Söz kəsərmi savaşı?

Ukraynalı yazıçı azərbaycanlı həmkarına yazır: “Zirzəmidəyik. Bəzimiz koronavirusa yoluxub, dərman tədarükümüz yoxdur. Evdən qida götürməyə çalışanda son gedişimiz olacağı ehtimalı ilə doğmalarımızla vidalaşıb ayrılırıq”.

Kaspi qəzetinin yazısını təqdim edirik:
 
Rusiyanın Ukraynaya hücum etməsi hər kəsi narahat edir, bütün bəşər əhlində təəssüf doğurur. Günahsız insanların ölməsi, gözəl şəhərlərin dağılması çoxlarının qəlbini yaralayır.  Azərbaycan hər bir ölkənin ərazi bütövlüyünü tanıyan, işğala  “yox” deyən, humanist dəyərləri rəhbər sayan bir ölkədir. Azərbaycanın mədəniyyət siyasəti də hər iki ölkə ilə yüksək səviyyədədir.

Onu da deyim ki, Azərbaycan-Ukrayna və Azərbaycan-Rusiya ədəbiyyatı qarşılıqlı olaraq tərcümə edilir. Hər iki ölkənin şairləri ölkəmizdə keçirilən mədəni tədbirlərə qatılır, eləcə də Azərbaycanın qələm əhli həmin respublikalardakı festivallarda, kitab təqdimatlarında iştirak edirlər. Bu ölkələrlə ədəbi əlaqələr quran, orada keçirilən mədəni tədbirlərdə fəal olan, eləcə də Ukrayna və rus ədəbiyyatı nümunələrini dilimizə çevirən bir neçə ədibimizə müraciət edərək son olaylarla bağlı fikirlərini öyrəndik.
 
Böyük təhlükənin astanasındayıq
 
Azərbaycan Yazıçılar Birliyinin katibi Səlim Babullaoğlu mövcud vəziyyəti belə şərh etdi: “Bu gün Ukraynada baş verənlər böyük məyusluq və təşviş doğurur. Belə görünür ki, eyni xalq, eyni dinin təmsilçiləri savaşır. Əslində isə, Ukrayna ərazisində Qərb və Rusiya savaşır. Mən tez-tez Ukraynadan olan dostlarla, həmkarlarla əlaqə saxlayıram. Ukraynada vəziyyət ürəkaçan, yaxşı deyil, Kiyevdə insanların çoxu sığınacaqlardadır. Bilirsiniz, çoxlu mətləblər var ki, onlar barədə açıq danışmaq olmur. Ona görə yox ki, kimdənsə, nədənsə qorxursan. Ona görə ki, söyləyə biləcəyimiz həqiqət, təəssüf ki, indi eşidilməyəcək, ən dəhşətlisi isə təfriqə yaradacaq, ziddiyyətləri çoxaldacaq. Düşünmürəm ki, dünya mediası, KİV həqiqəti deyir, belə deyil, biz bunu 44 günlük savaşda öz dərimizdə hiss elədik. Onlar həqiqəti yarımçıq deyirlər. III Dünya Müharibəsi ola bilərmi? Bəli, böyük bir məyusluqla bunun baş verə bilmək imkanını istisna etmirəm. Təəssüf. Böyük təhlükənin astanasındayıq”.
 
Cənnətin zəbti
 
Ukrayna və Rusiya ədəbi mühiti ilə sıx əlaqəsi olan şair Könül Arif (Həsənqulu) isə təəssüfünü belə dilə gətirdi: “Təəssüf ki, ədəbiyyat heç vaxt bəşəriyyəti siyasətin və onun qanlı mürəkkəblə yazdığı tarixin əlindən ala bilməyib. Sadə insanlar ondan nə qədər uzaq durmağa çalışsa da, müharibənin əsas hədəfi də elə sadə insanlar olur. Siyasət – sönmüş ocaqların közündə, kasıb süfrələrdə, boş qalan beşiklərdə yuva qurur. Bu qüvvənin qarşısında lənətlər də gücsüzdür. Mən Ukraynanı baharında və qışında görmüşəm. O vaxtdan bəri hamıya qarşılıqsız sevgi bəxş edən torpaqların aşiqiyəm. İndi mənim sevdiyim torpaq ağır tankların altında, sinəsi bombalarla dəlik-deşik, insanları zirzəmilərə məhkum halda qalıb. Bu, mənim üçün Cənnətin zəbtidir!”
 
