Şuşa növbədənkənar prezident seçkilərinə hazırdır
Şuşa fevralın 7-nə təyin edilmiş növbədənkənar Azərbaycan Respublikası Prezidenti seçkilərinə hazırdır. Şuşa şəhər 1 nömrəli tam orta məktəbin binasındakı 105 saylı seçki məntəqəsində 1189 nəfər seçici qeydə alınıb ki, onlardan bir nəfəri ilk dəfə səsvermə hüququndan istifadə edəcək gəncdir.
Bunu Polise.az-ın müxbirinə açıqlamasında 124 saylı Şuşa-Ağdam-Xocalı-Xocavənd seçki dairəsi dairə seçki komissiyasının işğaldan azad edilən Şuşa şəhərində yeni yaradılan 105 saylı seçki məntəqəsinin üzvü Elmar Cəfərli deyib.
O bildirib ki, seçki məntəqəsi zəruri texniki vasitə və metodiki vəsaitlər ilə təmin olunub, orada seçici siyahıları və məlumat lövhələri asılıb. Seçicilərin öz mövqelərini sərbəst şəkildə bildirmələri üçün kabinələr yaradılıb. Seçki məntəqələrində katib və üzvlər, habelə seçkini izləyəcək müşahidəçilər üçün yerlər müəyyənləşdirilib. Seçicilərə səsvermənin keçirilmə tarixi, vaxtı və yeri barədə bildirişlərin paylanması işi də başa çatıb.
Polise.az