Sülh planının qəbulu Rusiyadan asılıdır

Ukrayna Prezidenti Volodimir Zelenski ABŞ ilə aparılan müzakirələr çərçivəsində hazırlanmış 20 maddəlik sülh planını ilk dəfə ictimaiyyətə təqdim edib. Rəsmi Kiyev tərəfindən açıqlanan sənəddə Ukraynanın suverenliyinin tanınması, təhlükəsizlik zəmanətləri, atəşkəs mexanizmləri, ərazi məsələləri, iqtisadi bərpa və humanitar problemlərlə bağlı müddəalar yer alıb. Təklif olunan maddələr Ukrayna-Rusiya müharibəsinin diplomatik yolla həlli üçün yeni mərhələnin başlaya biləcəyinə işarə etsə də, planın Trampın yanaşması ilə hansı nöqtələrdə uzlaşdığı və ya fərqləndiyi, həmçinin real nəticə verib-verməyəcəyi sual doğurur.
Bu sülh planı Donald Trampın indiyədək səsləndirdiyi sülh təşəbbüslərindən hansı cəhətlərinə görə fərqlənir? Bu planı hər iki tərəfin qəbul etməsi nə dərəcədə realdır?
Bu haqda Sfera.az-a açıqlama verən politoloq Oqtay Qasımov yeni planda bir neçə əsas məqamın olduğunu qeyd edib:
“Donald Trampın “Yüzillik Proqramı” planı ilkin olaraq 28 bənddən ibarət olub. Hazırda isə təxminən iki aydır davam edən danışıqlar nəticəsində bu plan bu il üçün 20 bəndə endirilib. Son plana görə, Ukraynanın və Avropanın, xüsusilə də təhlükəsizlik baxımından mövcudluğu bu bəndlərlə birbaşa bağlıdır. Bu plana əsasən, Ukrayna müharibə çərçivəsində əsasən 800 min nəfərlik güclü ordu saxlayır və bunun maliyyə yükü səbəbindən müttəfiq dövlətlərdən maddi dəstək tələb edir. Bundan əlavə, Trampın planına və Rusiyanın razılığına əsasən Donbasın tamamilə Rusiyanın nəzarəti altında qalacağı fikri irəli sürülüb. Hazırda Ukraynanın nəzarətində olan bəzi ərazilərin Rusiyaya verilməsi nəzərdə tutulub. Xerson-Zaporojye istiqamətində mövcud təmas xətti isə olduğu kimi saxlanılıb. Planda təklif edilən tənzimləməyə görə, razılaşma əldə olunduqdan sonra tərəflərin nəzarətində olan ərazilər cəbhə xətti kimi qəbul edilib”.

Ekspert Ukraynanın nəzarətində qalan Donbas ərazilərinin azad iqtisadi zona statusu alaraq ABŞ-nin nəzarəti altında olacağını vurğulayıb:
“Beynəlxalq qüvvələr, yəni sülhməramlı kontingent cəbhə xəttinə yerləşdiriləcək. Bundan əlavə, Ukraynanın Avropa Alyansında iştirakı məsələsi də planın əsas bəndlərindən biridir. Bəlkə də bu plan əvvəlki ilə nisbətən Trampın təklif etdiyi daha əlverişli variant kimi qiymətləndirilə bilər. Bu, müəyyən mənada doğrudur. Lakin burada Ukrayna üçün kifayət qədər çətin və ağrılı məqamlar mövcuddur. Ukrayna rəhbərliyi bu qərarları öz xalqı qarşısında əsaslandırmağa çalışır və bu proses prezidentin iştirakı olmadan silahların susdurulması ilə əlaqələndirilir.
Beləliklə, Ukrayna mümkün olan ən ağır siyasi və hərbi sınağa hazır olduğunu göstərirb. Əsas sual isə budur: Rusiya bu planı qəbul edəcəkmi? Mənim fikrimcə, mövcud şəraitdə Rusiyanın bu planı qəbul etmək niyyəti yoxdur və bu, artıq açıq-aydın görünür”.
Polise.az



