Separatçılar İrəvanın təhriki ilə bölgədə sabitliyi pozmağa çalışır
Rəsmi İrəvan Azərbaycan, Rusiya prezidentləri və Ermənistan Baş naziri arasında noyabrın 9-da imzalanan üçtərəfli bəyanatın müddəalarına əməl etdiyini desə də, müşahidələr zamanı ortaya fərqli mənzərə çıxır.
Üçtərəfli bəyanatda “Dağlıq Qarabağ Respublikası” barədə hər hansı bir qeyd yoxdur.
Təsadüfi deyil ki, Azərbaycan Prezidenti sözügedən sənəd haqqında danışarkən “yoxdur status, cəhənnəmin dibinə getdi, gorbagor oldu” deyərək “DQR”in artıq tarixə qovuşduğuna işarə etmişdi. Rəsmi Bakının addımları da göstərir ki, bu mövzu onun üçün qapanıb.
Lakin qarşı tərəf bəyanata ziddi olaraq hər vəchlə “DQR”in mövcudluğunu saxlamaq, hətta bir qədər də uzağa gedərək onun müstəqil dövlət kimi təqdim etməyə cəhd edir.
Xankəndindən hələ də seaparatçı rejimin atributlarının yığışdırılmaması, Araik Arutyunyanın özünü icma rəhbəri deyil, “prezident” kimi aparması göstərir ki, ermənilər bu məsələnin gündəmdən çıxmasını istəmir.
Ən təhlükəlisi isə odur ki, separatçı rejim rəsmi İrəvanın təhriki ilə bölgədə sabitliyi pozmağa yönəlik addımlar atmağa hazırlaşır. Separatçı rejimin silahlıları hələ də müharibə ab-havasındadırlar. Digər tərəfdən, Ermənistan silahlı qüvvələrinin bəzi bölmələri də hələ Qarabağdan çıxarılmayıb.
Bəzi məlumatlara görə, bütün bunlar ermənilərin hibrid və assimetrik müharibəyə hazırlaşmasının təzahürüdür.
Hələlik Bakı baş verənləri sükutla seyr edir. Aydın şəkildə sezilir ki, Azərbaycan həllini tapmamış məsələləri masa arxasında müzakirə etməyin tərəfdarıdır. Bu Bakının həm üçtərəfli bəyanata sadiqliyini, həm də Ermənistandan fərqli olaraq müharibə tərəfdarı olmadığını göstərir.
Amma ermənilərin getdikcə daha da həyasızlıq etməsi Bakının səbr kasasını daşıra və separatçı rejim başının üzərində Azərbaycan Ordusunun dəmir yumruğunu görə bilər.