Sosial Tədqiqatlar Mərkəzi 2025-ci ildə: İctimai rəyin dinamikası

44 günlük Vətən müharibəsi ilə əldə olunan möhtəşəm Qələbə torpaqların işğaldan  azad edilməsi ilə yanaşı, Azərbaycan dövlətinin qarşısında yeni ideoloji-siyasi çağırışlar yaratdı. 

Prezident İlham Əliyevin rəhbərliyi ilə yeni  qalib dövlət modeli daxildə milli həmrəyliyi gücləndirdi, regionda və dünyada Azərbaycanın geosiyasi statusunu yüksəltdi. Yeni reallıqlar bütün hakimiyyət institutları, o cümlədən, beyin mərkəzləri qarşısında mühüm vəzifələr müəyyənləşdirdi.

Sosial Tədqiqatlar Mərkəzi 2025-ci ildə fəaliyyətini tədqiqat institutu kimi qalib dövlətin yeni ideoloji, siyasi və sosial hədəfləri istiqamətində qurmaqla bərabər, regional və  beynəlxalq proseslərin daxili təsirlərini və tendensiyaları qiymətləndirməyə çalışıb.

Prezident İlham Əliyevin 8 fevral 2019-cu il tarixli 525 nömrəli Fərmanı ilə yaradılmış Sosial Tədqiqatlar Mərkəzi (STM) ictimai münasibətlərin dinamikasını təhlil edən və dövlət islahatlarının elmi diaqnostikasını həyata keçirən intellektual mərkəz kimi özünü təsdiq edib. Mərkəzin nizamnamə vəzifələrinə  cari proseslərin monitorinqi ilə yanaşı, uzunmüddətli dəyişikliklərin proqnozlaşdırılması, potensial risklərin qiymətləndirilməsi və  siyasət, təhlil, tədqiqat sənədlərinin hazırlanması daxildir.

STM-in 2025-ci il fəaliyyəti Prezidentin sərəncamı ilə elan edilən “Konstitusiya və Suverenlik İli” ilə sıx bağlı olub. Ərazi bütövlüyünün bərpasında sonra qazanılan yeni milli və siyasi kimlik, ictimai rəyin dəyişən dinamikasının izlənilməsi, media trendlərinin və rəqəmsal platformların müxtəlif alətlərlə analizi , Hesabat dövründə Mərkəzin fəaliyyəti 7 əsas istiqaməti, 31 məqsədi və 141 fəaliyyət bəndini əhatə edərək sosial-siyasi gündəmin bütün aspektlərini sistemli şəkildə təhlil edib.

Mərkəz dövlət orqanlarını çoxsaylı analitik hesabatlarla təmin edir. 2025-ci ildə Vətən Müharibəsindəki tarixi Zəfərin beşinci ildönümü və “Böyük Qayıdış” proqramının icrası, eyni zamanda dövrün xüsusi mərhələsi hesab edilən sülh quruculuğu sahəsində tədqiqatlar xüsusi yer tutub.

