Siyavuş Novruzov: “Əli Əhmədov Prezidentdən xahiş elədi ki, onu bağışlasın”

Yeni Azərbaycan Partiyasının (YAP) icra katibinin müavini, Milli Məclisin deputatı Siyavuş Novruzov unikal.org saytına müsahibə verib.

Həmin müsahibəni təqdim edirik:

– Siyavuş müəllim, Milli Məclisin son iclasında koronavirusa inanmayanların cəzalandırılması ilə bağlı səsləndirdiyiniz fikirlər narazılığa səbəb olmuşdu. Təpkiləri necə qarşıladınız?

– Mən bunu vətəndaşlar üçün deyirəm, özüm üçün demirəm ki. Bir nəfər bütün bir ailəsini, ətrafını yoluxdura bilir. Göründüyü kimi, bu hal getdikcə genişlənir. Biz inzibati xətallar məcəlləsində dəyişiklik edəndə bunların hamısını götür-qoy etmişik, hər şeyi nəzərə almışıq. Dövlət tərəfindən lazım olan  hər bir addım atılıb. Dövlət birinci gündən başlayaraq labaratoriyaları və xəstəxanaları tam hazır vəziyyətə gətirib. Hansı ki, o vaxt bu virus dünyada çox geniş yayılmamışdı. Yeni tibbi avadanlıqların alınması üçün müxtəlif  ölkələrə sifariş verilib və pulu da ödənib. Karantin dönəmində sosial durumu aşağı olanlara, işsizlərə, işə gedə bilməyənlərə kompensasiya verilib, eləcə də özəl sektorlarda işləyənlərin maaşı verilməklə evdə oturmaqları deyilib.

Tibbi dəstəklə bağlı bütün addımlar atılıb. Bunları dəfələrlə demişik, təkrar eləmək istəmirəm. 190 manatlıq kompensasiya, əslində, 200 min adam üçün nəzərdə tutulmuşdu, amma 600 min adama verildi, bu yardım 1 ay üçün nəzərdə tutulmuşdu, amma 3 aydır, kompensasiyalar davam edir. Yolların dərmanlanması, dezinfeksiya edilməsi, yəni çox bir iş görülüb. İndi bircə məsuliyyət qalır vətəndaşın üzərində. Vətəndaş gərək dövlətin qanununa hörmətlə yanaşsın. Qapalı yerdə maska taxılmalıdır. Bəziləri elə başa düşür ki, biz qərarı veririk ki, kimdənsə pul alaq. Əslində, bu cərimələrin mahiyyəti fərqlidir. İstəyirik ki, vətəndaş qanunları pozmasın, qaydalara əməl olunsun. Biz bunu deyirik, amma bizə qarşı kampaniyaya başlayırlar.

– Sizcə, nəyə görə hökumət nümayəndəsinin, yaxud hakim partiyanın təmsilçilərinin fikirlərinə belə münasibət yaranıb?

– Xeyr. Burda sadəcə vətəndaş laqeydliyi var. Kimlərinsə də özünü göstərmək istəyidir. Hökumət nümayəndələri xalqın əleyhinə nəsə demir ki. Tələb odur ki, maska tax, özünü, ailəni və cəmiyyəti qoru.

– Tək bu məslə deyil, ümumiyyətlə, deputatlar hər hansı məsələyə münasibət bildirəndə dövlətin maraqlarından çıxış edirlər. Ortaya sual çıxır ki, siz millətin vəkillərisiz, yoxsa dövlətin… 

– Biz millətin dərdinə qalırıq. Qəbul etdiyimiz bütün qərarlar millətin xeyrinədir. Bizim danışdıqlarımızın hər birini yazmırsınız. Mənim o çıxışımın bir əvvəlini, bir də sonun verdilər. Əsas mahiyyət ortasında idi. Çox oxunmaq üçün müəyyən məqamları verirlər, o fikirlər də, bax, Siz deyən müzakirələrə səbəb olur. Biz orada hökuməti də tənqid etmişik, nazirləri də. Bəziləri anlamır ki, deputatlar qanunverici strukturdur, icraedici struktur deyil. Deputat su, qaz çəkən, ev tikən deyil. Qanunu qəbul edir və icrasına nəzarət edir. Vətəndaşın problemini aiddiyyəti orqanlara çatdırır, daha özü həll edə bilməz. Dövlət isə hər şeyi qəbul edilən plan əsasında həyata keçirir.

