Şiir Kılkış:Dövlətlər COP çərçivəsində götürdükləri öhdəlikləri yerinə yetirməlidir

Dövlətlər BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının sessiyaları (COP) çərçivəsində üzərinə götürdükləri öhdəlik və proqramların reallaşdırılması üzrə effektiv praktik addımlar nümayiş etdirməlidir.

AZƏRTAC xəbər verir ki, bu sözləri İqlim Dəyişikliyi üzrə Hökumətlərarası Panelin (IPCC) nəzdində İstixana Qazları Emissiyaları üzrə üçüncü İşçi komissiyasının sədr müavini, Ankaradakı Yaxın Şərq Texniki Universitetinin dosenti Şiir Kılkış Azərbaycanda COP29-dan gözləntiləri bölüşərkən jurnalistlərə açıqlamasında deyib.

Onun sözlərinə görə, COP-un hər sessiyasında hökumətlər getdikcə daha iddialı hədəflər səsləndirir, lakin onların hamısı arzuolunan nəticədən uzaqdır. Belə ki, ətraf mühitin qorunmasında problemlər qalmaqdadır və səylərin təsiri də yetərli deyil.

Ekspert diqqəti 2024-cü ilin iyulunda atmosferdə karbon qazının miqdarının 425 ppm (milyonda bir hissə – havanın çirklənməsinin ölçülməsi üçün istifadə olunan ölçü vahidi – red.) həddini keçərək davamlı artmasına yönəldib. O xatırladıb: “Müqayisə üçün deməliyəm ki, keçən il yayın ortalarında atmosferdə CO2 səviyyəsi 420 ppm idi”.

Türkiyə universitetlərindən birinin dosenti vurğulayıb: “Atmosferdə istixana qazlarının miqdarının artması, digərlər fəsadlarla yanaşı, buzlaqların əriməsini stimullaşdırır və nəticədə bütün planetə təsir edir. İqlim dəyişikliyinin nəticələri artıq Yer kürəsinin bütün guşələrində hiss olunur. Ona görə də dövlətlərin iqlim sektorunda birgə addımlar atması vacibdir”.

BMT səviyyəsində 2030-cu ilə qədər dövr üçün açıqlanan iqlim hədəflərindən danışan Kılkış bərpaolunan enerji mənbələrinin gücünün üç dəfə artırılmasının vacibliyinə diqqət çəkib.

“IPCC-nin son dəhşətli proqnozları qlobal istiləşmənin 3,2 dərəcəyə çatmasını göstərir ki, bu da Paris Sazişinin öhdəliyindən iki dəfə çoxdur. Normadan artıq yağıntılar, quraqlıq və meşə yanğınlarında artım müşahidə olunur. Dünyamız həyat və davamlı inkişafa getdikcə daha az uyğunlaşır”, -deyə ekspert bildirib.

Polise.az

Hamısını Göstər

Related Articles

Bir cavab yazın

Back to top button