Prezidentin fəaliyyətinin ictimai rəydə yüksək qiymətləndirilməsi, hakimiyyət institutlarının fəaliyyətinin monitorinqi və güclü dövlət fenomeninin təhlili
2025-ci ildə STM-in tədqiqat fəaliyyətinin mərkəzində Prezident İlham Əliyevin şoxşaxəli dövlət kursunun, qlobal gərginlik fonunda milli təhlükəsizliyin gücləndirilməsi, Qarabağ və Şərqi Zəngəzura “Böyük Qayıdış”ın uğurla və davamlı icrası, iqtisadiyyatın şaxələndirilməsi, qeyri-neft sektorunun inkişafı, makroiqtisadi göstəricilərin artırılması, ölkə və beynəlxalq əhəmiyyətli enerji-nəqliyyat-infrastruktur layihələrinin həyata keçirilməsi, sosial-iqtisadi inkişaf üçün müəyyən olunan uzunmüddətli Strategiya və Yol Xəritələri üzrə fəaliyyətin təhlili olub. Bu çərçivədə rəqəmsal iqtisadiyyatın və süni intellektin inkişafı yeni strategiyalar olaraq qəbul olunmuş, dövlət proqramlarının ardıcıl icrasına nəzarət mexanizmlərinin yaradılması diqqət mərkəzində saxlanılmışdır. Sosial sahədə həyata keçirilən tədbirlər əhalinin rifahının yüksəldilməsi, məşğulluğun artırılması, sosial həssas əhali qrupunun dəstəklənməsi, o cümlədən Şəhid ailələri və müharibə iştirakçılarının və onların ailə üzvlərinin dövlət qayğısı ilə daha geniş əhatə olunması, ümumilikdə ölkədə insan kapitalının inkişafını hədəfləmişdir.
2025-ci ildə prezident tərəfindən ümumilikdə 275-dən çox fərman, 250-dən çox sərəncam, 165-dən çox qanun imzalanmışdır. Prezident 123 görüş, 113 qəbul, 15 imzalanma mərasimi, 17 mətbuat konfransı, 33 səfər, o cümlədən 20 xarici və 13 regionlara səfərdə (Qarabağa 7, Şərqi Zəngəzura 3) iştirak edib, 296 tədbirə qatılıb, yerli və xarici mediaya 12 müsahibə verib. Prezidentin ötən ildə aktiv fəaliyyətinə dair statistik mənzərənin 2026-cı ildə daha da inkişaf edəcəyi aydındır. Bütün görüşlər, səfərlər, tədbirlər ölkənin milli maraqlarının irəli aparılmasına xidmət etmişdir. Mərkəzin apardığı tədqiqatlar beynəlxalq praktikada etibarlı alə kimi tanınan “İnam indeksi” metodologiyası əsasında aparılıb. Hesabat ilində tədqiqatın 14-cü və 15-ci mərhələləri reallaşdırılıb.

STM-in  təhlilləri Prezident İlham Əliyevin liderlik modelinin milli təhlükəsizlik və sosial tərəqqinin təminatçısı kimi çıxış etdiyi təsdiqini tapıb.

Sülh geosiyasəti və regional əməkdaşlıq perspektivləri

2025-ci ildə STM-in fəaliyyətinin ikinci əsas istiqaməti Azərbaycan və Ermənistan arasındakı sülh prosesinin təhlili və regionun sabit iqtisadi əməkdaşlıq zonasına çevrilməsi perspektivlərinə həsr olunub.

Mərkəzin ekspertləri Azərbaycan və Ermənistan arasında sülh sazişi layihəsinin 8-ci maddəsi ilə bağlı geniş təhlillər apararaq, müvafiq təkliflər hazırlayıblar. Tədqiqatlar həmçinin qlobal erməni şəbəkəsinin fəaliyyətini və onların Bakının sülh təşəbbüslərinə qarşı müqavimət cəhdlərini də əhatə edib və Azərbaycan cəmiyyətinin dünya və region ölkələrinə münasibətinin dövri monitorinqi həyata keçirilib.

Azərbaycanın Türkiyə, Çin və ABŞ kimi əsas beynəlxalq aktorlarla münasibətləri 2025-ci ildə tədqiqat obyekti olub. Bakı-Pekin və Bakı-Vaşinqton strateji tərəfdaşlığı, habelə Azərbaycanın Türk Dövlətləri Təşkilatındakı (TDT) rolu STM-in ekspert yanaşması ilə də təhlil edilib.

Dövlət proqramlarının icrası və idarəetmə səmərəliliyinin monitorinqi

Sosial Tədqiqatlar Mərkəzi 2025-ci ildə mühüm dövlət proqramlarının, xüsusilə “Korrupsiyaya qarşı mübarizənin gücləndirilməsinə dair 2022–2026-cı illər üçün Milli Fəaliyyət Planı”nın icrasında aktiv iştirak edib.  Planın 4.9-cu bəndinə uyğun olaraq, STM dövlət xidmətlərinin keyfiyyətinin qiymətləndirilməsi və vətəndaşların müxtəlif qurumların fəaliyyətindən məmnunluq səviyyəsinin müəyyən edilməsi məqsədilə genişmiqyaslı sorğular keçirib.
2025-ci ilin “Konstitusiya və Suverenlik İli” elan edilməsi STM-in fəaliyyətində xüsusi yer tutub. Mərkəz bu çərçivədə təsdiqlənmiş Tədbirlər Planının əsas icraçılarından biri kimi müəyyən edilib. STM Türkiyə, Almaniya, Macarıstan, Yaponiya, Çin və digər ölkələrin aparıcı ekspertlərinin iştirakı ilə “XXI əsrdə dövlət suverenliyi və milli konstitusiyalar” mövzusunda beynəlxalq elmi-praktik konfrans təşkil edib. Konfransın nəticəsi olaraq 151 elmi məqalədən ibarət 734 səhifəlik fundamental toplu nəşr edilib.

