Sergey Markov: “Azərbaycana mina xəritələrinin verilməməsi cinayət aktıdır”
“Bu gün Azərbaycana minalanmış ərazilərin xəritələrinin verilməməsi üçtərəfli bəyanatların həyata keçirilməsində əsas problemdir”.
Bunu rusiyalı politoloq, Siyasi Araşdırmalar İnstitutunun direktoru Sergey Markov deyib.
Politoloqun fikrincə, bu, yalnız razılaşmaların kobud şəkildə pozulması deyil, həm də cinayət tərkibli hərəkətdir, çünki bu xəritələrin verilməməsi indi evlərinə qayıtmağa can atan çox sayda mülki şəxsin, eləcə də hərbçilərin ölümünə səbəb olur.
S.Markov qeyd edib ki, demək olar ki, bütün erməni zabitləri Sovet nizamnaməsinə uyğun təhsil alıblar və həmin qaydalarda minalanmış ərazilərin xəritələrinin iki surətdə tərtib edilməsi ciddi şəkildə tapşırılır:
“Həmin xəritələrdən biri bölmədə qalır, digəri isə baş qərargahın xüsusi şöbəsində saxlanılır. Buna görə, şübhəsiz ki, bütün bu xəritələr onlarda var”.
Politoloq vurğulayıb ki, xəritələrin Azərbaycana verilməsi məsələsi Ermənistanın qarşısında şərt kimi qoyulmalı və bunda beynəlxalq təşkilatlar da iştirak etməlidir.
Onun sözlərinə görə, nəzərə alsaq ki, rusiyalı sülhməramlıların da həmin minalardan xəsarət alma riski var, o zaman Rusiya da minalanmış ərazilərin xəritələrinin Azərbaycana verilməsini açıq şəkildə dəstəkləyir.