SÜLHLƏ BAĞLI mühüm fərman

Azərbaycan və Ermənistan rəhbərliyinin Kazan görüşünün ardınca vacib sənədlər təsdiqləndi; ilin sonunadək sülh imzalana bilərmi; Bakının “sülhü Paşinyanla deyil, Ermənistanla imzalayacağıq” bəyanatı Nikolu hərəkətə keçirtdi

Politoloq: “Bu vəziyyətdə ən optimal yol referendum vasitəsilə Konstitusiyadakı həmin bəndin çıxarılmasıdır”

Azərbaycan Respublikası ilə Ermənistan Respublikası arasında dövlət sərhədinin delimitasiyası üzrə Dövlət Komissiyasının və Ermənistan Respublikası ilə Azərbaycan Respublikası arasında dövlət sərhədinin delimitasiyası və sərhəd təhlükəsizliyi məsələləri üzrə Komissiyanın birgə fəaliyyəti haqqında Əsasnamə” təsdiqlənib. “Yeni Müsavat”ın məlumatına görə, bu barədə Prezident İlham Əliyev Fərman imzalayıb. Qeyd edək ki, sözügedən əsasnamə bu il avqustun 30-da imzalanıb.

Eyni gündə Ermənistan Prezidenti Vaaqn Xaçaturyan isə Azərbaycanla sərhədlərin delimitasiyası üzrə komissiyaların iş reqlamentini imzalayıb.

Qeyd edək ki, oktyabrın 23-də Ermənistan parlamenti Ermənistan-Azərbaycan Sərhədlərinin Delimitasiyası və Demarkasiyası üzrə Komissiyaların Reqlamenti haqqında qanun layihəsini təsdiqləyib. Qanun layihəsinin lehinə 67 deputat səs verib. Səsvermədə yalnız hakim “Vətəndaş müqaviləsi” partiyasından olan deputatlar iştirak edib.

Xatırladaq ki, 24 oktyabrda Kazandakı BRİCS toplantısı çərçivəsində Azərbaycan və Ermənistan liderlərinin görüşü olub.  Prezidentin mətbuat xidmətinin məlumatına görə, görüşdə tərəflər ikitərəfli sülh gündəliyinin irəli aparılmasını, o cümlədən sülh sazişini, sərhədlərin delimitasiyası və demarkasiyasını, qarşılıqlı maraq doğuran digər məsələləri müzakirə ediblər. İki ölkənin xarici işlər nazirlərinə Sülh və Dövlətlərarası Münasibətlərin Qurulması haqqında Saziş üzərində işlərin mümkün tez zamanda yekunlaşdırılması və imzalanması üçün ikitərəfli danışıqları davam etdirmək barədə təlimat verilib.

Kazan görüşünün ardınca dövlət başçıları səviyyəsində atılan addımlar sülh prosesi ilə bağlı nikbinlik yaradır. Həmçinin danışıqların ikitərəfli şəkildə davam etdirilməsi barədə razılaşma Azərbaycanın irəli sürdüyü formatın Ermənistan tərəfindən də qəbul olunduğunu və sülhə aparan ən yaxşı yol olduğunu təsdiqləyir.

Qeyd edək ki, cari ilin 19 aprelində Azərbaycan Respublikası və Ermənistan Respublikası arasında sərhəddə Azərbaycan Respublikası Baş nazirinin müavini Şahin Mustafayevin və Ermənistan Respublikası Baş nazirinin müavini Mqer Qriqoryanın sədrliyi ilə Azərbaycan Respublikası ilə Ermənistan Respublikası arasında dövlət sərhədinin delimitasiyası üzrə Dövlət Komissiyası və Ermənistan Respublikası ilə Azərbaycan Respublikası arasında dövlət sərhədinin delimitasiyası və sərhəd təhlükəsizliyi məsələləri üzrə Komissiyanın səkkizinci görüşü keçirilmişdi. Dövlət başçılarının tapşırığı əsasında baş tutan görüşdən sonra bir sıra nəticələr əldə olundu, o cümlədən 4 anklav olmayan kəndimizin azad olunması və sözügedən əsasnamənin təsdiqi də ikitərəfli əsaslarla aparılan danışıqların nəticəsində reallaşdı. Düzdür, sonrakı mərhələdə prosesi pozmaq istəyən paytaxtların dövriyəyə girməsi nəticəsində Ermənistanda revanşistlər baş qaldırdı, həmçinin Paşinyan hökuməti destruktiv davranışlarını daha nümayişkəaranə şəkildə sərgilədi. Ancaq nə bu kimi anormal davranışlar, nə də Ermənistanın silahlanması, şərti sərhədlərə əladə qüvvə toplaması kimi təhlükəli addımlar rəsmi Bakını mövqeyindən çəkindirə bildi. Sonucda Nikol Paşinyan Azərbaycan Prezidenti ilə görüşməyə can atdı və sözügedən nəticə əldə olundu. Amma hələ bu, ilkin nəticədir, Ermənistanın atmalı olduğu addımlar var.

