Şəmsəddin Əliyev – Mənim həyat hekayətlərim (III hissə)
….. zala ani bir sükut çökdü. İsi dayı da kövrəlmişdi, həm də sualın cavabını bəlkə də belə gözləmədiyindən; “Siz Allah məni bağışlayın Söhrab müəllim. Əhvalınızı, bəlkə də, yaranızı təzələdim, əfv edin”. “Əsla yox. Bu yaram mənimlə qəbr evinə qədər gedəcək. Heç narahat olmayın, ağsaqqal!
Xalq şairi Rəsul Rzanın belə bir poetik zərb məsəli var: “Həyat belədir. İstəyirsən gül, istəyirsən ağla. Ancaq insan olduğunu yadında saxla”… Ona görə narahat olmağa dəyməz, həyat belədir. Nə edə bilərik?
Sonra Məmməd Rahim qısa çıxışından sonra gözəl bir şerini söylədi və alqışladılar. Zalda ön sırada əyləşən qızlardan biri nəğməkar şairə çiçək dəstəsi təqdim etdi. Şair üzünü zala və Nəriman müəllimə tutaraq: Nəriman müəllim baxın, bir dəstə çiçəyi, çiçək kimi gözəlin əlindən aldım…
Sonda Nəriman müəllim bir neçə şerini söylədi… Biri tələbə ovqatımı oxşadığından hələ də yadımdadır:
Axşamlar yenə çıxıb duracaqsan yolda tək.
Səni kim gözləyəcək, səni kim ötürəcək?
Yadına düşəcəyəm…
Mən səni hər görəndə, dağ çiçəyi deyərdim.
Çiçək görsən harda sən,
Yadına düşəcəyəm…
MƏNİM DÖVRÜM
“ Ev almaq olar, ocaq yox. Yataq dəsti almaq olar, yuxunu yox. Saat alıb qola bağlamaq olar, vaxtı isə nə almaq, nə də bağlayıb saxlamaq olmur. Kitab almaq asan, biliyi isə o kitabları oxumaqla əldə etmək olar. Həkimdən də sağlamlığı almaq olmaz!…”
Ölümdən yox, mənasız keçən boş həyatdan və mənasız keçən günlərdən qorxmaq lazımmış. Nə qədər yaşamaq istəsək də, həyat yenə qısadır-deyə heyfslənirik. Həyatın heç bir mənası da yoxmuş. Olsaydı, sonu olmazdı ki,..
Hardasa oxumuşdum, həyatla dialoqda olmaq istəsən, onun “suallarının” mahiyyətinə o qədər də varma, daha çox verdiyin cavablar önəmlidir. Çalış həyatda səhv də etmə. Buraxılan səhvlərin gizlədilməsi mümkün deyil. Səhvlər həmişə aşkar olur. Sonrakı peşmançılıq isə nə vaxt fayda verib ki?
Bəzən maraq dairəm məni incidir, hətta boş vaxtlarımda bəzi şeylərə olan marağım məndən əl çəkmir. Bu gün də belədir…
Kənddə yaşadığım dövrlərdə günün qızmar çağlarında taxıl biçiminə daha çox qadınların cəlb olunması, anaların südəmər körpələrini belinə bağlayıb biçdikləri taxılı dərzləməsi məni çox narahat edərdi. Briqadir isə adətən kişilərdən olardı. Kişi briqadirlər uşaqlarını yedizdirmək istəyən analara qısa vaxt verərdi. Bu zaman ana baş örpəyini çətir kimi üstünə çəkib körpələri elə zəmidə əmizdirərdilər. Çay kollarına qulluq, yaşıl çayın yığılması, payız və yaz vaxtlarında yerin əl ilə şumlanması da, qadınların işi idi. Evdəki kişilərin bir qismi müharibədən əlil qayıdanlardı, digər qismi isə meşə təssərrüfatında, çəltikçiliklə, maldarlıqla, kolxozda tikinti ilə məşğul olardılar. Bir sözlə, həmin dövrlərdə primitiv üsulla taxılın əkilib becərilməsi heç kimin narahatlığını və etirazını doğurmazdı. Sanki hamının ehtiyacı təmin olunur, ayrıseçkiliyə imkan verilməzdi.
