Separatçı bölgədəki Rusiya sülhməramlılarına dəhliz açmaq üçün desant əməliyyatı planı

Rusiya imkan verə bilməz ki, NATO Dnestryanı bölgədəki Rusiya sülhməramlılarını blokadaya alsın. Belə cəhd olarsa Rusiya ordusu Dnestryanı bölgəni mühasirədən çıxarmaq üçün hərəkətə keçəcək və Müdafiə Nazirliyinin bununla bağlı hazır planı var.

Rusiya Federasiya Şurasının təhlükəsizlik və müdafiə komitəsinin rəhbəri, general-polkovnik  Viktor Bondarev Moldovanın qərbyönümlü hakimiyyətinin NATO-nun köməyi ilə Dnestryanı bölgədəki rus qoşunlarını blokadaya almaq planları barədə danışarkən belə deyib.

General əmindir ki, məhz Rusiya sülhməramlılarının (Rusiya Dnestryanı bölgəyə yeritdiyi qüvvələri “sülhməramlılar” adlandırır,-red.) iştirakı bütün bu illər ərzində regionda stabilliyi və təhlükəsizliyi təmin edib. “Bütün bu müddət ərzində NATO üzvü kimi Rumıniya özünün aqressiv planlarını heç gizlətməyə də çalışmayıb. Prosesin daha bir iştirakçısı Ukraynadır. 2014-cü ildən bəri Kiyevdə Dnestryanı bölgədəki Rusiya sülhməramlılarını blokadaya almaq imkanları fəal şəkildə müzakirə olunur”,-Viktor Bondarev bildirib.

Senator qeyd edir ki, Moldovanın yeni seçilmiş qərbyönümlü prezidenti Maya Sandu belə planları publik şəkildə səsləndirib. Xüsusən də Sandu ilə bağlı olan siyasi qüvvənin parlament seçkilərində qalib gəlməsindən sonra bu niyyətlər nəzərə daha çox çarpır.

“İndi Şimali Atlantika alyansı üçün bu imkan prinsipial olaraq yeni rənglərdə meydana çıxıb, onların Rusiyaya həm siyasi, həm hərbi planda kifayət qədər ağrılı zərbə endirmək üçün real şansı var”,-Bondarev qeyd edib.

General hesab edir ki, NATO-nun dəstəyi olmadan nə Rumıniya, nə Ukrayna Dnestryanı bölgədəki Rusiya ordusunu blokadaya almağa risk etməz. Alyans isə vəziyyəti kəskinləşdirməklə həqiqətən belə variant işləyib hazırlayır. Bondarevin sözlərinə görə, alyansın bu strategiyası Rusiya üçün sirr deyil və üstəlik Müdafiə Nazirliyi onun başçılıq etdiyi komitə ilə birlikdə cavab tədbirlərini artıq hazırlayıb.  Əgər Dnestryanı bölgədəki Rusiya qüvvələrini blokadaya almağa cəhd edilərsə Rusiya Hərbi Dəniz Qüvvələrinin Qara dəniz donanmasının desantı Odessaya çıxarılacaq. Bondarevin fikrincə, bu təkcə Dnestryanı bölgəyə dəhliz açmayacaq, eyni zamanda Donbass məsələsinə dair ayrın perspektivləri də ortaya çıxaracaq.

Xatırladaq ki, Moldova prezidenti Maya Sandu Rusiya qüvvələrinin Dnestryanı bölgədən çıxarılmasına çağırıb. Lakin Moskvada qoşunları bu separatçı bölgədən çıxarmaq niyyətində deyillər, üstəlik bölgəni “tarixi Rusiyanın ayrılmaz tərkib hissəsi” adlandıranlar da var. Məsələn, ermənipərəst və keçmiş sovet respublikalarındakı separatçıları dəstəkləməsi ilə tanınan “Regnum”  agentliyinin direktoru Modest Kolerov kimi. Kolerov iyulun 29-da başçılıq etdiyi agentliyin təşkilatçılığı ilə keçirilən “Dnestryanı respublikası bu gün və sabah” mövzusunda konfrans zamanı belə deyib.

O qeyd edib ki, Dnestryanı bölgədə 2006-cı ildə keçirilmiş referendumun nəticələri hələ də əhəmiyyətli və legitim olaraq qalır. Həmin referendumun nəticələrinə əsasən Dnestryanı bölgənin müstəqilliyi elan olunurdu və daha sonra Rusiyaya birləşməsi baş verməliydi.

 “2006-cı ilin sentyabrında Dnestryanı bölgədə referendum keçirildi və referenduma çıxarılan suallar burada (Rusiyada,-red.) razılaşdırılmışdı. Bu səsvermədən hamı razı deyildi, amma məsələ razılaşdırılmışdı. Və başlıca məsələ budur ki, referendumda iştirak edənlərin 97 faizi Dnestryanı bölgənin müstəqilliyinə və daha sonra Rusiyaya birləşdirilməsinə səs verdi. Xalqın bu iradəsi hələ də əhəmiyyətlidir, legitimdir”,-Kolerov belə deyib.

Qeyd edək ki, Dnestryanı bölgənin statusuna dair bir neçə dəfə müxtəlif variantlar müzakirə olunsa da hazırda danışıqlar dalana dirənib və faktiki olaraq heç bir müzakirə getmir.

Hamısını Göstər

Related Articles

Back to top button