Separatçıların rəhbərini Xocavəndə gətirən səbəblər – Qarabağda nə baş verir?
“Bir neçə gün bundan əvvəl separatçıların rəhbəri Araik Arutunyan Xocavənd ərazisinə gələrək açıq şəkildə bəyan edib ki, Qırmızı Bazar qəsəbəsi yaxınlığında ermənilər üçün müasir tipli yaşayış məntəqələri tikiləcək. Bu, mövcud reallıqların dərk edilməməsi, beynəlxalq hüququn prinsiplərinin və Azərbaycan qanunvericiliyinin kobud şəkildə pozulması deeməkdir”.
Bu fikirləri konkret.az-a açıqlamasında Tarix üzrə fəlsəfə doktoru, politoloq Anar Əliyev səsləndirib. Politoloq bu açıqlamanın arxasında bir sıra ciddi məsələlərin dayandığını deyib: “Araik Arutunyanın Xocavənd ərazisinə gəlməsi və belə sərsəm bəyanatlar səsləndirməsi, bu ərazidə xidmət aparan rusiyalı sülhməramlı qüvvələrin gözü qarşısında baş verir. Təəssüf ki, bu addımlara rusiya sülhməramlıları biganə yanaşırlar və səlahiyyətləri çərçivəsində münasibət bildirmirlər. Araik və onun kimilərinin özlərini rahat aparmalarının birbaşa səbəbkarı məhz rusiyalı sülhməramlılardır. Arutunyanın bu fikirləri onu göstərir ki, Qarabağda ermənilər özlərini üzdə rahat göstərməyə çalışsalar da, arxada çox narahatdırlar. Bu məsələdə olduqca ciddi nüanslar mövcuddur. Birincisi Araik Arutunyanla, Balasanyan arasında özlərinin təxəyyülünə görə hakimiyyət üstündə mübarizə gedir. Bu mübarizədə Arutunyan idarəetmənin onun əlində olduğunu düşünür. Ona görə də Arutunyanın bu açıqlamasını rəqiblərinə güc nümayiş etdirməsi kimi qiymətləndirmək olar”.
Anar Əliyevin sözlərinə görə, rusiyalı sülhməramlı qüvvələr açıq şəkildə bəyan edirlər ki, 10 noyabr razılaşmasından sonra Qarabağ ərazisinə təxminən 50 mindən çox erməni geri qaytarılıb: “Bu məsələdə sülhməramlıların qanunsuz fəaliyyəti də mühüm rol oynayıb. Erməni mətbuatını izlədikdə məlum olur ki, Qarabağ ərazisinə sülhməramlıların birbaşa iştirakı ilə qaytarılan ermənilərin sayı deyildiyindən dəfələrlə aşağıdır. Yəni orada 40-50 min yox, təxminən 10 minə yaxın erməni yerləşdirilib. Digər bir məqam isə ondan ibarətdir ki, Qarabağ ərazisinə, xüsusilə xankəndiyə yerləşdirilən həmin ermənilərin böyük bir qismi yenidən Ermənistana geri qayıdır. Çünki onlara verilən vədlər özünü doğrultmur və sosial təminatları yoxdur. Arutunyanın açıqlamasındakı bir məqsəd də İrəvana kütləvi geri qayıdan erməniləri aldadıb Xankəndidə saxlamaqdır. Azərbaycan ərazisində təbii ki, yaşayış məskənləri salınacaq. Amma bu proses nə Araik Arutunyan, nə də digər ermənilərin iştirakı və rəhbərliyi ilə aparılmayacaq. Bu proses Azərbaycan dövlətinin birbaşa rəhbərliyi və maliyyəsi hesabına həyata keçiriləcək. Vətəndaşları üçün ən normal şəraiti isə yalnız Azərbaycan dövləti yaradacaq”.