Həmin illərin qanunvericiliyində bərabərlik hüququnun və ya gender bərabərliyinin diqqət çəkdiyinin heç vaxt şahidi olmamışam. Məişət zorakılığı indiki kimi günün mövzusuna çevrilməmişdi…
Atam ikinci dünya müharibəsinin ikinci qrup əlil kimi, kəndimizdə və bizə yaxın rayon və kəndlərdə dülgərlik-xarratlıqla məşğul olur, 6 qardaş, üç bacıdan ibarət ailəni çətinliklə də olsa dolandırardı. O, bu vəzifəni özünə şərəf sayardı. Anam isə kənd fermasında sağıcı və o zaman gördüyüm kiçik bağçada aşpaz işləyərdi.
Mən artıq orta təhsilimi kənddən uzaq, rayon mərkəzində davam etdirirdim. Atam və anam da artıq əmək fəaliyyətini dayandırmışdılar. Anam evdar qadın kimi kiçik həyətimizdə “kasıblığı” ilə məşğul olar, atam da sənətindən-rəndələdiyi və mişarladığı şam, palıd ağaclarından hazırladığı qapı-pancərədən zövq alardı. Bəzən mən saatlarla yanında durub əl işlərinə tamaşa edərdim. Rəndənin əllərinə necə tabe olduğunun şahidi olardım. Atam istədiyini bu alətlərin köməyi ilə əldə edə bilərdi. Bu zaman qəribə fikirlər yaddaşımı zəbt edər, əlavə düşünməyə vadar edərdi. “Niyə ustanın iradəsinə tabe olan bu ağaclar və alətlər kimi insanları “rəndələmək” və onları düzgün yola hidayət etmək olmur? – sualının cavabı da mənim üçün əlçatmaz idi. Düşünərdim ki, insan oxumaq üçün nə qədər çətin yol qət etsə də, o qədər də sərvət və şöhrət sahibi olar. Mənim kənddən uzaq, payi-piyada rayon mərkəzindəki orta məktəbdə təhsil almağım, atamın dülgər alətləri ilə yoxsulluğa qarşı döyüşməsinə bənzəyirdi. “Təki uşaqlar oxusun”-deyərdi. Prinsipcə beləydi. İndi həmin günlərə boylanıb Aləmlərin Rəbbinə şükr edirəm ki, soyadlarını yaza bilməyən valideynlərimizin arzularına heç birimiz, hətta nəvələr də xor baxmadıq… 6 qardaşın hər birinin həyat tarixi əzab, əziyyət və göz yaşları ilə yazılıb. Ona görə, həyat hekayətlərimizi çətinliklə başlayıb, göz yaşları ilə də yola salmışıq. Bu mənada bütün dövrlərin tarixi, ictimai-iqtisadi formasiyaları də qanla yazıldığından dəyərlidir. Yağış yağmazsa torpaq vəcdə gəlməz ki!?
“Ədalətsiz qələmlə yazılan taleyim başımı elə qatdı ki, bu oyunbaz dünyanın havası ilə oynaya bilmədim. İncəsənətə xas qabiliyyətim olmadı. Hərdən oynamaq da, yersiz gülmək də lazımmış. Vəfası olmayan həyatın niyyəti-Qarşısındakını oynadıb aşağılamaqla istədiyinə nail olmaqdan ibarətmiş.
Həyatın fəlsəfəsi zaman-zaman müdrik insanları həmişə düşündürmüş, lakin adına uyğun mənasını hərə bir cür ifadə edib. Məncə, həyat yaşadığın və gördüyün kimidir. Dadı acı və şirin, rəngi-istədiyin və gördüyün rəngdə olur… Həyatda ucaldıqca bir-birimizdən qisas almağa başladıq, sərhədləri tapdaladıq. Bələklə-məzar arasında (doğumla- ölüm arasınada) beş addımlıq yolun olduğunu anlamadıq… Amma gileylənib halımı pozmadım. İnamımı və İmanımı qorumağa çalışdım. Qüsurlarımı üzümə deyənlərdən incimədim, onları özümə yaxın saydım. Üzümə gülüb, arxamca deyilənlər mənə çox baha başa gəldi. Bu azmış kimi, zaman da mənə ögey ana, ögey ata oldu… ”
Məni təəccübləndirən və bəlkə də, heyrətə gətirən digər məsələ-qələbə ilə başa çatan II Dünya Müharibəsindən sonra atamın Berlindən Azərbaycana, uzaq bir kəndə necə gəlməsi idi. Özünün danışdığı kimi: “Müharibə bitdikdən sonra hər birimizə bir parça kağız verib: “Artıq tərxis olundunuz. Öz imkanlarınızla ölkənizə qayıdın” – deyə komanda vermişdilər. Yük vaqonları ilə, dili də çətinliklə anlayan nabələdlər kimi dəmir yollarına üz tutduq. Hər birimizə bələdçilik edən sovet əsgərinin geyindiyi mundirində “beş güşəli” ulduzun olması idi. Baş geyimimiz olan papaq-pilotkalarımız həm bələdçimiz, həm də pasportumuz, tanıma və tanıtma nişanımız idi …
Berlini tərk edən zaman cəbhədən qalan dəri çantamda alman döyüşçülərindən qənimət kimi əldə etdiyimiz qızıl saatlardan başqa dəyərli heç nə yoxuydu. Kəndə çatana qədər həmin dəri çantamda o saatlardan bircə dənə də qalmamışdı. Yol boyu bir saatı bir “buxanka”-turşumuş dad verən qara çörəyə- “qalaca” dəyişməli olurduq. Bir çörəyi qənaətlə işlədib üç gün yeyərdik. Bu minvalla, saatları sata-sata kəndə çatdıq. Nə yaxşı ki, belə idi, yoxsa acından ölərdik. Və acından ölənlər də az olmurdu”.