Dövlət orqanlarının monitorinqi çərçivəsində “qaynar xətt”lərin fəaliyyəti və qurumların sosial media aktivliyi də təhlil edilib. 2025-ci ildə 40 dövlət qurumuna vətəndaş müraciətlərinə reaksiyanın operativliyini müəyyənləşdirmək üçün 6000-ə yaxın nəzarət zəngi reallaşdırılıb. Ölçmələr  ictimai kommunikasiya sahəsində real mənzərəni qiymətləndirməyə, təkmilləşdirmə mexanizmləri təklif etməyə imkan verir.

Böyük Qayıdış: Qarabağ və Şərqi Zəngəzurun bərpasının sosioloji mənzərəsi

Azad edilmiş ərazilərin reinteqrasiyası və “Böyük Qayıdışa dair I Dövlət Proqramı”nın icrası 2025-ci ildə STM üçün prioritet mövzu olub. Mərkəz Qarabağın bərpasının sosial-iqtisadi aspektlərini sistemli şəkildə izləyib, məkuslaşmanın dayanıqlığı və rifaha təsirinə xüsusi diqqət yetirib.
2025-ci ilin iyul ayında azad edilmiş rayonlara  qayıdan 1100 vətəndaş arasında dərin sosioloji tədqiqat aparılıb. Sorğu vətəndaşların dövlət tərəfindən yaradılan şəraitdən məmnunluğunu və gələcəyə nikbin baxışını ortaya qoyub. Paralel olaraq, Azərbaycanın regiondakı “yumşaq gücü” və Orta Dəhliz stretagiyasının bir parçası olan TRİP layihəsinin azad edilmiş torpaqların gələcək inkişafındakı rolu tədqiq edilib.

Mərkəzin ekspertləri ərazilərin – mina təhlükəsi yaratdığı təhülkələrin qiymətləndirilməsi, mina terrorundan ziyan çəkən şəxslərin sosial reabilitasiya tədbirlərinə dair təhlil sənədləri hazırlayıb. “Minalar – Qarabağ müharibəsinin mirası və Böyük Qayıdış üçün çağırış” mövzusundakı tədqiqatlar beynəlxalq forumlarda təqdim edilərək dünya birliyinin diqqəti postmünaqişə dövrünün humanitar problemlərinə yönəldirilib.

İdeoloji təhlükəsizlik və hibrid təhdidlərlə mübarizə

Qlobal informasiya müharibəsi şəraitində STM 2025-ci ildə ideoloji təhlükəsizliyin təmin edilməsi istiqamətində fəaliyyətini gücləndirib. Əsas diqqət Azərbaycana qarşı dezinformasiya kampaniyalarının ifşasına və xarici güclərin hibrid təsir mexanizmlərinin təhlilinə yönəlib.

Fəaliyyətin mühüm bir hissəsini Ruben Vardanyan və müharibə cinayətlərində təqsirləndirilən şəxslərin üzərində aparılan ədalətli məhkəmə prosesinin ictimai, beynəlxalq reaksiyaları ətrafında geniş araşdırmalar aparılıb. Ruben Vardanyanın beynəlxalq lobbi mərkəzləri tərəfindən müdafisəini təşkil edən qüvvələrin Azərbaycan əleyhinə hibrid informasiya hücumlarında rolu və məqsədləri obyektiv təhlil edilib.  “Ruben Vardanyan: Biznesdən siyasətə gələn yolun başlanğıcı və sonu” adlı kitab nəşr edilib.

Mərkəz həmçinin xaricdəki informasiya şəbəkələrinin fəaliyyyətinin təhlili və yeni yanaşmalar təklif edib.

