SEPAH 8 ölkədə ABŞ hədəflərini BELƏ İZLƏYİB …

İranın müharibə zamanı Çindən aldığı casus peyk vasitəsilə ABŞ-ın Yaxın Şərqdəki bazalarını izlədiyi iddia edilir.
Polise.az Musavat.com -a istinadən xəbər verir ki, sızdırılan hərbi sənədlərə əsasən, sözügedən peyk hücumlardan əvvəl hədəflərin müəyyənləşdirilməsi və hücumdan sonrakı zərər rəqəmlərinin təsbiti üçün istifadə olunub.
“Financial Times”ın yaydığı məlumata görə, İran Səudiyyə Ərəbistanı, İordaniya, Bəhreyn, İraq, Küveyt, Cibuti, Oman və Birləşmiş Ərəb Əmirliklərindəki ABŞ hərbi bazalarını, həmçinin kritik infrastruktur obyektlərini peyk vasitəsilə addım-addım izləyib.
“TEE-01B” adlı peykin 2024-cü ilin sonunda Çindən orbitə buraxıldıqdan sonra İran İslam İnqilabı Keşikçiləri Korpusunun (SEPAH) Aerokosmik Qüvvələri tərəfindən idarə olunduğu bildirilir.

Sənədlərdə yer alan koordinat siyahıları və orbit analizləri göstərir ki, görüntülər xüsusilə mart ayında həyata keçirilən dron və raket hücumlarından dərhal əvvəl və sonra çəkilib.
“Sciences Po” Universitetinin İran üzrə eksperti Nikol Qrajvski məsələ ilə bağlı bildirib:
“Bu peyk aşkar şəkildə hərbi məqsədlər üçün istifadə olunur və birbaşa SEPAH tərəfindən idarə edilir. Bu texnologiya İrana hədəfləri öncədən müəyyən etmək və hücumların effektivliyini yoxlamaq üçün kritik üstünlük qazandırır”.
Mütəxəssislər vurğulayırlar ki, müharibə tarixində ilk dəfə bu səviyyədə xarici mənbəli peyk imkanlarından istifadə edilməsi bölgədəki kəşfiyyat gərginliyini yeni mərhələyə daşıyıb. Bu inkişaf İranın hərbi potensialını xarici dəstəklə gücləndirdiyinə dair müzakirələri yenidən gündəmə gətirib.
Polise.az