Anam atamın kəndə qayıdışını belə təsvir etmişdi: “Atan həyətə – pələdi aşıb keçəndə kişini tanımadım. Arıq vücudu məni çaşdırmışdı. Belindəki enli kəmər qarnını az qala üzəcəkdi. Qarşımda hərbi geyimli arıq bir cavan dayanmışdı. Amma saqqalına dən düşsə də, baxışlarında sevinc varıydı. O da, məni az şahidi olduğum təbəssümlə süzərək… “Sağ salamatam, gəldim”. Sanki yuxudaydım:
– Mansur sənsən?
–Oxşamıram?
Sonra anam əllərini Rəbbin dərgahına qaldırıb: “Şükür sənə, ey Uca Allah! Uşaqlarıma rəhm edib, atalarını sağ-salamat ocağına çatdırdın”- dualar etmişdi. Beləcə, gözlərin yol gözlədiyi günlər başa çatmışdı…
XXX
Mən, rayonun 2 saylı orta məktəbində təhsilimi davam etdirərkən, atam rayonun giriş hissəsində inşa edilmiş dülgər emalatxanasında “dülgər” işləyirdi. Onunla birlikdə bir neçə nəfər də çalışardı. Bəzən dərsdən çıxıb yanına gələrdim. Mən, məktəbin “uzaldılmış qrup” üçün nəzərdə tutulan yataqxanasında 6 nəfər bir otaqda qalardıq. Məktəbdən kəndimizə qədər 10 km məsafə olduğundan yalnız 6 cı günlər, dərsdən sonra-həftədə bir dəfə evə payi–piyada yollanardıq. Ona görə də, atamın iş yerinə dərs yüküm az olan vaxtlarda gedib onunla söhbətləşər, bəzən də məni heyrətə gətirən vədlərilə həvəsləndirərdi. Yazıb-oxumağı bacarmasa da, dünyagörüşü 6 qardaşın hər birini oxumağa sövq edə bilmişdi. İbtidai məktəbdə təhsilin gedişatında yalnız valideynlər iclasında dərslərimizin vəziyyəti ilə maraqlanardı. Adımız pis oxuyanların sırasında hallansaydı, soyuq baxışları ilə bizi süzməsi kifayət edərdi.
“Heç nəyin yoxdursa düşün ki, həyat var. Həyat varsa deməli, hər şey var.”
Günlər yel kimi gəlib keçərdi. Xeyirli, şən günləri tutub saxlamaq və yaxud, davam etdirmək istəyi isə sadəlövhlükdən başqa bir şey deyilmiş. Atalı–analı günləri qoruyub saxlaya bilmədik. Əlimizdən çıxdı. Geriyə baxıb, hər şeyi xatirələrimin külliyyatında cəmləndiyini görəndə həm sevinirəm, həm də heyifsilənirəm…Aramıza “Ayrılıq-Ölüm Mələyinin” hardan və necə gəldiyini hiss etmədim. Yaman gəldi və xəbərimiz olmadan ocağımızın sakininə çevrildi. Uzun müddət bizdən apardıqca, apardı… İzn istəmədi, halallıq verilmədi” ….
