Serbiya Aİ-yə üzvlük prosesində böyük irəliləyiş əldə edib

Serbiya Avropa İttifaqına üzvlük prosesində böyük irəliləyiş əldə edən ölkələrdən biridir.
AZƏRTAC xəbər verir ki, Avropa Komissiyasının sədri Ursula Fon der Lyayen Qərbi Balkan regionu ölkələrinə səfəri çərçivəsində Belqradda Serbiya Prezidenti Aleksandar Vuçiçlə görüşüb.
Avrokomissiyanın sədri Serbiyanın Avropa İttifaqına üzv olmasını istədiklərini, bunun qarşılıqlı etimad və tərəfdaşlıqdan asılı olduğunu deyib. Genişlənmə siyasətinin Aİ üçün prioritet olduğunu bildirən Ursula Fon der Lyayen qeyd edib ki, qlobal qeyri-müəyyənlik dövründə Avropanın birliyi və təhlükəsizliyi daha da gücləndirilməlidir.
“Biz Serbiyanın da Aİ-yə daxil olmasını istəyirik. Aİ sülh və firavanlıq vədidir və ümid edirəm ki, Serbiya bu fürsətdən düzgün istifadə edəcək. Serbiya ittifaqa üzvlük prosesində böyük irəliləyiş əldə edən ölkələrdən biridir, ölkənin xarici siyasətində Aİ-yə doğru inamlı addımlar atması zəruridir. Aİ, eyni zamanda, Serbiyanı ortaq dəyərləri və prinsipləri paylaşdığı dəyərli tərəfdaş kimi görmək istəyir”, – deyə o bildirib.
Serbiya Prezidenti Aleksandar Vuçiç isə ölkəsinin sülh və sabitliyin qorunub saxlanmasına əhəmiyyət verdiyini deyib.
“Biz Aİ-yə üzvlük yolunda öhdəliklərimizin nə olduğunu bilirik və onları yerinə yetirməyə hazırıq”, – deyə A.Vuçiç qeyd edib.
Polise.az



