SEPAH-ı yıxan zərbə: Tehran çalxalanır

İran İslam İnqilabı Keşikçiləri Korpusunun (SEPAH) komandir müavini general Abbas Nilforuşanın öldürülməsi Tehrandakı islam rejiminə, eləcə də onun regiondakı proksilərinə ağır zərbə oldu.

Teleqraf.com xəbər verir ki, bunu ABŞ-ın Milli Təhlükəsizlik Araşdırmaları İnstitutunun (INSS) iranlı tədqiqatçısı Benni Sabti deyib.

Nilforuşan həm də “Qüds” briqadasının Livandakı qüvvələrinin komandiri idi. O, sentyabrın 27-də Beyrutun Dahiyə şəhərində “Hizbullah” terror təşkilatının lideri Həsən Nəsrullahla birlikdə öldürülüb.

“Bu adam (Yaxın Şərqdə) SEPAH-ın əməliyyatlarına rəhbərlik edirdi, bir çox missiyalar, təchizat və büdcələr onun əlindən keçirdi. Demək olar ki, bu qurumda hər şeyə cavabdeh idi: büdcələrin təsdiqlənməsi, Suriya və Livana silahların ötürülməsi, “Hizbullah” və digər terror təşkilatlarının bütün fəaliyyətlərinə nəzarət”.

Sabti qeyd edib ki, Nilforuşan uzun illərdir sistemdəydi. Yəni o, birdən-birə peyda olan şəxs deyildi, media sadəcə öldükdən sonra ondan xəbər tutub.

“Nilforuşan ekstremist idi. İranda inqilab baş verəndə onun 14 yaşı vardı, bu yaşda İran-İraq müharibəsinə qoşulub. Özü də ekstremal bir şəhərdə böyümüşdü. İrandakı fon çox vacibdir; ekstremal mühitdə böyümüsənsə, yoluna belə davam eləməlisən”, – analitik vurğulayıb.

Nilforuşanın digər fəaliyyətlərinə gəlincə, Sabti əlavə edib: “Son illərdə əməliyyatların rəhbəri rolunda “Hizbullah”ın İsrail əleyhinə fəaliyyətinə töhfə verib, razılaşdırma işi ilə məşğul olub. SEPAH-da baş verən hər şeydə onun əli vardı”.

Analitikin fikrincə, Nilforuşan “Qüds”ün mərhum komandiri Qasım Süleymanidən sonra molla rejimi və SEPAH üçün önəmli fiqur olub:

“Bu sui-qəsd İnqilab Keşikçiləri və proksi qüvvələr də daxil olmaqla, bütün İran oxu üçün çox ağır zərbə oldu. Staj, təcrübə, istənilən qapının açılması, bacarıq – bütün bunlar onu Tehran üçün önəmli edirdi. Həmişə deyirlər ki, biri gedibsə, biri gələcək – heç də belə deyil. Boş qalmış ayaqqabılarını dolduracaq birini tapana qədər çox vaxt lazım olacaq.

Düşünürəm ki, ilk dəfədir bütün SEPAH vuruldu. Heç kimin dilə gətirmədiyi şey budur”.

Polise.az

Hamısını Göstər

Related Articles

Bir cavab yazın

Back to top button