Atam cəbhədən qayıdışını danışdıqca qəribə düşüncələrə qapılırdım: “Niyə müharibədən qalib çıxmış dövlət, döyüşçülərinə sahib çıxmırdı?” Axı, onlar döyüşü “udmuşdular”. Cavab tapa bilmirdim. Atam deyəndə ki, çiynimdəki çantada qənaətlə istifadə etdiyim çörək qıcqırsaydı belə, atmazdım. Çörəyin qıcqırmış iyi çiynimdəki dəri çantadan da hiss olunurdu, amma yenə bərəkətdir-deyə saxlayardım. Qarşıda bizi nələr gözləyirdi-demək və düşünmək də çətin idi. Bəzən də əlimdəki tikəni ağzıma gətirib bir dəfə dişləyib, qalan tikəni rastlaşa biləcəyim “dar günə” saxlayardım. Dəmir yolunun çox zaman “taxta şpalları” ilə addımlaya-addımlaya qoxumuş tullantıların iyi, zibillik basmış perronu ilə irəliləyərdim. Yük qatarının nə vaxt gələcəyi barədə məlumatı alandan sonra dincəlməyə çox vaxt olmazdı…”
Mənə qəribə gələn və həyacanla dinlədiyim Sovet qoşunlarının “Katyuşalarından” istifadəsi idi. Atamın söylədikləri hafizəmdə belə yer alıb: “Hər dəfə biz katyuşalardan istifadə etdikdə, onun vahiməli səsi düşmənə psixoloji zərbə idi. Almanlar, Rus Katyuşalarından çox qorxurdular… Müharibəni Stalinin siyasəti, xalqın ona inamı və Rusun katyuşası uddu… ” Atam belə deyərdi.
“İndi mənim üçün keçmiş bir xatirə, gələcək isə hələ yoxdur, xülyadır. Olmaya da bilər. Yaşadığım an, saat və gün var, mənimkidir…” – deyərdi, atam.
Zaman gəldi, mənə də sovet uğrunda yox, doğma vətənim uğrunda döyüşmək nəsib oldu. 1992-ci il may ayının 8-də erməni işğalçıları Şuşanı havadarlarının köməyi ilə işğal etmişdilər. Xalqın hər günü ağır və ağrılı keçirdi. Millətimizin ərk qalası və mənəvi paytaxtımız yadların əlinə keçmişdi. Şuşa haray çəkib, ağı deyirdi. Qulaqlar kar, gözlər kor olmuş, ürəklər də möhürlənmişdi. Haqq səsimizə səs verən olmurdu… Şair və həkim qardaşım Fəxrəddin Əliyev(Ziya) Şuşanın işğalından təsirlənib qəhərlənmiş, özünün lirik hikkəsinə və şair fəhminə uyğun həmişə yadda qalacaq bir şer də yazmışdı. Şair qardaşım zamanında xalq şairi Musa Yaqubun “…Xətainin qılıncını suvardım, Məmməd Araz karandaşı göyərdi…” qıyy çəkən misralarından təəsirlənərək: “…Yurdu talan olan şair, neynəyirdin karandaşı?…” gözəl bir şer ərsəyə gəlir, sanki unudulmaz xalq şairi M.Araza xitab edərək:
..Nə müddətdir Vaqif çəkir cəbri orda.
Tükənibdir qız gəlinin səbri orda
Ağı deyir Natəvanın qəbri orda
Hamımızın gözləri kör, qulağı kar, Məmməd Araz.