Kazan şəhərində Prezident İlham Əliyevin Ermənistanın Baş naziri ilə görüşü olub » Azərbaycan Prezidentinin Rəsmi internet səhifəsi

Xatırladaq ki, Kazan görüşü ərəfəsində Amerika Birləşmiş Ştatlarının Prezidenti Cozef Bayden Azərbaycan Prezidenti İlham Əliyevə və Ermənistanın baş naziri Nikol Paşinyana şəxsi nümayəndəsi vasitəsilə məktub ünvanlamışdı. Prezident Əliyevə göndərilən məktubda deyilirdi ki, “İki ölkə arasında münasibətlərin normallaşdırılmasına xidmət edəcək sülh sazişinin yekunlaşdırılması istiqamətində ölkənizin və Ermənistanın əldə etdiyi davamlı tərəqqidən məmnunam. Sizi əmin etmək istəyirəm ki, ABŞ əsrlər boyu davam edən münaqişəyə nəhayət son qoyacaq Azərbaycan ilə Ermənistan arasında dayanıqlı və ləyaqətli sülhün əldə edilməsinə dəstək verməyə hazırdır”. Eyni zamanda bildirilirdi ki, “Sülh sazişi Azərbaycanın suverenliyinin və ərazi bütövlüyünün təmin edilməsi ilə yanaşı, bütün regionu transformasiya edəcək, Avropa və Mərkəzi Asiya arasında daha çox ticarətə, sərmayə qoyuluşuna və bağlılığa xidmət göstərək. Dünyanın diqqəti COP29 ilə bağlı Bakıya yönəldiyi bir vaxtda qlobal ictimaiyyətə sülhə sadiqliyinizi nümayiş etdirmək üçün misilsiz imkana maliksiniz. Bildiyiniz kimi, sülh sazişinin razılaşdırılmamış bəndlərinə dair işin yekunlaşdırılması hər iki tərəfdən kreativlik və güzəşt tələb edəcək. Lakin əminəm ki, bu imkandan yararlanmağa davam edəcəksiniz. Mən Sizi cari ildə sazişi yekunlaşdırmağa dəvət edirəm”. O da vurğulanırdı ki, ABŞ bu məsələyə dəstək verməyə sadiqdir. Sitat: “Mənim administrasiyam sülhə yol açacaq cəsarətli təşəbbüslərin irəli sürülməsinə hazırdır. Xahişimlə xüsusi köməkçim, Avropa üzrə baş direktor Maykl Karpenter atmağa hazır olduğumuz müəyyən addımlarla bağlı Sizi məlumatlandıracaq və Ermənistanla müzakirələrə dair Sizin mövqeyinizi öyrənəcək. Ümid edirəm ki, birgə firavanlıq və ümumi xeyir naminə regiona dair yeni kursun seçilməsi üçün bu fürsətdən yararlanacaqsınız”.

ABŞ prezidenti Nikol Paşinyana məktubunda da onu Azərbaycanla sülh müqaviləsi üzərində işi bu il başa çatdırmağa çağırmışdı. Bayden qeyd etmişdi ki, sülh sazişinin qalan hissələrinin yekunlaşdırılması əzmkarlıq, ixtiraçılıq və güzəşt tələb edəcək. Sözsüz ki, Ermənistanın “layarımçıq sülhü tələsik imzalamasına Bakının öz cavabı var və bu barədə dəfələrlə bildirilir. Elə Prezident köməkçisi də qeyd etmişdi ki, Azərbaycan Paşinyanla deyil, Ermənistanla sülh imzalamaq istəyir. Sülh sənədinin 80-90 faizinin razılaşdırıldığını iddia edən Paşinyan isə Bakı ilə hansısa sənədə imza atmağa çalışır.

Bəs, perspektivlə bağlı nə demək olar? Sülh sazişinin imzalanması tezləşə, ilin sonunadək yekun sənəd imzalana bilərmi?

Elxan Şahinoğlu son çıxışı ilə özünü və “ağalarını” belə ələ verdi - ƏTRAFLI | KONKRET

 Elxan Şahinoğlu

“Atlas” Araşdırmalar Mərkəzinin rəhbəri, politoloq Elxan Şahinoğlu “Yeni Müsavat”a açıqlamasında bildirdi ki, Kazanda BRİCS sammiti çərçivəsində Azərbaycan Prezidenti İlham Əliyev Ermənistanın baş naziri Nikol Paşinyanla ikitərəfli görüşü müsbət qiymətləndirmək olar: “Bu görüşdə həm ikitərəfli sülh gündəliyinin irəli aparılması məqsədilə sülh sazişinin imzalanması, həm də sərhədlərin delimitasiyası və demarkasiyasının davamı vurğulanıb. İki ölkənin xarici işlər nazirlərinə sülh sazişi üzərində işlərin mümkün tez zamanda yekunlaşdırılması və imzalanması üçün ikitərəfli danışıqları davam etdirmək barədə təlimatı da əhəmiyyətlidir”. Politoloqun sözlərinə görə, buna baxmayaraq, Azərbaycanın Ermənistan Konstitusiyasında zəruri dəyişiklik tələbi gündəmdə ağırlığını qoruyur: “Baş nazir Nikol Paşinyan bu məsələni həll etməlidir. Doğrudur, o, Konstitusiya Məhkəməsinin son qərarına istinad edərək Konstitusiyadakı Azərbaycana ərazi iddiasını ehtiva edən bəndin hüquqi qüvvəsini itirdiyini bəyan edib. Ancaq bu, azdır, həmin bənd Konstitusiyadan çıxarılmalı və ya çıxarılacağı tarix barədə konkret öhdəlik götürülməlidir”. E.Şahinoğlunun sözlərinə görə, əks halda, bir gün hakimiyyətdə Paşinyan deyil, qeyrisi olacaqsa, o, özündən əvvəlki hakimiyyətin qərarını tanımaya bilər: “Ona görə də bu vəziyyətdə ən optimal yol referendum vasitəsilə Konstitusiyadakı həmin bəndin çıxarılmasıdır. Bu, iki ölkə arasındakı sülh və əməkdaşlıq yolundakı əsas əngəli ortadan qaldıracaq”.E.PAŞASOY,
“Yeni Müsavat”

Polise.az

Hamısını Göstər

Related Articles

Bir cavab yazın

Back to top button