Şimali Koreyadan Cənubi Koreyaya sərt xəbərdarlıq: Hər şeyə hazır olun!

Şimali Koreya Cənubi Koreyanı sərhəddə mümkün hərbi təxribatların ağır nəticələri barədə xəbərdar edib.
Polise.az xəbər verir ki, bu barədə Koreya Əmək Partiyası Mərkəzi Komitəsinin şöbə müdiri Kim Yo Çjon bəyanat verib.
Koreya Mərkəzi Xəbər Agentliyinin (KCNA) yaydığı bəyanatda bildirilib ki, Seulun hər hansı qəsdən və ya təsadüfən atacağı yanlış addım sərt cavabla nəticələnə bilər.
“Başqalarının həyətindəki hasarın təmirinə belə mane olan, daim hərbi cavabdan danışan qüvvələrə ciddi xəbərdarlıq edirik. Əgər onlar bir dəfə də olsa, qəsdən və ya təsadüfən səhvə yol versələr, hər şeyə hazır olmalıdırlar”, – Kim Yo Çjon bildirib.
Onun sözlərinə görə, Şimali Koreyanın yeni hərbi vasitələri iki ölkə arasındakı demarkasiya xətti boyunca tam döyüş hazırlığı vəziyyətində saxlanılacaq. Sərhəddə səsgücləndirici sistemlərin də yaxın günlərdə quraşdırılması nəzərdə tutulur.
Kim Yo Çjon daha əvvəl Cənubi Koreya hərbçilərinin sərhədin ən azı iki hissəsində səsgücləndiricilər vasitəsilə xəbərdarlıqlar etdiyini və xəbərdarlıq atəşi açdığını açıqlamışdı.
O vurğulayıb ki, Şimali Koreya hərbçilərinin cavab atəşi açması vəziyyətin kəskin şəkildə gərginləşməsinə səbəb ola bilər.
Polise.az