Xətainin qılıncını suvar, suvar, Məmməd Araz…
Dörd gündən sonra, may ayının 12-də mən, DİN-nin əmri ilə 50 nəfərdən ibarət polis əməkdaşlarına komandir təyin olundum və elə həmin gün də, Zabrat qəsəbəsinin vertolyot meydançasından, bizim üçün ayrılmış hərbi uçaqla 40 dəqiqədən sonra Qubadlı rayonunun dağ çayının sahilinə endik və dağ yolu ilə axşam saatlarında Laçına çatdıq. 50 nəfər iki “Paz 672” markalı avtobuslarda yerləşmişdik. Cəbhə bölgəsində avtomobil işığında yol getmək çox təhlükəli imiş. Bu barədə bizə hər hansı bir təlimat da verilməmişdi. Bir anın içində ermənilərin dağın o tayından atdığı, yırtıcı heyvan bağırtısına bənzər vahiməli, qulaqbatırıcı səslə dolu(qrad) yağmuruna tuş gəldik. Laçın rayonunun polis şöbəsi dağ ətəyində yerləşdiyindən qorunmaq üçün ora üz tutduq. Mərmilər bizi izləyirmiş kimi, şahmat oyununa bənzər gedişlə qarşımıza, sağımıza və solumuza tökülürdü. Laçın polisindən kimsə qışqırdı: “Uzanın!” Kim harda idisə oradaca “Uzanın” komandasını verdim… Atamın təsvir etdiyi “katyuşalar” yadıma düşdü”. “Ulaya-ulaya” gələn vahiməli mərmilər… “Bizim tuş gəldiyimiz və ilk gündə 5 nəfərin yaralandığı mərmi “qrad”-dolu adlanırmış. “Bu, elə o zəhrimar katyuşadır, nə fərqi var”- deyə, atam yadıma düşdü, dediklərini bir də xatırladım…
Atama Böyük Vətən müharibəsi, faşistlərə qarşı döyüş, mənə də, erməni faşistlərinə qarşı Vətən Savaşı nəsib oldu. Nəvələrimə və gələcək cavanların heç birinə arzulamadığım döyüş. Kaş bu savaşı biz başa vurardıq, bu boyda yükü cavanlara saxlamazdıq…
Şükr, 28 ildən sonra Azərbaycan Silahlı Qüvvələrinin Ali Baş Komandanının qətiyyəti, döyüşçülərimizin vətənə və Baş Komandana sədaqəti, xalqın birliyi, “Vətən- Ana” uğrunda gedən döyüş qələbə ilə başa çatdı… Adətən qalib tərəfin yaraları ağrımaz-deyiblər. 44 günlük Vətən Müharibəsində itkilərimiz də az olmadı. Bu gün də, sabah da xalq cəsur döyüşçülərini dərindən ah çəkib yad edəcək, ruhlarını yanında hiss edib Allahdan rəhmət diləyəcəklər. Şəhidlərimiz, Qazilərimiz və hərbiçilərimizin hər biri cəngavərlik, cəsarət və qəhrəmanlıq nümayiş etdirdilər. Onlar unudulmaz və heç vaxt yaddan çıxmayacaqlar!
Rəvayət edirlər ki, Makedoniyalı İskəndərin ətrafı döyüş öncəsi ona məsləhət verirlər ki, qələbə istəyirsə düşmən düşərgəsinə gecə vaxtı hücum etsin. Sərkərdənin cavabı qısa olur: “Mən qələbəni oğurlamaq istəmirəm!” Ağayana bir cavabdır. Sərkərdə özünə və ordusuna inanıb güvəndiyindən, düşmənlə mərdi-mərdanə döyüşüb qələbə əldə etmək istəyirmiş… Azərbaycan ordusu da erməni işğalçılarına qarşı demək olar ki, belə davrandı. Çox demişdik, əbləhlər isə az eşitmişdi… Bu da, sərt və dünyaya görk olacaq cavab atəşi!
30 il ayrılıq həsrətində ağı deyən, işğal altında tapdalanan ərazilərimiz Silahlı qüvvələrimizin əsil rəşadəti və cəsarəti sayəsində Azərbaycana qovuşub rahatlandı. Okean dalğaları ilə mübarizədən yorğun çıxıb limana qovuşan gəmilər kimi…
Bu Demokratik Azərbaycanın tarixində tarixi bir qələbə idi. Qədim Afina Sərkərdələrinin məharətinə xas ifadə etsəm, Ordumuzun zəfəri- Silahlı Qüvvələri Komandanlığının düşünülmüş hərbi taktika və strategiyasının, döyüş bacarığı və qabiliyyətinin ölümdən qorxmadan icraya yönəldə bilməsinin nəticəsiydi…
Azərbaycan ordusu və dövlətimizin diplomatiyası Ermənistanı PARTER vəziyyətində saxlamağa məcbur etdi.(klassik və sərbəst güləş zamanı hakim iki nəfərdən birini qaydanı pozduğuna görə parter vəziyyətində-dizləri bükülmüş, əlləri yerdə olmaq barədə qərarı) Düşmən tərəf hələ də o vəziyyətdədir. Azərbaycan zəfər paradını, düşmən tərəf isə matəm “paradını” hələ çox keçirəcək…
Təbii, birlik və intizam olan yerdə həmişə qələbə var! Hər iki faktor qələbənin anasıdır-deyərdim. Döyüşçülərimiz ölümdən qorxmadılar, qələbəni qanları bahasına qazandılar. Azad etdikləri torpaqlarımızda qanları ilə “Qarabağ Azərbaycanındır…” yazmağa ömür vəfa qıldı… Üzülürəm ki, ONLAR bu günü bizə bəxş etsələr də, bir yerdə ola bilmədik, zəfər gününü görmədilər… Tanrı 44 gün ərzində əzab və əziyyət, itkilər və ağır yaralarla qazanılan qəhrəmanlıqlarını Özü dəyərləndirsin! Məmurlarımız ŞƏHİD ailələrinin və qazilərimizin ehtiyaclarını şübhə yox ki, imkanları daxilində ödəyəcəklər. Biz, O, İgidlərin hesabına arxada yaşaya bildik və yaşayırıq! Bunu unutmaq cahillikdir!… Bütün bunlar Zəfər Paradını labüdləşdirdi.
