Şoyqu Ağdamdakı Türkiyə-Rusiya Birgə Monitorinq Mərkəzindən danışdı
Rusiya ilə Türkiyə arasında münasibətlərin qurulması çox mürəkkəb, eyni zamanda səmərəli bir işdir.
Bu sözləri Rusiyanın müdafiə naziri Sergey Şoyqu Qazaxıstanın “Tengrinews” agentliyinə müsahibəsində deyib.
S.Şoyqu bildirib ki, Rusiya və Türkiyə mümkünsüz görünən yerdə də kompromislər tapmağı bacarırlar:
“Məsələn, İdlib deeskalasiya zonası. Ümumiyyətlə, bizim fikrimizə görə, Suriyada oxşar zonaların yaradılması, bu cür münaqişələrin həllində yeni səhifə və yeni mexanizmlər açır”.
S.Şoyqu Rusiyanın Türkiyə ilə birlikdə Suriyanın şimal-şərqində patrul işləri apardığını da xatırladı:
“Biz birlikdə terrorçularla mübarizə aparırıq. Birlikdə işləyirik, ortaq hava məkanından istifadə edirik. Bir çox keçid məntəqəsini tənzimləyir, onlara nəzarət edirik, birlikdə qaçqınların problemləri ilə məşğul oluruq”.
Rusiyanın Müdafiə Naziri Ağdamda yerləşən Türkiyə-Rusiya Birgə Monitorinq Mərkəzindən də danışıb:
“Bu, çox da sadə olmayan bir əməliyyatdır. Bunu yalnız bu cür ifadə etmək mümkündür. Çünki buraya çox sayda arqument, element və motiv daxildir”.