“Siz artıq 4-cü dünya savaşına başlamısız!”-Paşinyan Azərbaycan hərbçisi ilə bağlı müxalifətin ittihamına cavab verdi

Ermənistanın Baş naziri Nikol Paşinyan parlamentdə hökumətin sual-cavab sessiyası zamanı Şəkidə azərbaycanlı hərbçinin peyda olması və bundan sonra baş verən hadisələrlə bağlı müxalifət deputatlarının suallarına cavab verib. Paşinyan müxalifətin hökuməti hadisə ilə bağlı ilkin nəticələr çıxarmaqda və lazımi addımları atmamaqda ittiham etməsinə münasibət bildirib.
Polise.az bu haqda “Armtimes” nəşrinə istinadla yazır.
Baş nazir “Güclü Ermənistan” fraksiyasının deputatı Qarnik Davtyanın bəzi fikirlərinə cavab olaraq deyib:
“Siz bizi ittiham edirsiniz ki, biz məlumatlara əsaslanaraq hansısa ilkin nəticələr çıxarırıq. Siz isə artıq bu hadisəyə görə 4-cü dünya müharibəsinə başlamısınız, hərbi vəziyyət elan etmisiniz, bütün texnikanı çıxarmısınız, bütün istiqamətlərdə yaylım atəşi ilə zərbələr endirirsiniz. Biz hara gəlib çıxmışıq belə?..”
Müxalifət deputatı isə azərbaycanlı hərbçinin Ermənistanda cinayət törətdiyini iddia edib. Onun sözlərinə görə, hərbçi bir neçə evə daxil olub, o cümlədən bir qadının evinə girib, qadına atəş açıb və uşaqları qorxudub.
“Azərbaycanlı hərbçi cinayət törədib. Bir neçə evə daxil olub, qadının evinə girib, qadına atəş açıb, uşaqları qorxudub. Kənd də, erməni cəmiyyəti də qorxu içindədir. İndi siz ilkin bəyanatlarınızla bunu ört-basdır etməyə çalışırsınız”, – deyə deputat bildirib.
O, həmçinin azərbaycanlı hərbçinin Azərbaycana təhvil verilməsi ehtimalına toxunaraq Paşinyan hökumətindən bunun qarşısının alınması üçün hansı addımların atıldığını soruşub.
“Əgər məsələ onun təhvil verilməsidirsə və siz bunun qarşısını heç bir şəkildə ala bilmirsinizsə, sizdə alınmırsa və ya bacarmırsınızsa, bizə bir işarə verin, başa düşək”, – deyə deputat Paşinyana müraciət edib.
Paşinyan isə deputatın “işarə verin” ifadəsinə cavab verib.
Ermənistan parlamentindəki çıxışın digər detalları açıqlanmayıb.
Qeyd edək ki, azərbaycanlı hərbçinin Ermənistan ərazisində peyda olması ilə bağlı hadisə son günlər iki ölkə arasında yeni müzakirələrə səbəb olub. Ermənistan hakimiyyəti hadisənin bütün təfərrüatlarının araşdırıldığını bildirir, müxalifət isə hökumətin hadisəyə münasibətini tənqid edir.
S.Laçın
Polise.az



