Separatçılar azərbaycanlının avtomobilinə baxmağa cürət edir: Sülhməramlılarla çiyin-çiyinə “yoxlama”?
Çoxdandır Rusiya sülhməramlıları öz adlarına layiq bir “tamaşa” ilə qarşımıza çıxmırdılar. Ancaq sülhməramlı fəaliyyətindən başqa hər məsələdə öncül olan bu kontingent üçün görünür sözügedən fasilə olduqca uzun hesab edilib.
Odur ki, bu gün yaydıqları – guya “hərtərəfli” fəaliyyətlərinə işıq tutan video ilə növbəti rüsvayçılığa imza atıblar. Artıq “betərin betəri var” xalq deyimini dəfələrlə öz əməlləri ilə sübut edən Azərbaycanın Qarabağ bölgəsində müvəqqəti xidmət aparan Rusiya sülhməramlılarının yenidən ermənilərlə çiyin-çiyinə görüntüləri yayılıb.
Özü də bu dəfə artıq hədlərini sözün əsl mənasında tamamilə aşıblar. Ortaya çıxan mənzərə sadəcə qəbuledilməzdi:
Azərbaycan tərəfinin sülhməramlıların nəzarətindəki ərazidən keçən avtomobillərinə, yük maşınlarına sülhməramlılar baxış keçirir. Ancaq yanlarında separatçıların nümayəndələri – “polisləri” və hərbi forma geyinmiş terrorçular var.
Demək ki, Rusiya sülhməramlıları Qarabağda terrorçularla birlikdə hərəkət edir desək, yanılmarıq. Təsəvvürə gətirmək çətin olsa da, məsələ məhz belədir, Azərbaycanın torpaqlarında hansısa separatçı terrorçu bizim vətəndaşımızın avtomobilini yoxlamağa cürət edir və bu cürəti onlara missiyası sülhə töhfə vermək olan sülhməramlılardan alır. Məhz sülhməramlıların yarıtmaz fəaliyyəti, öz işinə laqeyd və saymazyana münasibəti həmin terrorçuların hədlərini aşmasına zəmin yaradıb.
Halbuki sülhməramlılar və onların biganəliyindən ürəklənən separatçı quldurlar, terrorçular unutmamalıdırlar ki, onların aşmağa cürət etdikləri hədləri Azərbaycan müəyyən edir və kimsə həddini aşırsa onlara yerini göstərmək də çətin deyil.
İstənilən halda Rusiya sülhməramlıların komandanlığı bu rüsvayçı görüntülərə münasibət bildirməli və zəruri addımları atmalıdır. Çünki sözügedən vəziyyət – terrorçularla çiyin-çiyinə “yoxlama” aparmaq hər şeydən əvvəl şimal qonşumuzun öz imicinə xələl gətirən haldır.
İstər Rusiya sülhməramlıları, istərsə də erməni separatçıları bilməlidirlər ki, bu cür mənzərənin ortaya çıxması Azərbaycan üçün qırmızı xəttin keçilməsi anlamına gələ bilər. Bu zaman isə sual yaranır, əgər hansısa separatçı, quldur, bəlkə də əli azərbaycanlıların qanına batmış terrorçu Azərbaycan vətəndaşının maşınına ümumiyyətlə hansı haqla yaxınlaşa bilər, əgər bunu edə bilirsə o zaman sülhməramlılar Qarabağda hansı fəaliyyəti göstərirlər? Onlar sülh naminə yoxsa ermənilərin ürəyi istəyən hər şeyi etməsi üçün orada mövcuddurlar?
Ortada olan görüntü sülhməramlıların öz işlərinin, qarşılarına qoyulmuş tapşırığın tam əksi istiqamətdə fəaliyyətinə işarə edir. Bu isə haqlı olaraq videodakı Azərbaycan vətəndaşı kimi hər birimizin qəzəbinə səbəb olur.
Bizim qəzəbimizin gücünü isə yük maşınımıza boylanan həmin o terrorçular çox gözəl bilirlər. Qulaqlarına sırğa olsun ki, həmin terrorçuları yerində oturdub, hədlərini göstərmək bizim üçün heç çətin deyil…
//baku.tv/az/dunyaa/49817/Orxan Tağıyev