Şuşa uğrunda döyüşən ELFlərimiz…

Şuşa ətrafında iki gündür döyüşlərin getməsi ilə bağlı möhtəşəm xəbərlər oxuyuruq.

Qarabağın simvolu, qəlblərimizin paytaxtı uğrunda kimlər savaşır, kimlər öz qanını tökür, bilirsinizmi?

Onların fotolarına baxırsınızmı?

Necə də yaraşıqlıdırlar. Elə bil aktyordurlar, film qəhrəmanıdırlar, ulduzdurlar.

Necə say-seçmə oğlanlardırlar…

Sanki Tanrı Onları bu missiya üçün xüsusi seçib; Sanki ən yaraşıqlı, ən igid, ən uca boylu Oğullarımız ordadır! Sanki Tanrı Qarabağ üçün Azərbaycanın “Elf Ordusunu” ora göndərib…

Bu Oğullar necə Vətən sevdalısıymışlar, Qarabağ havalısıymışlar, ya Rəbb! Bir insan, bir gənc nəyi öz canından bu qədər artıq sevə bilərmiş?! Nə şirinmiş, nə dəyərliymiş, nə sevimliymiş Vətən!

“Nə şirinmiş yarın canı”…

O igidlər, o yaraşıqlı qəhrəmanlar Qarabağı əbədi Vətən etmək üçün, bir daha ona həsrət qalmamağımız üçün, bir daha bu millətin torpağı işğal olunmasın deyə o torpağı, o daşı… qanlarıyla suvarırlar…

Nə qazandı ermənilər?

30 il öncə bu aqibəti, bu sonluğu niyə görmürdülər? Dağlarda kimə “toy” edirdilər? Niyə edirdilər? Ölümlər, əsirliklər, girovluqlar, işgəncələr nə verdi onlara, nə qazandırdı?

Kainatı nə qədər çirkləndirdilər, neqativlə, mənfi enerjiylə nə qədər yüklədilər. Fərqindədirlər?!

Xocalını öldürmək haqqını kim vermişdi? Şuşaya “dağlarda toy” tutmaq dəhşəti hansı beynin məhsuluydu?

Qadınları, uşaqları qanına qəltan eləmək, divara mismarlamaq… Təcavüz etmək… Hansı ürəyiydi, hansı təfəkkürüydü?!.

Biz bu 30 illdə dəfələrlə öldük-dirildik, dəfələrlə öldük, məzara qoyulmadıq, yenə dirildik…

Bu nə ömürüydü biz yaşayırdıq, biz yaşadıqlarımız ömür idimi?!

Qarabağ münaqişəsi başlayanda uşaq idik. Böyüdük, yaşa dolduq, yaşlandıq. Düz 30 ilimizi aldı Qarabağ ağrısı…

Bəs bunun kompensasiyasını kim ödəyəcək? Kim qaytaracaq o 30 ilin əvəzini bizə? Varmı o ağrıların, o yaraların əvəzi?..

Nə qədər çirklidirlər, nə qədər yüklüdürlər, nə qədər bədbəxtdirlər…

Həyatımızın son 40 günündə baş verənlər… təsadüfdürmü?

Bunun adı Vətən müharibəsidir, yoxsa İlahi Ədalət?..

Nə əkirsənsə, onu biçirsən – Karma qanunudur bu. Kainata hansı enerjini göndərirsənsə, o qayıdır üstünə. Hər şey bumeranqdır. Nahaq qan tökürsənsə, gec-tez üst-başına, üzünə-gözünə bulaşır…

Hələ könül qırırsansa, ruh sındırırsansa… öz başını kəsirsən elə bil…

Cəbhədən gələn xəbərlərə diqqət edin. Az qala hər gün eşidirik: Xocalı soyqırımında xüsusi xidmətləri olan filan erməni zabiti, filan general, filan polkovnik məhv edildi! Şuşanın işğalında xüsusi “igidliyi” ilə seçilən filan zabitlər öldürüldü! Kəlbəcərin, Laçının zəbt olunmasıyla məşhurlaşan filan “milli qəhrəman”lar cəhənnəmə vasil edildi…

Bunlar… təsadüfdürmü?! Təsadüf deyə bir şey varmı həyatda? 30 il öncə Xocalının, Şuşanın, Ağdamın qətlində iştirak edənlər, məhz o qansızlar 30 il sonra niyə gəbərir Azərbaycan torpaqlarında?..

Çünki Ədalət zəfər çalır. Çünki zalımlığı, zalımları sevmir Tanrı. Tanrı məsumların Tanrısıdır.

Dünyanın nizamıdır bu, mizanıdır. Yazılmayan qanunudur…

Və bir də… Sarsılmaz gücümüzün mistikası… Sirr burdadır: heç bir qələbə, heç bir zəfər elə-belə qazanılmır. Müzəffər Ordumuz var bizim, müzəffər Sərkərdəmiz var…

Türk dəyərlərində, türk inancında Sərkərdə çox mühümdür, müqəddəsdir. Sərkərdəsi olmayanda türklər döyüşə getməyib, çünki zəfər qazanacağına inanmayıb. Tarixən belə olub: türk toplumlarının Qələbələrinin Müəllifi olub! Türklərin döyüşünün, savaşının vaxtını-vədəsini Sərkərdələr müəyyənləşdirib. Türk orduları başının üzərində sərkərdəsi, komandanı olanda möhürünü vurub zəfərlərə. Şanlı tarixləri, şərəfli salnamələri Sərkərdələrimiz yazıb…

İndi Azərbaycanda məhz o mərhələdir: təxminən 250 illik fasilədən sonra Böyük Qələbəyə doğru addım-addım irəliləyirik Ali Baş Komandanımızın sayəsində. Nadir şahdan sonra tariximizdə, taleyimizdə bir ilk yaşanır. Torpaq vermirik, bizdən alınanı geri qaytarırıq!!!

Torpaq itkiləriylə yaralanmış tariximiz aydınlanır, işıqlanır…

Təbii, bir ömürlük borcumuz var Qalib Ordumuza, Ali Baş Komandanımıza, Görünməyən Ordumuza!!!

Görünən, bilinən ordular var, görünməyən Ordular var…

Görünməyən Ordu – bizim Şəhidlərimizdir – ciyərparalarımız, xınalı quzularımız!

Biz onlarla birlikdə güclüyük, yenilməzik, müzəffərik. Onlar gücümüzə güc qatırlar.

Onlar bu məmləkətin ən Diri, ən Gözəl sakinləridir…

Müqəddəs Şuşanın əbədi sakinləridir Onlar. Əbədi sakinləri olaraq qalacaqlar…

Şuşanı salamlamaq nə gözəldir…

Mənbə
axar.az
Hamısını Göstər

Related Articles

Sizin Üçün Seçilmiş
Close
Back to top button