı əsla yeri olmayan fikirlər və bəzən də etik normalardan kənar şərhlər, mülahizələr yazılır. Siz MN-in rəsmi məlumatını diqqətlə oxuyun və sonra sivil şəkildə arzu və təkliflərinizi yazın. Dəqiqləşdirdiyim və aldığım ən son məlumata görə, nə MN-in rəhbərliyi, nə də erməni diversantını ələ keçirmiş hərbi birləşmənin rəhbərliyi o yaramaz erməni hərbçisini ələ keçirmiş əsgər və MAXE-ləri (müddətdən artıq xidmət edən) ordu sıralarından xaric etməyib və belə bir qərar da yoxdur. Ordu sıralarından ehtiyata buraxılmış hərbçilər erməni zabiti Qurqen Alaverdyanı telefonla çəkib yayan kənar qulluqçulardır. Məsələnin digər tərəflərinə toxunmadan qeyd edirəm ki, indiki qaydalara görə, MAXE kimi hərbi qulluqçuların xidmətə qəbulu və bu və ya digər səbəblərdən ehtiyata tərxisi qanunla birləşmə komandirlərinin səlahiyyətlərində olan məsələlərdir. Ona görə də, emosiyalara varıb məsələnin dəqiqliyini bilmədən qeyri-düzgün məlumatları yaymaq doğru deyil. Gəlin ədalətli olaq və hər şeyi olduğu kimi öz adı ilə çağıraq.

Azərbaycan əsgəri və zabiti mənfur işğalçı erməniyə qarşı hər zaman nifrətini gizlətməyib, illər öncə necə barışmaz mövqedə olubsa, bu gün də onlara eyni qaydada münasibət göstərir. Yəni heç nəyə baxmadan işğalçını cəzalandırıb, cəzalandırır və bundan sonra da daha da sərt cəzalandıracaq.

P.S. Dostlardan və həmkarlardan xahiş edirəm ki, MN-in dövlət dilimiz olan Azərbaycan versiyasında yaydığı məlumata diqqət edin. Bir çox saytlar məlumatı rus dilinə tərcümə edərkən çox ciddi xətaya yol veriblər. Tanrı Silahlı Qüvvələrimizi, Ordumuzu, xalqımızı qorusun”.

Polkovnik Şair Ramaldanov “Yeni Müsavat”a açıqlamasında hər kəsi diqqətli olmağa çağırdı: “Son zamanlar sosial şəbəkələrdə hərbçilərin tərxisi, daha dəqiq desək, erməni zabitinin ələ keçirildiyi istiqamətdə xidmət edən hərbiçilərlə bağlı qeyri-dəqiq fikirlər söylənilir. Dəfələrlə demişəm ki, biz gərək ordu, cəbhə bölgəsi, Dağlıq Qarabağla, ordudakı fəaliyyətlə bağlı fikir söyləyəndə əsaslı olmalıyıq. Onu yoxlayıb, ilk növbədə, Müdafiə Nazirliyinin mətbuat xidmətinin yaydığı məlumata diqqət yetirməliyik. Əsas olaraq onu götürməli və onun əsasında fikir söyləməliyik. Buna baxmayaraq, sosial şəbəkələrdə necə olursa olsun, Müdafiə Nazirliyinin rəhbərliyi hədəfə götürülüb. Əsassız iddialar səsləndirilir. Bəzən də etik qaydalardan kənar ifadələr işlənilir. Bu məsələyə gəlincə, məndə olan məlumata görə, təxris olunanlar sosial şəbəkələrdəki bəzi qeyd olunanlar kimi həmin əməliyyatı keçirən və erməni baş leytenantını əsir götürən hərbçilər deyil, sadəcə, ermənini ələ keçirəndən sonra səngərdə, həmin ərazidə olan hərbçilərdir. Hansı ki, müdafiə nazirinin smartfon telefonların istifadəsini qadağan edən əmrini kobudcasına pozaraq, həmin məlumatı sosial şəbəkələrdə çəkib yayıblar. Sosial şəbəkələrdə o da yayılır ki, guya Baş Qərargah rəisinin əmri ilə həmin hərbçilər uzaqlaşdırılıb. Bir daha bilməyən şəxslər üçün demək istəyirəm ki, həmin hərbçilərin tərxis olması birləşmə komandirinin səlahiyyətində olduğu üçün onun əmri əsasında azad ediliblər. Bu məsələyə də diqqət yetirmək istəyirəm ki, müdafiə nazirinin əmrinə görə – bu əmr haqqında hamısı bilir, istər hərbi hissələrdə xidmət edən hərbçilər, istərsə də, hərbi hissələrdə işləyən mülki şəxslər – bir neçə ildir ki, smartfon telefonları hərbi hissə ərazisinə gətirmək və istifadə etmək qəti qadağandır. Bununla əlaqədar hətta mütəmadi olaraq hərbçilərə bu tələblər çatdırılır və onlar bu əmrlə tanış olduqları barədə hətta imza da atırlar. Buna baxmayaraq, bəzi hərbçilər bu əmri yerinə yetirməyərək, özləri ilə hərbi hissəyə smartfon telefonlar keçirirlər və orada ondan istifadə edirlər. Artıq bu, ilk hadisə deyil. İlk dəfə deyil ki, smartfon telefonlardan istifadə etdiyinə, müdafiə nazirinin əmrini pozduğuna görə hərbçilər ordudan tərxis edilirlər. O hərbçilər haqqında məlumat yayılır. Bu, çox ciddi, daim nəzarət altında olan bir məsələdir”.

