Separatçıların bu qədər texnikası və əsgəri var – Ukrayna 44 günə onlarla bacara biləcəkmi?
“DXR” qoşunlarının canlı qüvvəsi 20 min nəfərdir, Luqansk separatçılarının ordusunda isə 15 min nəfər var, texnikanın sayı isə…
Ukraynanın şərqində hərbi gərginlik gündən-günə artır. Martın 7-də başlayaraq, Ukrayna ordusu ilə “Donetsk Xalq Respublikası” və “Luqansk Xalq Respublikası” adlı qondarma “respublikalar”ın silahlı birləşmələri arasında şiddətli mövqe döyüşləri davam edir. İndi hər iki tərəf həm də bir-birlərinin hərbi potensialını öyrənir. Qondarma “respublikaların” kəşfiyyatı Ukraynanın böyük hərbi kontingentin və zirehli texnikanı cəbhə bölgəsinə topladığını iddia edir. Son məlumatlarda bildirilir ki, Ukrayna təxminən 90 minlik canlı qüvvəni separatçı vilayətlərlə təmas xətti boyu cəmləşdirib. O cümlədən 450-dən çox tank və 2 minə qədər zirehli texnika, bir o qədər də artilleriya və reaktiv yaylım atəşi sistemləri döyüş hazırlığı vəziyyətinə gətirilib.
Ukrayna mediası qondarma respublikaların hərbi qüvvələrini qiymətləndirir və ixtiyarında olan zirehli maşınların sayını hesablayır. Musavat.com-a istinadən Ukraynalı hərbi ekspert Mixail Jiroxovun qiymətləndirməsini təqdim edirik.
Onun sözlərinə görə, “DXR” və “LXR”in milis birləşmələri əsasında yaradılan iki ordu korpusu var. Ekspert deyir ki, iki ordu korpusu yeddi motoatıcı briqadadan, doqquz ayrı-ayrı ərazi-müdafiə taborundan və üç ayrı alaydan ibarətdir.
Hər korpusda iki ayrı tank taboru və bir topçu briqadası var. Bu qüvvələrdən əlavə olaraq, “DXR” və “LXR”in ayrıca xüsusi təyinatlı taborları da fəaliyyət göstərir.
Mixail Jirixov qeyd edib ki, “DXR” qoşunları təxminən 20 min nəfərdir. Luqansk separatçılarının canlı qüvvəsi isə 15 min nəfərdir. Ekspert əlavə edib ki, aktiv hərbi əməliyyatlar başlayanda separatçılar qısa müddətdə ordu heyətini artıra da bilər.
İki separatçı “respublikada” tankların ümumi sayı 340-dır. Müəllif deyir ki, separatçıların istifadəsində olan “T-64” tankları Rusiyadan gətirilib. Qarşı tərəf isə hərbi texnikaları vaxtilə hərbi əməliyyatlarda Ukrayna qoşunlarının qoyub qaçdığını iddia edir. Bununla yanaşı, ekspert tankçıların yaxşı hazırlıq keçdiyini qeyd edir.
“DXR”-in 1-ci korpusunda 100 özüyeriyən artilleriya qurğusu (ACS), 80 reaktiv-raket sistemləri(MLRS) və 155 yedəkli atıcı artilleriya var.
“LXR”in ikinci korpusunda isə 70 özüyeriyən artilleriya qurğusu, 70 reaktiv-raket sistemi, 100 qobubitsa və top var.
Yüngül zirehli texnika və digər silahların sayını da nəzərə alaraq ekspert deyib ki, separatçılar Ukrayna qoşunlarının hücumlarının qarşısını bir müddət saxlaya bilər.
Hərbi ekspert Aleksey Leonkov isə hesab edir ki, Ukrayna Silahlı Qüvvələri hücuma ciddi hazırlaşıb və Donbas separatçılarının Qarabağdan fərqli olaraq 44 gün müqavimət göstərmək imkanı olmayacaq.
Ekspert bildirib ki, Ukrayna ordusunun hücum potensialı yüksək səviyyədədir. Çünki son illərdə ABŞ və NATO-nun rəhbərliyi altında ciddi hazırlıq keçib. Vaşinqton Ukrayna ordusunun 4 briqadasının təlim-döyüş hazırlığına və təchizatına 250 milyon dollar sərf edib. Habelə döyüş pilotsuz təyyarələri ilə silahlanıb.
Separatçı bölgədə isə Ukraynanın ildırımsürətli plan üzərində hücum edəcəyini düşünürlər: “Ukrayna ildırım sürətli planla “DXR” və “LXR”-in Rusiya ilə əlaqələrini kəsmək üçün Donbas ərazisini eyni vaxtda üç istiqamətdə hücumu planlaşdırır. İlk zərbəni cənub istiqamətindən Mariupoldan Novoazovska vurulmalıdır. Ən çoxu bir saata onlar sərhəddə çatacaqlar. Bundan əlavə, Novoazovskdan Uspenkaya bir dəhliz açılır. Beləliklə, Donetsklə əlaqəmiz kəsilir. Aleksandrovka kəndi ərazisindən ikinci zərbə vurulur və beləliklə, orduları Snejnoyeyə çıxış əldə edirlər. Üçüncüsü zərbə Debaltseve və Qorlovka arasında tətbiq olunur və bununla LXR-lə əlaqə kəsilir. Ukrayna ordusu şəhərlərə girilməyəcək. Respublikaların Rusiya ilə əlaqələrini kəsərək sərhədi nəzarətə götürərək, bizi mühasirəyə alacaqlar və sonra sakitcə işlərini bitirəcəklər”.