Şvartseneggerin nasist atası – O, Almaniya ordusunun mühüm əməliyyatlarında iştirak edib

Avropada bir çox məşhur diplomatların atalarının nasist Almaniyasında müxtəlif vəzifələr tutması, müharibədə iştirak etmələri gizli deyil. Bu sıraya okeanın o tayında məşhur aktyor Arnold Şvartseneggerin atası Qustav Şvartsenegger də qoşulub. Kaliforniyanın keçmiş qubernatoru hər zaman mühafizəkar ailə dəyərlərini təbliğ edib. Yeni məlumatlara əsasən Qustav Şvartsenegger nasistlərin partiyasına könüllü qoşulub, ən şiddətli döyüşlərin getdiyi ərazilərdə xidmət edib.
Aktyorun özü 1947-ci ildə Avstriyanın Qraz şəhərində dindar katoliklərin ailəsində dünyaya göz açıb. Atası Qustav isə polis əməkdaşı olsa da, keçmişi haqqında susmağa üstünlük verib. Hətta Arnoldun özü də az şey bilib və yalnız 1990-cı illərdə həqiqət üçün Simon Viesenthal mərkəzinin tarixçilərinə müraciət edib. Həqiqət Avstriya qanunlarına əsasən 30 illik məxfilik müddəti başa çatdıqda ortaya çıxıb.
![]()
Məlum olub ki, 1 mart 1938-ci ildə Anşlusdan bir neçə gün əvvəl Qustav Şvartsenegger könüllü olaraq Nasional Sosialist Alman Fəhlə Partiyasına qoşulmaq üçün ərizə yazıb. 1939-cu ilin may ayında partiyanın hərbiləşdirilmiş qanadı olan Fırtına Qoşunlarına (FQ) qoşulub. Tarixçilər qeyd ediblər ki, FQ-ya qəbul edilənlər hərbi xidmətə çağırışla deyil, yalnız məhkumluqla “işə” götürülüblər.
1939-cu ilin noyabrında Qustav Feldgendarmeriyaya qoşularaq Vehrmaxta çağırılıb. Onun bölməsi Şərq Cəbhəsində vuruşan 4-cü Panzer qrupunun (sonradan ordu) bir hissəsi olub. Həmin hissə “Barbarossa” əməliyyatı, Moskva döyüşü, Leninqradın, Stalinqradın mühasirəsi və Kursk döyüşündə iştirak edib.
Holokost tarixçisi Maykl Berenbaumun fikrincə, Qustav Şvartsenegger müharibənin ən çətin mərhələlərində döyüşlərin qızğın yerində olub. Bunu birbaşa arxiv sənədlərindən müəyyən etmək mümkün olmasa da, onun tibbi yardım, o cümlədən 1942-ci ilin avqustunda aldığı yara ilə bağlı dəfələrlə etdiyi müraciətləri döyüşlərdə iştirakını dolayısı ilə göstərib.
![]()
Üstəlik, ata Şvartsenegger 1941-1942-ci illərin qışında Sovet-Alman cəbhəsində baş vermiş döyüşlərin iştirakçılarına verilən “Şərq medalı”nı alıb. Şücaətinə görə ona verilən I və II dərəcəli “Dəmir Xaç” bir daha da sübut edib ki, o, döyüşlərdə sadə bir müşahidəçi olmayıb. Belə ki, çoxlu sayda polis əməkdaşları cəbhəyə, həmişə döyüş bölgələrinə, yerli əhaliyə qarşı repressiyalar aparmaq üçün göndərilib. Özü də onların üzvləri “gözətçi iti” adlandırılıb.
Lakin Qustav Şvartseneggerin xidməti qısamüddətli olub. Yaralandıqdan sonra Lodzdakı xəstəxanaya yerləşdirilib və malyariyaya yoluxub. Xəstəliyin tez-tez baş verməsi səbəbindən o, həqiqi xidmətə yararsız hesab edilib və 1944-cü ilin fevralında Qrasa qayıdaraq poçt inspektoru vəzifəsinə təyin edilib.
![]()
Müharibədən sonra, 1947-ci ildə Nasist keçmişindən qurtuluş deyilən proses çərçivəsində Qustava qarşı iş açılıb. Onun insanlığa qarşı cinayətlərdə əli olduğuna dair heç bir dəlil tapılmayıb və o, ölənə qədər polisdə işləyib. Arnold Şvartsenegger daha sonra xatirələrində bildirib ki, atası heç vaxt ailəsi ilə keçmişini müzakirə etməyib və nasist fikirlərini təbliğ etməyib. Lakin 2021-ci ildə o, Qustavın tez-tez içki içdiyini və ailə üzvlərini döydüyünü etiraf edib. O hesab edib ki, bu, nasistlərin və onların işbirlikçilərinin müharibə zamanı etdiklərinə görə günahkarlıq və utanc hissindən qaynaqlanıb.
![]()
“Atam həftədə bir-iki dəfə evə sərxoş gəlirdi. O, qışqırıb bizi anam ilə birgə döyürdü. Amma buna görə bütün məsuliyyəti şəxsən onun üzərinə qoymuram, çünki qonşumuz da ailəsi ilə eyni şeyi edirdi”, – deyə Arnold Şvartsenegger müsahibələrinin birində vurğulayıb.
İllərdir Arnold Şvartsenegger atasının keçmişinə haqq qazandırmalı olub. Bundan əlavə, tənqidçilər tez-tez onun Avstriyanın keçmiş prezidenti və BMT-nin keçmiş baş katibi Kurt Valdheim ilə dostluğuna işarə ediblər, o, son nəticədə müharibə zamanı nasist hərbi cinayətlərində iştirakını ört-basdır etməkdə günahlandırıb.
İlkin Nəcəf, xüsusi olaraq Musavat.com üçün



