Sosial şəbəkələrdə narkotik vasitələrin qəbulunu təbliğ edən şəxs ələ keçdi
Sosial şəbəkələrdə profil yaradaraq narkotik vasitələrin qəbulunu təbliğ edən videolar yayan daha bir şəxs saxlanılıb.
Bununla bağlı Daxili İşlər Nazirliyinin Mətbuat xidməti məlumat yayıb.
Baş Narkotiklərlə Mübarizə İdarəsinin Cəlilabad Rayon Polis Şöbəsinin əməkdaşları ilə birgə həyata keçirdikləri əməliyyat-axtarış tədbiri nəticəsində həmin profil səhifəsinin sahibi, Cəlilabad rayonu Privolnoye kənd sakini Könül Ağayeva saxlanılıb.
O, ifadəsində sosial şəbəkədə narkotik vasitələrin qəbulunu təbliğ etdiyini boynuna alıb. Təyin olunan ekspertizaların nəticəsində Könül Ağayevanın narkotik vasitə və psixotrop maddələr qəbul etdiyi məlum olub.
Könül Ağayeva barəsində İnzibati Xətalar Məcəlləsinin 206-cı maddəsi ilə protokol tərtib edilib. Onun törətdiyi qanun pozuntusuna hüquqi qiymət verilməsi üçün barəsində toplanan materiallar Cəlilabad Rayon Məhkəməsinə göndərilib.