Həmkarlarım zirzəmidədir
 
Könül xanım deyir ki, Ukraynadakı yazıçı dostlarımla mütəmadi danışıram:  “Zəngimə cavab verməyənlər də var, onların halından çox nigaranam və tezliklə bir xəbər tutacağam deyə hər səhər ümidlə telefonuma baxıram, amma boşluqdur sanki onları dərin quyuya salıblar və oradan nə sədaları gələ bilir, nə də bizim səsimiz onlara yetişir. Əlaqə qura bildiyim zirzəmilərə qapanmış həmkarlarımın dedikləri ümumiləşmiş halda belədir:  “Biz zirzəmidəyik. Bəzimiz koronavirusa yoluxub, dərman tədarükü yoxdur. Evdən qida götürməyə çalışanda son gedişimiz olacağı ehtimalı ilə doğmalarımızla vidalaşıb ayrılırıq. Qida tədarükü olmayan minlərlə insanlar indi aclıqdan əziyyət çəkirlər. Bəziləri metrolarda, bəziləri isə zirzəmilərdə. Hamilə qadınlar körpələrini metrolarda, zirzəmilərdə dünyaya gətirirlər. Əksər əhali Kiyevdən 100 km uzaqda məskunlaşıb.

Rusiya hökuməti mətbuata  “biz yalnız hərbi hissələri atəşə tutur, bombalayırıq, sadə vətəndaşlara zərər vermirik” deyir. Halbuki, dəfələrlə yaşayış binasını partladıb, günahsız insanları öldürüblər. Ən ağrılısı budur ki, xəstəxana da partladılıb, uşaqlar ölüb. Rusiya hökuməti bizi parçalayacağını və tez bir zamanda təslim edəcəyini düşünürdü, amma bu ehtimal mümkünsüzdür. Ukrayna xalqı bir araya gəlib və tək səslə öz hakimiyyətinin və prinsiplərinin arxasında dayanır. Bizi bölmək asan olmayacaq.” Rusiya ilə hazırda heç bir əlaqə qurmamışam və niyyətim də yoxdur.

Bütün ürəyimlə tezliklə ailəmlə birlikdə azad, xoşbəxt, əlvan baharlı Kiyevə səyahət edib, dostlarımı, həmkarlarımı sağ-salamat, məsud görməyi arzulayıram. İndi Allahdan ən böyük arzum budur.
 
Müharibənin tezliklə bitməsini istəyirəm
 
Tanınmış tərcüməçi, şair, Ukrayna və Rusiya ədəbiyyatından onlarla əsəri dilimizə çevirmiş Rəbiqə Nazimqızı isə məlum məsələni belə şərh etdi: “Rusiya, təbii ki, qonşu ölkədir və orada da soydaşlarımız yaşayır. Etiraf etmək lazımdır ki, bu mənada Azərbaycan heç də ürəkaçan seçim qarşısında qalmayıb. Amma və lakin bu savaşda Ukraynanın yanında olmaya bilmərəm. İlk növbədə ona görə ki, Ukrayna bu savaşda öz ərazi bütövlüyünü müdafiə edir. İkincisi, analoji situasiyanı biz də Qarabağla bağlı yaşamışıq. Bu səbəblər içərisində, təbii ki, Ukrayna xalqına sevgi və hörmətim durur ki, Kiyevdə – Bravarıda yaşadığım 21 gün ərzində o adamlardan qeyri-adi qonaqpərvərlik, anlayış və həssaslıq görmüşəm. Bu mənada ukraynalı mənim üçün az qala azərbaycanlı deməkdir və Ukraynada yaşayan azərbaycanlılar da bu fikirlərimi bölüşürlər.

Üçüncü Dünya Müharibəsinə gəlincə, ümid edirəm və inanıram ki, Rusiya hərbi və siyasi mövqeyindən geri çəkiləcək. Bu, həm də, oxuyub-gördüyüm qədərilə, sadə rus xalqı və rus ziyalılarının da mövqeyidir.

“Facebook”da ukraynalı həmkarlarımın – Dmitro Drozdovskinin, Lesya Mudrakın statuslarını görürəm və onlara şərhlərdə də, öz paylaşımlarımda da dəstək verirəm.
Müharibənin tezliklə bitməsini və xalqların öz sakit həyatlarına qayıtmasını istəyirəm. Əlbəttə, Ukraynanın – haqqın qələbəsi ilə.

Hamısını Göstər

Related Articles

Back to top button