Sumqayıtda yeni yaşayış kompleksinin təməli qoyuldu
Sentyabrın 3-də Sumqayıt şəhərində güzəştli mənzil layihəsi çərçivəsində növbəti yaşayış kompleksinin təməli qoyulub.
AZƏRTAC xəbər verir ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev təməlqoyma mərasimində iştirak edib.
Mənzil İnşaatı Dövlət Agentliyinin İdarə Heyətinin sədri Sadiq Sadıqov dövlətimizin başçısına yeni layihə barədə məlumat verib.
Bildirilib ki, Sumqayıt şəhərində növbəti güzəştli mənzil layihəsi 2 hektar ərazini əhatə edir. Burada doqquz, on iki və on altı mərtəbəli 11 bina inşa olunacaq. Mənzillərin ümumi sayı isə 466-dır. Onlar studio tipli, 2, 3 və 4 otaqlı olacaq. Ərazidə, həmçinin 90 yerlik uşaq bağçası da inşa ediləcək.
Diqqətə çatdırılıb ki, Mənzil İnşaatı Dövlət Agentliyinin regionda inşa olunmuş ilk layihəsi də Sumqayıt şəhərindədir. Vətəndaşlara güzəştli şərtlərlə təklif edilən bütün mənzillər tam təmirli olacaq. Mənzillər, həmçinin mətbəx mebeli, kombi isitmə sistemi, su, qaz və elektriklə təmin ediləcək. Mənzillərin satışı həm güzəştli ipoteka kreditindən istifadə etməklə, həm də öz vəsaiti hesabına ödəniş üsulu ilə aparılacaq.
Dövlətimizin başçısı yeni yaşayış kompleksinin təməlini qoyub.
Qeyd edək ki, hazırda dünyada baş verən iqtisadi böhran fonunda ölkəmizdə bu layihənin icrası Prezident İlham Əliyevin vətəndaşlarımızın sosial məsələlərinin həllinə nə dərəcədə diqqət, qayğı və həssaslıqla yanaşmasının növbəti təzahürüdür. Bu, bir daha sübut edir ki, Azərbaycan vətəndaşının sosial məsələlərinin həlli, onların mənzil-məişət şəraitinin yaxşılaşdırılması dövlətin həyata keçirdiyi siyasətin mərkəzində dayanır. Ekoloji və enerji səmərəliliyi tələblərinə cavab verən müasir memarlıq üslubunda çoxmənzilli yaşayış binalarının tikintisini təmin etmək baxımından bu layihə əhəmiyyəti ilə seçilir.