Dini durumun öyrənilməsi və radikal dini cərəyanlar vasitəsilə xarici müdaxilə cəhdləri də mühüm istiqamətlərdən biri olub. 2025-ci ildə xarici dini mərkəzlərin təbliğat üsulları analiz edilib, Azərbaycanın ənənəvi tolerantlıq modelini qorumaq üçün tövsiyələr hazırlanıb.

Rifah Barometr: 2025-ci ildə rifah, ailə və dəyərlər

STM beynəlxalq praktikada legitimliyini təsdiq edən “Rifah barometri” adlı uzun illər apardığı davamlı tədqiqatlarla vətəndaşların sosial və iqtisadi aktivliyi, gəlirlərin dinamikası, maliyyə savadlılığı, istehlakçı davranışı və ailə institutunun transformasiyasını  diqqət mərkəzində saxlayıb.
“Rifah Barometri” layihəsi xaricdən inflyasiya idxalının daxili iqtisadi vəziyyətə təsiri , hər ay keçirilən “İnflyasiya gözləntiləri və istehlakçı davranışları” tədqiqatları aparaq, müxtəlif hakimiyyət institutları üçün təhlil sənədləri  təqdim edib. Həmçinin, vətəndaşların bank məhsullarına əlçatanlıq, sığorta savadlılığı və nağdsız ödənişlərə münasibət öyrənilib.

Demoqrafiya və ailə dəyərləri xüsusi diqqət mərkəzində saxlanılıb. “Azərbaycan ailəsində boşanma fenomeninin tədqiqi” bu sahədəki yanlış təqdim olunan statistik analziləri dərin təhlil edib, nəsillərarası həmrəylik və yaşlı insanların cəmiyyətdəki rolu ilə bağlı layihələr Azərbaycanın ənənəvi dəyərləri qorumaqla yanaşı, sosial institutları modernləşdirmək əzmini nümayiş etdirib.

Təhsil və insan kapitalı: rəqəmsal dövrün çağırışları

İnsan kapitalının inkişafı “Azərbaycan 2030” strategiyasının təməlidir. STM 2025-ci ildə təhsil siyasəti sahəsində elm və ali təhsilin inteqrasiyasına yönələn bir sıra layihələr reallaşdırıb. “Tədqiqat universitetləri: elm və təhsilin inteqrasiyası” layihəsi akademik sferada aparılan islahatları əhatə edib.

Məktəb təhsili araşdırmalarda aktuallığını qoruyub. STM müəllim-bloggerlərin təhsil prosesinə təsirini, ibtidai siniflərdə təhsilin vəziyyəti və repetitorluq fenomenini analiz edib. Məktəbəqədər təhsilin keyfiyyəti ilə bağlı valideynlər arasında keçirilən sorğu ölkə üzrə 1200 respondentin rəyini əhatə edib.
Türk birliyinin inkişafı kontekstində Beynəlxalq Türk Akademiyası ilə birgə “Türk Barometri 2024–2025” layihəsi uğurla başa çatdırılıb. Tədqiqat TDT ölkələri arasında elm və təhsil sahəsində əməkdaşlığa həsr edilmiş və nəticələri Bakı və Astanada təqdim olunub.

Beynəlxalq əməkdaşlıq və intellektual diplomatiya

2025-ci il STM-in qlobal analitik cəmiyyətə aktiv inteqrasiyası ili olub, həmçinin ESOMAR (Avropa Sorğu və Marketinq Tədqiqatçıları Cəmiyyəti) ilə aktiv əməkdaşlığı davam etdirərək, Praqada keçirilən illik ESOMAR Konqresində iştirak təmin edilib.