Zəfər Paradında Azərbaycan Silahlı Qüvvələrinin 3000 nəfərdən çox şəxsi heyəti, 150-dən çox müasir texnika, raket və artilleriya qurğuları, Hərbi Hava Müdafiə sistemlərinin, həm də ordumuzun döyüş zamanı götürdükləri qənimətlər nümayiş etdirildi.
Zəfər Paradının keçirilməsində əsas məqsəd bizi sevməyən qüvvələrin hissiyyatına toxunmaq yox, xalqımızın keçmişi ilə müasirliyini, nəsillər arasında tarixi əlaqələri əbədiləşdirmək, qəhrəmanlarımızı-qaliblərimizi və müasir hərbi texnikanı, Azərbaycan xalqının, Türklərin döyüş qabiliyyətini nümayiş etdirmək olub… Başqa məqsədlər də var…
Tarixdə qələbə paradlarının keçirilməsi ilə bağlı vikipedik məlumatlar əsasında belə qənaətə gəlmək olar ki, ilk hərbi parad Moskvanın “QIZIL MEYDAN”ında, Böyük Oktyabr Sosialist İnqlabının 24-cü ildönümü münasibətilə 7 noyabr 1941 –ci il səhər saat 8:00-da başlanmışdı. İkinci Dünya Müharibəsi hələ davam edirdi. Qələbə paradına 1 saat, 1 dəqiqə 20 saniyə vaxt sərf edilmişdi. Beləliklə, ordunun keçidi üçün 5 dəq, çıxış üçün 5 dəq, atəşfəşanlığa 1dəq. 20 saniyə, piyadalar üçün 30 dəq, süvarilərə 3 dəq, qoşqudakı artilleriyanın nümayişi üçün 5 dəq, tanklara 10 dəq və s… vaxt ayrılmışdı. Stalinin mühafizə rəisi Vlasik Nikolay həmin vəziyyəti belə xatırlayır: “Əvvəlcə parad yalnız Moskva meydanlarında radio vasitəsilə translyasiya olunmalı idi. Lakin, Ali Komandanın tapşırığı əsasında parad bütün dünyaya yayıldı…”
Xatırlatmaq yerinə düşərdi ki, paradda 20 batalyondan ibarət 5520 nəfər könüllülər də iştirak(40 min nəfərin iştirakı planlaşdırılmışdı) edib. Tədbirlər planı “Moskva hərbi qarnizonunun əməliyyatı”adı altında təmamilə məxfi hazırlanmışdı. Paradın çəkilişi barədə hər hansı bir tapşırıq hələ verilməmişdi…
“…1941 –ci ilin 7 noyabr günü şaxtalı bir hava idi. Kinostudiyanın həyətində çoxlu insanlar toplanmışdı. Paradın olması barədə hər hansı bir məlumat daxil olmamış, meydana daxil olmaq üçün də,heç kimə buraxılış vəsiqəsi verilməmişdi. Veriləcəkmi?-bilinmirdi. Birdən kimsə həyacanla: “Ordu Qızıl meydana yaxınlaşır, parad olacaq!”…Hamımız Qızıl meydana sarı üz tuturuq…”(Çəkilişə hazır olan Teodor Bunimoviçin xatirələrindən.)
