Şirvan polisi ““Ağ ölüm bəşəriyyətin bəlasıdır” və “Erkən nikaha yox deyək” mövzularında maarifləndirici tədbirlər keçirib

Neftçala Rayon Polis Şöbəsinin təşkilatçılığı ilə E.Həbibov adına 4 saylı məktəbdə və M.Səfərov adına İnteqrasiya təlimli internat tipli gimnaziyada “Ağ ölüm bəşəriyyətin bəlasıdır” və “Erkən nikaha yox deyək” mövzularında maarifləndirici tədbirlər keçirilib.

Hər iki tədbirdə çıxış edən RPŞ-nin rəis müavini, polis polkovnik-leytenantı Cərbayıl Əhmədov narkotik vasitələrin məhvedici təsirləri barədə geniş məlumat verib. Bu maddələrin insan sağlamlığına vurduğu zərərlərdən danışan rəis müavini, bildirib ki, ölkənin hər yerində narkomanlığa qarşı mübarizənin gücləndirilməsində və bu bəlaya düçar olmuş şəxslərin sağlam həyata qaytarılmasında hüquq mühafizə orqanları ilə yanaşı, cəmiyyətin hər bir üzvü fəallıq göstərməlidir.

 “Erkən nikaha qətiyyətlə yox deyək” mövzusunda çıxış edən iştirakçılar isə yeniyetmə vaxtlarında gənclərin, xüsusən də qızların ailə qurmasının onların gələcəkdə fiziki və mənəvi sağlamlığı üçün ciddi təhlükə törətdiyini bildiriblər.

Görüşlərin sonunda şagirdlərə narkotiklərin zərərli təsiri ilə bağlı videoçarx nümayiş etdirilib və onları maraqlandıran suallar cavablandırılıb.

Hamısını Göstər

Related Articles

Back to top button