SEPAH rəsmisindən diqqətçəkən açıqlama: “Müharibənin coğrafiyasını dəyişəcəyik”

İslam İnqilabı Keşikçiləri Korpusunun rəsmisi Hüseyn Möhəbi təhdid dili ilə danışıb və bildirib ki, Tehran yeni silahlara malikdir və gələcək eskalasiya baş verəcəyi təqdirdə müharibənin coğrafiyasını dəyişməyə tam hazırdır. Onun bu açıqlaması birmənalı qarşılanmayıb və müəyyən suallar yaradıb.
Bəs görəsən, SEPAH rəsmisi “müharibənin coğrafiyasını dəyişəcəyik” deməklə nəyi nəzərdə tutur? Coğrafi anlam hansı əraziləri əhatə edə bilər?
Mövzunu “Azpolitika” ya şərh edən politoloq Zeynal Əmrəliyev bildirib ki, İranın nəzərdə tutduğu hədəflər müharibənin coğrafiyasının daha da genişləndiyini göstərir:
“Belə ki, Trampın İrana qarşı hərbi əməliyyatlara başladığı ilk mərhələdə Tehran əsasən Körfəz ölkələrində yerləşən ABŞ hərbi bazalarını hədəfə alırdı. İndi isə İranın daha uzaq məsafələrdə yerləşən hədəflərə zərbə endirmək imkanlarının artdığını görürük. İranın malik olduğu ballistik raketlərin uçuş məsafəsinin artırılması ona Avropadakı müəyyən hədəfləri də vurmaq imkanı verə bilər. Tehranın son açıqlamaları da onu göstərir ki, növbəti əməliyyatlar çərçivəsində İranın Avropadakı bəzi hədəfləri nəzərdən keçirməsi mümkündür. Bu baxımdan Avropada yerləşən ABŞ hərbi bazalarının da zərbələrə məruz qalması ehtimalı müzakirə olunur”.
Politoloqun sözlərinə görə, ümumilikdə bu addım Qərbə qarşı mesaj kimi qiymətləndirilə bilər:
“Tehran ABŞ və onun müttəfiqlərinə hərbi əməliyyatları dayandırmaları barədə xəbərdarlıq edir. Əks halda, növbəti mərhələdə daha geniş coğrafiyada yerləşən hədəflərin təhlükə altında qala biləcəyi mesajını verir. Ehtimal olunur ki, İran uzaq istiqamətlərdə, o cümlədən dənizlərdə yerləşən ABŞ hərbi və hava bazalarını da hədəfə alma imkanlarını nəzərdən keçirir. Həmçinin İranın hava əməliyyatlarını genişləndirə biləcəyi ehtimalı da müzakirə olunur. Bu halda ABŞ-nin uzaq coğrafiyalarda yerləşən hərbi bazaları da potensial təhlükə ilə üzləşə bilər. İranın konkret coğrafi istiqamət göstərmədən təhdidlər səsləndirməsi faktiki olaraq ABŞ-nin dünyanın müxtəlif bölgələrində yerləşən hərbi obyektlərinin risk altında qala biləcəyini deməyə verir. Çünki ballistik raketlərin hansı məsafədən buraxılacağı və İranın hansı istiqamətləri hədəfə alacağı əvvəlcədən məlum deyil. Buna görə də ABŞ-nin müxtəlif regionlardakı hərbi bazalarının potensial hədəfə çevrilməsi ehtimalı gündəmdədir”.
Günəş Fərəh
Azpolitika.info