Oktyabr Sosialist İnqlabının 24-cü ildönümünə həsr olunan hərbi paradın keçirilməsi təsadüfi deyildi. Hitler Almaniyasının həyata keçirdiyi “Tayfun”əməliyyatının məqsədi Moskvanı tutmaq və 7 noyabrda-hərbi paradın keçiriləcəyi gündə nasist ordusunun paradını məhz Qızıl meydanda keçirməkdən ibarət olub… Stalinə bu barədə kəşfiyyat məlumatı daxil olmuşdu. Lakin, “Tayfun”adı ilə tanınan hərbi plan reallaşmadı! “Stalin planı” Hitleri bloklaya bildi…
Tarixi xatirələrə görə noyabr ayının 4-5-ində, Almaniya nasist ordusu Moskvanı bir neçə km. məsafədən intensiv bombalayırdı. Böyük bir İttifaqın paytaxtı Kreml üçün təhlükəli və fövqaladə bir vəziyyət yaranmışdı. Paytaxt sakinləri panikada idi. Stalini Kremli mütləq tərk etməyə inandırmışdılar. Kremlin müvəqqəti olaraq Kuybışev şəhərinə köçürülməsinə qərar da verilmişdi. Müəssisələrin Kuybışev şəhərinə kütləvi “evakuasiyası” davam edirdi. Kremlin ətrafında fuqaslı-yüksək zirehdələn mərmilər partlayırdı.
Q. Jukovun əmri ilə Sovet aviasiyası Alman hava limanlarını 5 noyabrda bombardman etsələr də, 6 noyabrda 250 alman təyyarələri paytaxtı atəşə tutdular. Amma cəsur Sovet Zenitçilərinin və HHQ-nin pilotlarının sayıqlığı nəticəsində almanlar məqsədlərinə çata bilmədilər. Nasistlərin 34 lyutvaff maşınları mahir qırıcılar tərəfindən vurulduqdan sonra qısa sabitlik yarandı… Lakin, paytaxtdakı hərbi durum arzuolunan deyildi. Bütün bunlara baxmayaraq Moskva HHQ-i hərbi paradın keçirildiyi vaxt ərzində təhlükəsizliyin təmin olunmasına zəmanət verdilər.
…Stalin onun üçün hazırlanmış təhlükəsizlik bunkerinə-Kuybışev şəhərinə getməyə hazırlaşırdı. 6 noyabrda Vaqzala gəlir, birlikdə getməli olan heyəti nəzərdən keçirdikdən sonra birdən fikrini dəyişib geri-Kremlə qayıdır, Oktyabr inqilabının 24-cü ildönümü münasibətilə təntənəli yığıncağın keçirilməsini bəyan edir. “7 noyabrda Qızıl meydana gedirik”, həyəcanlı ifadələrindən hamı çaşbaş qalır. Nə baş verdiyini anlamırlar. “Mən Kremldə, SSRİ Xalq Komissarları Sovetinin şöbə müdiri ola-ola, heç nədən xəbərim yox idi…” Mixail Smirtyukovun xatirələrindən.
Sovet Silahlı Qüvvələri Ali Baş Komandılığının Qızıl meydanda paradın keçirilməsinə israr etməsi düşüncələrdə: “Belə bir ağır,Kremlin divarları önündə gərgin döyüşlərin getdiyi vaxtda, Oktyabr İnqilabının ildönümü təntənəli şəkildə qeyd olunursa, deməli təhlükə sovuşub”-fikrini təsdiqləyirdi… Yaranmış təhlükəli hərbi vəziyyətə baxmayaraq parad 1 saat, 1 dəqiqə 20 saniyə davam etdi… Hərbi qulluqçuların və əhalinin mənəvi ruhu gözlənilməz dərəcədə yüksəldi. Oktyabr paradı gözlənilməz olsa da, ön və arxa cəbhədə- “Moskva Hitler Almaniyasının təpədən-dırnağa silahlanmış ordusunun hücumuna duruş gətirə bilər”ehtimalını gerçəkləşdirdi…
İkinci parad isə 9 may 1945-ci ildə yenə Moskvanın “QIZIL MEYDAN”ında Hitler Almaniyasının SSRİ, Böyük Britaniya və ABŞ koalisiya ordusu tərəfindən darmadağın edilməsinə həsr olunan və bütün sülhpərvər qüvvələrinin dünyaya nümayiş etdirdiyi qələbə paradı idi… Hər il Qızıl Meydanda (digər qəhrəman şəhərlərdə) 9 may Qələbə Bayramı münasibətilə hərbi parad təkrar olunur…