– Siyavuş müəllim, əvvəllər də, elə son dövrlər də YAP-dan narazı olan partiyadaşlarınız olur. Bu günlərdə Musa Musayev, Siz də daxil olmaqla, YAP rəhbərliyi ilə bağlı ağır ittihamlar səsləndirmişdi. Bu məsələyə qayıtmağınızı istərdik. Əslində, narazılığın mahiyyəti nədir? 

– Bilirsiniz, Musa Musayevin fikirlərinin heç bir əsası yoxdur. Deyir ki, guya, onun deputat seçilməsinə mane olmuşuq. Mən parlamentə üzv seçmirəm, deputatı xalq seçir. Musa Musayev bir dəfə proporsional qaydada deputat seçilib. Ondan sonrakı seçkidə seçilmədi, amma ona etimad göstərilərək Naftalan Şəhər İcra Hakimiyyətinə başçı göndərildi. Orada niyə işdən çıxarılıb, özü hamıdan yaxşı bilir. Ona daha artıq nə etmək olardı? Millət vəkili seçilib, icra başçısı təyin edilib. İrəliyə getmək üçün insan gərək öz üzərində işləsin. Başqasını ittiham etməyə nə var ki…

– Amma onun ittihamlarından o da anlaşılır ki, seçki təyinatla, siyahı ilə olur…

– Məsələ elə budur da. Öz marağı təmin olunmayanda, seçkinin üzərinə kölgə salır. Necə olur ki, o deputat olanda seçki ilə olur, başqası olanda siyahı? Bizdə seçki azad və demokratik keçirilir. Partiyamızda 740 min üzv var və onların hər biri deputat olmağa layiqdir. Amma namizədlər müəyyənləşir, müzakirə edilir, kimlərin rəsmi namizəd olacağı İdarə heyətinin qərarından asılıdır. Sabah İdarə Heyəti məni məsləhət bilməyəcəksə, çəkilib kənarda duracam.

– YAP İdarə Heyəti də özlərinə yaxın adamların namizədliyini təsdiqləyir, yoxsa?

– Qəti şəkildə belə şey yoxdur.

– Söhbət parlament seçkilərindən getmir, ümumiyyətlə, son təyinatlara baxırsan, kimsə kiminsə qohumudur, yaxınıdır…

– Elə deyil. Bizdə bir ənənə var. Təqdimat göndərəndə, 30 nəfərin sənədini göndəririk. Kimin seçilməsi artıq bizim səlahiyyətimiz daxilində deyil.

– Yekun qərarı verənlər Sizin təmsil olunduğunuz siyasi qüvvədən formalaşan hakimiyyət nümayəndələri deyilmi? 

– Orası elədir. Amma orda da kateqoriya var. Təqdimatı verilən adamın təhsilinə, fəaliyyətinə, işinə baxılır. Biz elə-belə heç kəsin namizədliyini irəli sürmürük. Götür-qoy ediləndən sonra ən layiqli şəxs üzərində seçim edilir.

– Amma təyinat xəbərləri, adətən, “filankəsin oğlu, qardaşı oğlu vəzifə aldı” kimi təqdim olunur. Camaat da fikirləşir ki, bəs bu kasıb camaatın övladlarına nə zaman qapı açılacaq? 

– Mən o fikirlərlə razı deyiləm. Kifayət qədər qapı açıqdır. Bax bu binada işləyənlərin hamısı kasıb uşaqlardır. Hansının atası vəzifədədir? Əgər birinin atası vəzifədədirsə, özü qabiliyyətlidirsə, o adam ölməlidir?

– Say çox olanda diqqət çəkir…

– Say çox deyil axı. Azərbaycanda 100 mindən artıq dövlət qulluqçusu var. Hamısı elə hakimiyyətdə olanların uşaqlarıdır? Dərinliyin bilməyəndə kənardan hər şey belə görünür də.

