Savaş olsa 9 milyon insan yerin altına enəcək – Ölkənin nəhəng bunker sistemi var

İsveçrə dünyada adambaşına düşən nüvə sığınacaqlarının sayına görə liderdir.
Polise.az xəbər verir ki, ölkədə 9 milyon əhalinin hamısını yerləşdirməyə imkan verən 370 mindən çox bunker mövcuddur.
Bu siyasətin əsası Soyuq müharibə dövründə qoyulub. Hərbi neytrallığına baxmayaraq, İsveçrə radioaktiv çöküntülərin dövlət sərhədləri tanımadığını nəzərə alaraq ölkə boyunca dəmir-beton sığınacaqlar tikməyə başlayıb.
Soyuq müharibə başa çatdıqdan sonra da hər sakin üçün sığınacaqda bir yer prinsipi qorunub saxlanılıb. 2011-ci ildə Yaponiyanın “Fukusima” AES-də baş verən qəza isə İsveçrə hakimiyyətinin bu sistemi saxlamaq qərarını daha da möhkəmləndirib.
Ölkədəki bunkerlər 5–50 nəfərlik fərdi zirzəmi sığınacaqlarından tutmuş, məktəblərin və dövlət binalarının altında yerləşən, yüzlərlə insanı qəbul edə bilən böyük ictimai sığınacaqlara qədər müxtəlif ölçülərdədir.
Sığınacaqlar qoruyucu qapılar, təxliyə tunelləri və xüsusi havalandırma sistemləri ilə təchiz olunub. Daha böyük bunkerlərdə isə ayrıca şlüz kameraları da nəzərdə tutulub.
İsveçrədə tikinti aparan şirkətlər yeni binalarda bunker yaratmalı, yaxud kollektiv sığınacağın tikintisi üçün xüsusi ödəniş etməlidirlər.
Hazırda İsveçrə Ukraynadakı müharibəni və dünyada artan qeyri-sabitliyi əsas gətirərək sığınacaq infrastrukturunu fəal şəkildə modernləşdirir və tikinti şirkətlərinə qoyulan tələbləri sərtləşdirir.
“Bu hadisələr göstərir ki, silahlı münaqişələr XXI əsrdə də real təhlükə olaraq qalır”, – deyə İsveçrə hökumətinin açıqlamasında bildirilib.
Maraqlıdır ki, sülh dövründə bu bunkerlərin bir hissəsi boş qalmır. Onlardan anbar, şərab zirzəmisi, hətta sauna kimi istifadə olunur.
Musavat.com