Prinsip etibarı ilə Bakı, Ermənistanın ermənizm-nasist ordusu üzərindəki qələbənin təntənəli şəkildə qeyd edilməsini vacib saydı. Azərbaycan ordusu vətən müharibəsini zəfərlə başa vurmuşdu. Bu əzəmət və şücaətin dünyaya nümayiş etdirilməsinə zərurət yaranmışdı. Zəfər paradı həm ordumuzun, həm də vətəndaşların mənəvi və vətənpərvərlik ruhunun yüksək olduğunun əyani sübutu idi. Dünya, Azərbaycan ordusunun hərbi taktika və strateqik manevrlərini, modern hərbi arsenalını və təchizatını, döyüşçülərimizin cəsarət və şücaətlərini, qəhrəmanlıqlarla zəngin döyüş bacarıqlarını, vətən uğrunda canını fəda etməyə hazır olduqlarını, XXI əsrin döyüşçülərini və döyüş modellərini canlı gördü. Müasir Beynəlxalq aləm düşmənin hələ də, nasist xislətə köklənməsinin, Azərbaycan döyüşçülərinin əzəməti qarşısında tab gətirməyib çoxlu sayda və milyonlarla dollarlıq hərbi arsenalının (hətta dövlət və hərbi hissənin bayraqlarını atıb qaçmasının) qənimət kimi götürülməsinin şahidi oldular. Ona görə, kimin necə düşünməsindən və nə deməsindən asılı olmayaraq Azərbaycan Silahlı Qüvvələrinin Ali Baş Komandanı cənab İlham Əliyev tarixdə olmuş hərbi paradlara uyğun ZƏFƏR Paradının keçirilməsini zəruri saymışdı… Xalq və hər zaman yanımızda olan Türkiyə, Pakistan, dövlətimizə siyasi simpatiyası olan İsrail və Əfqanıstan dövlətləri də bu addımı alqışla, haqqımızdır-deyə qəbul etdilər…
10 dekabr-Zəfər paradı günü tarixdə qardaş Türkiyə ilə Azərbaycan Xalqının milli vahidliyinin simvolu kimi də yad ediləcək. Hər birimiz Vətən müharibəsində ordumuzun qəhrəmanlıq və igidlik səhnəsi ilə yanaşı, ağır sınaqların, faciələrlə davam edən itkilərin də şahidi olduq. Bütün bunlar qələbəyə inamı və ümidi, daha çox vətən uğrunda gözlərini qırpmadan və ölümdən qorxmadan düşmən üstünə hayqıraraq getməyi təsdiqləyən, hamının görə bildiyi və artıq hamıya bəlli tarixi faktlar idi.
44 günlük Vətən Müharibəsində qardaş Türkiyə Cumhuriyyətinin mənəvi və diplomatik dəstəyi cəsur döyüşlərimizə İlahi güc bəxş etdi. Türkiyənin və Pakistan İslam Respublikasının hər an yanımızda olması döyüş meydanında şəhid olan övladlarımızın ruhuna, qazilərin yaralarına və qəlblərdəki ağrılara məlhəm qoydu.
…İllər ötəcək. İmkanımız olanda “bəxtəvərlər” kimi gül qoxusu gələn şəhid məzarlarını, nakam qəbir sahiblərini ziyarət etməyə tələsərik. Amma ora çatanda hər dəfə gördüyümüz mənzərə bizi sıxacaq, qəlbimizdə başqa duyğular baş qaldıracaq. Pünhan sirlərindən agah olmaq istərik. Bəzən də, qəbiristan əhlinin cənnətdəki qeyri-adi güllərin qoxusundan “məst” olduqlarını, cənnət çiçəklərinə su səpdiklərini düşünüb toxtaqlıq taparıq… Sonra gözləmədiyimiz fikirlər bizi çənginə alacaq… Erməni vəhşilərinin amansızlığına qalib gələn oğullarımızın ayrılığından doğan “əzab və işkəncələrinə” qalib gələ bilməməyimiz, keçirilən hüzn günləri, itirilmiş məhəbbət və o dünyada nakam həyat yaşayanlarla bağlı xatirələr, onların yoxluğu, bir də onlara qarşı biganəlik (Allah göstərməsin) halları bizi üzəcək… Üzünə və gözünə öyrəşdiyimiz adamlardan ayrılmağa tabımız və taqətimiz qalmayacaq. Bu əzaba dözmək əzabı da bizi daima müşayət edəcək… Dərdlərimizin ayaqları və caynaqları da varmış. İzimizə düşüb bizi tapacaq …
Hər bahardan sonra “Qızıl Payız” gələrmiş, hər “Şəhidlik Taxtı”nı arzulayanları sonda taxtanın üstünə qoyarlarmış…