STM-in intellektual diplomatiyası aparıcı xarici institutlarla imzalanmış memorandumlarla möhkəmləndirilib.
●    Belarus Strateji Tədqiqatlar İnstitutu (BISI) ilə memorandum.
●    Qətərin Milli İnsan Hüquqları Komitəsi ilə əməkdaşlıq sazişi.
Bu əlaqələr Azərbaycana öz gündəmini dünya elmi ictimaiyyətinə çatdırmağa və daxili vəzifələrin həlli üçün qabaqcıl beynəlxalq təcrübədən istifadə etməyə imkan verir. STM əməkdaşlarının Doha, Praqa, Minsk konfranslarında iştirakı Azərbaycan analitik institutların beynəlxalq səviyyədə tanınmasının təsdiqidir.
Media aktivliyi və kommunikasiya strategiyası: cəmiyyətlə birbaşa dialoq
STM-in 2025-ci ildəki kommunikasiya fəaliyyəti maksimum şəffaflığa və tədqiqat nəticələrinin geniş işıqlandırılmasına yönəlib. Mərkəz milli mediada ən çox istinad edilən mənbələrdən birinə çevrilib. Mərkəzin rəhbərliyi və ekspertləri il ərzində mediada 2500-dən çox çıxış və müsahibə ilə təmsil olunub.
STM öz media layihələrini aktiv şəkildə inkişaf etdirir:
●    Real TV-də “Real Tədqiqat” layihəsi (2025-ci ildə 40 buraxılış).
●    Füyuzat TV-də “Arxa plan” layihəsi (90 buraxılış).
●    İki sahil TV-də “Siyasi baxış” layihəsi (81 buraxılış).
●    Qərbi Azərbaycan Televiziyasında “Deportasiyaya uğrayan irsin izi ilə” xüsusi silsiləsi (17 buraxılış).

Sosial şəbəkələrdə STM təsirli dinamika nümayiş etdirir. Facebook, X (Twitter), Instagram və YouTube platformalarında paylaşımların ümumi sayı hesabat dövründə 1100 vahidə bərabər olub, geniş auditoriyanın, xüsusən gənclərin dövlətin sosil-iqtisadi və siyasi  prioritetlərini yaxından izləməyə imkan verib.
Beləliklə, 2025-ci il ərzində Sosial Tədqiqatlar Mərkəzi tərəfindən 21 040 respondentin iştirakı ilə 27 sosioloji sorğu, 4 dərinləşdirilmiş müsahibə və 2 monitorinq icra edilib. İl ərzində çoxsaylı analitik arayış, 15 təhlil, 18 hesabat, 3 kitab və 209 məqalə hazırlanıb.
Hesabat dövründə 3-ü beynəlxalq elmi konfrans olmaqla 28 tədbir təşkil olunub, 2-si xarici təşkilatlarla olmaqla 4 memorandum imzalanıb, beynəlxalq və yerli tədbirlərdə 64 məruzə təqdim edilib. Xarici mediada və jurnallarda 8 məqalə dərc olunub, 12 müsahibə verilib.

Media və kommunikasiya fəaliyyəti çərçivəsində Mərkəzin 6 efir layihəsi üzrə 245 efir proqramı və 91 video material hazırlanıb. Bundan əlavə, “Sosial tədqiqatlar” elmi jurnalının 1 sayı çapa hazırlanıb, beynəlxalq konfrans materialları üzrə 730 səhifəlik toplu nəşr edilib. Yerli mediada dövlət siyasətinin şərhi çərçivəsində rəhbər heyət tərəfindən 160-dan çox, əməkdaşlar tərəfindən isə 2300-dən çox çıxış və müsahibə həyata keçirilib.

Yekunlar və 2026-cı ilə strateji baxış

2025-ci ilin yekunları göstərir ki, Sosial Tədqiqatlar Mərkəzi ölkə tarixinin ən məsuliyyətli dövründə dövlətlə cəmiyyət arasında intellektual körpü rolunu uğurla yerinə yetirib. 21 000-dən çox respondentin iştirakı ilə keçirilən 27 sosioloji sorğu, hazırlanan analitik arayışlar  və 18 geniş hesabat tədqiqat əsaslı idarəetmə üçün möhkəm empirik baza formalaşdırıb.
2026-cı ildə STM sosioloji tədqiqatlarda süni intellekt texnologiyalarından istifadəni genişləndirməyi, vətəndaşların rəqəmsal hüquqlarının monitorinqini gücləndirməyi və sülh prosesini, regional bə beynəlxalq gündəmin daxili təsirlərinin peşəkar əsaslarla araşdırılmasını davam etədqiqdavam etdirməyi planlaşdırır.

Sosial Tədqiqatlar Mərkəzi Media və Kommunikasiya Departamenti

 

Polise.az 

Hamısını Göstər

Related Articles

Bir cavab yazın

Back to top button