– Siyavuş müəllim, son günlər sabiq Səhiyyə naziri Əli İnsanov yenə danışmağa başlayıb. Bildirib ki, YAP-dan onun partiyasına transfer edənlər var…

– Elə bir şey yoxdur. Beyləqan rayon təkilatının sədri vardı, biz onu hələ 15 il bundan qabaq uzaqlaşdırmışdıq. Bir odur, bir də Nəsimi rayon təşkilatından bir-iki nəfər. Onlardan başqa YAP-dan onun yanında heç bir şəxs yoxdur.

– Əli İnsanov bir zamanlar YAP-ın sütunlarından sayıldığını…

– (Sualı sona qədər dinləmir) Qəti şəkildə elə şey olmayıb. Bunlar hamısı mifdir, yalandır. Mən birinci gündən bu partiyadayam. İdarə heyətinin üzvü olanda Ziya Bünyadov, Fərəməz Maqsudov, Əli Nağıyev, Siruz Təbrizli, Rəfael Allahverdiyev, Hacıbala Abutalıbov, Asya Manafova – bunların qarşısında o kəs necə sütun ola bilərdi? İndi şərait yaranıb, danışır da.

– Amma ona etimad göstərilmişdi… 

– Əli Nağıyev sosial təminat naziri idi, Ziya Bünyadov akademik idi, həm də deputat idi, Murtuz Ələsgərov parlamentin sədri idi. Hansına etimad göstərilmirdi ki?

– Amma sonralar Siruz Təbrizli incik salınmışdı.

– Ola bilər. Kollektiv idarə olunan təşkilatdır. Bilirsiniz, bəziləri özləri barədə mif yaradır. Əli İnsanovun YAP-da heç vaxt nüfuzu filan olmayıb. Sadəcə, İdarə Heyətinin üzvlərindən biri olub, vəssəlam.

– Deyir ki, istefa ərizəsini təqdim edibmiş, qəbul olunmayıb.

– Ağ yalandır. Ömründə istefa ərizəsi yazmayıb. Gəlin, Sizə bu günə kimi heç yerdə deyilməyən bir məsələni danışım. Deməli, 2005-ci il mart ayında partiyanın qurultayından bir gün əvvəl iclas keçirilirdi. İdarə Heyəti toplanmışdı. Cənab Prezident də iştirak edirdi. Sıralamaya görə, Əli Əhmədov, mən, yanımda isə Əli İnsanov oturmuşdu. Orda baş verənlərlə bağlı stenoqram var, 20 nəfər də şahidddir. Bu ayağa durub, Prezidentdən üzr istəyərək, çıxış eləmək istədiyini dedi.

Prezidentə dedi ki, məni müdafiə edin, Ramiz Mehdiyevlə Əli Həsənov mətbuatda məndən yazdırır. Cənab Prezident də ona qapını göstərdi, dedi ki, özünü idarə edə bilmirsənsə, gedə bilərsən. Deməli, bir jurnalistlə məsələni həll edə bilmirsənsə, məsələni Prezident həll eləməlidir?

Əl-ayağı titrəməyə başladı. Qolundan tutub, oturtdum. Səhəri gəlib Əli Əhmədova xahiş elədi ki, Prezidentə deyin, məni bağışlasın. Əli Əhmədov da Prezidentdən xahiş elədi ki, onu bağışlasın. Üç gün sonra Əli İnsanov zəng elədi ki, gəlib Sizə minnətdarlıq eləmək istəyirəm. Mübariz Qurbanlı, Əli Əhmədov, Bahar Muradova və mən otaqda oturmuşduq. Gəldi, hərəmizə də bir kitab gətirmişdi. Dedi ki, gedib prezidentdən üzrxahlıq elədim, məni bağışladı, işimə davam edəcəm. İndi tülkü özünü şir libasında camaata təqdim eləmək istəyir. Əgər dediklərimdə bir cümlə səhv varsa, mandatımı stolun üstünə qoyaram.

Mənbə
unikal.org
Hamısını Göstər

Related Articles

Back to top button