Polkovnik sual doğuran bəzi məsələlərə də toxundu: “Digər tərəfdən suallar meydana çıxır: Qadağanı bildiyi halda smartfon telefonu məhz səngərə, düşmənlə təmasa hansı məqsədlərlə keçirilib və ondan istifadə olunur? Həmin hərbçilərin o hadisəni çəkib yaymaları nəticəsində məxfi olan məlumat düşmən tərəfindən sosial şəbəkələrdən ələ keçirilib. Artıq məlumat alıblar ki, onların hərbçisi harada və hansı şəraitdə əsir götürülüb. Ona görə də düşünürəm ki, biz hamımız buna təmkinli, obyektiv yanaşmalıyıq. Ola bilər ki, bəzi şeyləri bilmədən, yaxud hərbidə olan bəzi tələbləri bilmədən müəyyən bir müzakirələrə yol verilir. Bu müzakirə zamanı Müdafiə Nazirliyinin rəhbərliyinə yersiz fikirlər söylənilir. Bütün hərbçilər ilk gündə andiçmə mərasimində əmrləri yerinə yetirəcəklərinə and içirlər. Eləcə də, hərbçilərin vəzifələrdə də yuxarı komandirlərin əmrlərini dərhal, sözsüz yerinə yetirməsi ilə bağlı bəndlər var. Ona görə də, bir daha sosial şəbəkələrdə digər məlumatları istifadə edərək əsassız şəkildə fikirlər söyləməkdən istifadəçiləri bir daha çəkindirmək istəyirəm. Gəlin bu məsələdə obyektiv olaq. Düşünürəm ki, sosial şəbəkələrdə bu müzakirələr ilk növbədə, Müdafiə Nazirliyinin mətbuat xidmətinin verdiyi məlumat əsasında olmalıdır. Bir məsələ də var. Bəzi saytlar Müdafiə Nazirliyinin verdiyi məlumatı rus dilinə çevirərək, orada fikirləri düzgün tərcümə etməmiş, məlumatı doğru yaymayıblar. Bir daha bu məsələlərdə hər kəsi diqqətli, ayıq-sayıq olmağa, məsələyə düzgün yanaşmağa çağırıram”.

Mənbə
turkustan.info
Hamısını Göstər

Related Articles

Back to top button